Milli Qəhrəman Albert Aqarunovun xatirəsi yad edilib VİDEO
Bakı, 8 may, AZƏRTAC
Mayın 8-i Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şəhid olduğu gün ilə ilə əlaqədar Şəhidlər xiyabanında anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Qəhrəmanın ailə üzvləri, cəbhə yoldaşları, eləcə də şəhid ailələri, qazilər, müvafiq qurumların təmsilçiləri, ictimaiyyət nümayəndələri və başqaları Albert Aqarunovun Şəhidlər xiyabanındakı məzarını ziyarət ediblər.
Tədbirdə Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev Albertin timsalında bütün şəhidlərin xatırlandığını diqqətə çatdırıb:"Şəhidlərimizi yaddan çıxarmırıq, xatirələrini yad edirik. Qoy həmişə “Dəmir yumruq” düşmənlərin üstündə olsun".
Veteran Tankçılar İctimai Birliyinin sədri Hacı Əzimov Albertin qəhrəmancasına şəhid olduğunu xatırladıb: "Albertin uğrunda öldüyü Şuşa azaddır. Düşünürəm ki, onun ruhu şaddır", - deyə o vurğulayıb.
Milli Qəhrəmanın döyüş yoldaşı Namiq Abbasov Albertin şəhid olduğu gün onunla eyni yerdə vuruşduğunu deyib: "Albert çox şən insan idi. Çox yaxşı münasibətlərimiz var idi. Onun haqqında danışmaq ağırdır. Sonuncu dəfə əkshücum başladı, düşmən mövqelərinə üz tutduq. Həmin döyüşdə Albert və digər yoldaşlarımız şəhid oldular".
Tədbirdə digər çıxış edənlər də Milli Qəhrəmanın keçdiyi şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi şücaətdən danışıblar, həmçinin ona həsr olunmuş şeir səsləndirilib. Eyni zamanda bildirilib ki, üzərində Milli Qəhrəman Albert Aqarunovun şəkillərinin əks olunduğu açıqcalar bu yaxınlarda Niderlandda nəşr edilib.