Əqli Mülkiyyət Agentliyində ÜƏMT-nin departament direktoru ilə görüş keçirilib YENİLƏNİB VİDEO
Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 16-da Əqli Mülkiyyət Agentliyində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Regional və milli inkişaf sektorunun Keçid və inkişaf etmiş dövlətlər departamentinin direktoru Habip Asanla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Azərbaycanda əqli mülkiyyət sisteminin nailiyyətləri və qarşısında duran vəzifələr haqqında məlumat verib.
ÜƏMT-nin departament direktoru Habip Asan Azərbaycan ilə ÜƏMT arasında əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib. Eyni zamanda, bu əlaqələrin daha da inkişaf etdirilməsinin və yeni layihələrin həyata keçirilməsinin mümkünlüyünü diqqətə çatdırıb. Qonaq, həmçinin Azərbaycanda Əqli Mülkiyyət Agentliyinin fəaliyyətini, əqli mülkiyyət məsələləri ilə vahid qurumun məşğul olmasını müsbət qiymətləndirib.
Daha sonra Kamran İmanov Əqli Mülkiyyət Agentliyinin fəaliyyəti haqqında təqdimat edib. Təqdimatda qeyd olunub ki, Azərbaycanın əqli mülkiyyət idarəetmə sisteminin qarşısında duran vəzifələr strateji sənədlərdə öz əksini tapır. Həmin sənədlərdə əqli mülkiyyətin üstünlük təşkil etdiyi kreativ iqtisadiyyatın dəstəklənməsi və inkişaf etdirilməsi, yaradıcı sahibkarlar və mütəxəssislərlə müasir rəqəmsal texnologiyalar arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də peşəkar kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi zərurəti göstərilir.
Agentliyin rəhbəri bildirib ki, əqli mülkiyyətin ekosistemi qurularaq, ölkəmizdəki islahatların əqli mülkiyyətlə əlaqəli təsiri və əqli mülkiyyətin dəyişmiş, yenidən dərk edilən kontekst amilləri nəzərə alınıb.
“Əqli mülkiyyət qarşısında duran vəzifələr dövlətimizin başçısının innovasiyalı inkişafla bağlı yürütdüyü iqtisadi islahatlar siyasəti ilə formalaşdırılıb. Bununla da əqli mülkiyyət bu siyasətin təsirinə və innovativ inkişafına adekvat xidmət etməli, investisiyaların cəlb edilməsində və innovasiyalara dəstək verilməsində real aktora çevrilməli, öz-özlüyündə abstrakt xidmətin vasitəsindən sosial-iqtisadi uğurların aparıcı amillər sırasında öz yerini tutmalıdır”, - deyə Kamran İmanov qeyd edib.
Agentliyin rəhbəri bildirib ki, ümumi struktur transaksiya xərcləri nəzərə alınması ilə optimallaşdırılıb. Qeyd edib ki, Agentliyin fəaliyyətinin son məhsulu əqli fəaliyyətin nəticələrinə qorunan obyektlər statusunun və ya onların qorunma müddətinin uzadılması (sənaye mülkiyyəti), habelə qanunla (copyright) qorunan əqli fəaliyyətin nəticələrini dəstəkləmək üçün hüquqi əhəmiyyətli qərarların verilməsidir. Agentliyin son məhsuluna, bundan savayı əqli mülkiyyət hüquqlarının qorunma sənədlərinin və qəbul edilən göstəricilər vasitəsilə iqtisadi təsirinin təhlili və sosio-mədəni effektinin müəyyən edilməsi də daxildir.
Kamran İmanov, həmçinin qeyd edib ki, kreativ sənayenin ölkəmizdə ÜDM-dəki payı 5,2 faizdir.
Diqqətə çatdırılıb ki, əqli mülkiyyət obyektlərinə iddia sənədlərinin ekspertiza müddəti orta hesabla 30-50 faiz qısaldılıb. Bakı Dövlət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetində əqli mülkiyyət kafedraları yaradılıb, filialları Əqli Mülkiyyət Agentliyində fəaliyyət göstərir. Agentliyin əməkdaşları tədris prosesinə cəlb edilib.
Qeyd olunub ki, patent sahəsində ixtiraçıların və sahibkarlıq subyektlərinin yaradıcılıq fəaliyyətinin dəstəklənməsi məqsədilə sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı üçün iddia sənədlərinin qəbulu Əqli Mülkiyyət Agentliyində yaradılan “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sistemi vasitəsilə həyata keçirilir. PƏNAH rəqəmli sistemi 24/7 rejimində fəaliyyət göstərir və qeydiyyatın istənilən yerdən və istənilən vaxt təşkilidir.
Görüşdə ÜƏMT-nin departament direktoru Habip Asan Əqli Mülkiyyət Agentliyində proseslərin rəqəmsallaşdırılmasının kifayət qədər maraqlı olduğunu söyləyib. O, Agentliyin universitetlərlə əməkdaşlığını, kafedraların yaradılmasını mütəxəssis hazırlığı baxımından yüksək qiymətləndirib. ÜƏMT rəsmisi Agentliyin transaksiya xərclərinin azaldılması ideyasını təqdir edib. Həmçinin Agentliyin rəhbəri Kamran İmanovun əqli mülkiyyət hüquqlarının daha sərt qorunması fikri ilə razılaşdığını bildirib. ÜƏMT-nin departament direktoru əqli mülkiyyətin qorunmasında Azərbaycan modelini yüksək qiymətləndirib, bu modelin təbliğ edilməsinin vacibliyini söyləyib. Bununla yanaşı, Azərbaycan modelinin ölkənin iqtisadi inkişafı, iqtisadiyyatın şaxələndirilməsinə uyğun olduğunu söyləyib.
Görüşdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə ÜƏMT arasında əməkdaşlıq məsələləri müzakirə edilib.