SİYASƏT
Floran Ali Meril: Fransadan gələn fransızlara görə maaşlarımız azaldı VİDEO
Bakı, 25 oktyabr, AZƏRTAC
1960-cı ildə Fransadan gələn fransızlara görə maaşlarımız azaldı. Amma onların maaşı 40 faiz artdı. Bu iqtisadi bərabərsizlik, qərəzli münasibət və ayrı-seçkiliyin nəticəsi idi. Turizm və kənd təsərrüfatı kimi sahələrdə işçi qüvvəsinin böyük hissəsi yerli qaradərili əhali olsa da, qərar qəbul edən mövqelərdə fransız mənşəli insanlar daha çox təmsil olunurlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qvadelupanın Azadlığı uğrunda Xalq Birliyi Partiyasının (UPLG) baş katibinin müavini Floran Ali Meril “Fransanın dənizaşırı ərazilərində insan hüquqlarının pozulması haqqında hesabat”ın təqdimatına həsr olunmuş mətbuat konfransında söyləyib.
Müstəmləkə altında olan heç bir xalqın inkişaf edə bilmədiyini vurğulayan UPLG baş katibinin müavini əlavə edib: Fransa qaradərililərə qarşı hələ də qərəzli münasibət göstərir. Hökumət və yerli idarəetmə qurumları irqçilik və ayrı-seçkiliyə qarşı mübarizə aparmaq üçün tədbirlər görmür. Bizim məktəblərdə hələ də fransızların bir qolu olduğumuzu öyrədirlər. Fransız təhsil sistemi və mədəni siyasətləri bəzən yerli mədəniyyətlərin və dilin kənarda qalmasına səbəb olur. Ona görə də burada yerli mədəniyyətin inkişafından söhbət gedə bilməz. Bu, mədəniyyətin qorunması və təhsil hüququ baxımından bərabərsizlik kimi qəbul edilir”.