Doqquz ayda qeydə alınmış cinayətlərin 89,8 faizinin üstü açılıb VİDEO
Bakı, 17 oktyabr, AZƏRTAC
Oktyabrın 17-də Daxili İşlər Nazirliyində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində görülən işlərə və cari ilin 9 ayının yekunlarına həsr olunan kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumat görə, iclası açan nazir general-polkovnik Vilayət Eyvazov müzakirəyə çıxarılan məsələlərin insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının müdafiəsi kimi mühüm sahələri əhatə etdiyini, habelə COP29 tədbiri ilə əlaqədar qarşıya qoyulmuş vəzifələrin xüsusi plan əsasında ardıcıllıqla yerinə yetirildiyini, beynəlxalq əhəmiyyətli həmin tədbirə hazırlıq işlərinin davam etdiyini bildirib.
Bu ilin 9 ayının yekunlarını diqqətə çatdıran V.Eyvazov qeyd edib ki, Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 24586 cinayətin 89,8 faizinin üstü açılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlər, qəsdən adam öldürmələr və ona cəhdlər, qəsdən sağlamlığa ağır zərər vurmalar, oğurluqlar, soyğunçuluqlar, informasiya texnologiyalarından istifadə edilməklə və qrup halında törədilən, eləcə də yetkinlik yaşına çatmayanların və əvvəllər məhkum olunmuşların hüquqazidd əməlləri, ailə münaqişəsi zəminində baş verənlərin sayı bütövlükdə 2192 fakt azalıb.
Barəsində axtarış elan edilmiş 6703 nəfərdən 84 faizi tutulub, habelə ağır və xüsusilə ağır cinayətlər törətməkdə şübhəli bilinən 390 nəfərdən ibarət 158 cinayətkar qrup zərərsizləşdirilib. Qanunsuz dövriyyədən 4 ton 81 kiloqram narkotik vasitə çıxarılıb və bu əməllərə görə 5735 nəfər saxlanılıb. Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı görülən işlər və profilaktik tədbirlərin effektivliyi də öz müsbət nəticələrini göstərib və müvafiq hadisələrin sayı 173 fakt, qəzalarda həlak olanların sayı 107 nəfər, xəsarət alanların sayı 120 nəfər azalıb.
Gündəlikdəki məsələlər üzrə nazirliyin aidiyyəti baş idarələrinin rəisləri məruzə edərək, narkotiklərlə mübarizə, gənclərin Polis Akademiyasında təhsilə təşviqi, kadrların hazırlığı, ixtisasının artırılması və peşəkarlıqlarının yüksəldilməsi, COP29 tədbiri ilə əlaqədar hazırlıq işlərinin gedişi və digər istiqamətlərdə görülmüş işlərdən, qarşıya qoyulmuş tapşırıqların icra vəziyyətindən, əldə edilən nəticələrdən danışıblar.
Sonda nazir V.Eyvazov iclasa yekun vurub. Prezident İlham Əliyevin daxili işlər orqanlarına diqqət və qayğısından söz açan nazir, cari ilin 9 ayında ictimai asayişin və təhlükəsizliyin təmini ilə bağlı qanunla müəyyən edilmiş vəzifələrin layiqincə yerinə yetirildiyini, cinayətkarlıqla mübarizədə, insan hüquq və azadlıqlarının qorunmasında əldə olunmuş müsbət nəticələrin hesabat dövründə qorunub-saxlanıldığını və bir sıra istiqamətlərdə inkişaf etdirildiyini vurğulayıb.
Nazir paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması ilə bağlı görülən işlər çərçivəsində yolların kənarında qeyri-qanuni saxlanılan və nəqliyyat axınına maneçilik törədən avtomobillərin kənarlaşdırılmasının, sürücü intizamının daha da yüksəldilməsinin, ümumən müvafiq sahədə tədbirlərin gücləndirilməsinin də vacibliyini vurğulayıb. Xidməti fəaliyyətdə olan nöqsan və çatışmazlıqlara da toxunaraq, onların aradan qaldırılması üçün lazımi tədbirlərin həyata keçirilməsini, insanları narahat edən məsələlərlə bağlı bütün müraciətlərə həssaslıqla yanaşılmasını, vətəndaş məmnunluğunun təmin olunmasının daim diqqətdə saxlanılmasını tələb edib.