Birinci Qarabağ müharibəsinin itkin şəhidi Yusif Məmmədov Sumqayıtda dəfn edilib VİDEO
Sumqayıt, 16 may, Göyçək Mahmudlu, AZƏRTAC
Birinci Qarabağ müharibəsinin daha bir itkin şəhidi - Yusif Mirzəli oğlu Məmmədov mayın 16-da Sumqayıt şəhərində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.
AZƏRTAC xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin əməkdaşları, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər.
İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıb. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb.
Tabutun büküldüyü Azərbaycanın üçrəngli Dövlət Bayrağı şəhidin yaxınlarına təqdim olunub.
Dəfn mərasimində iştirak edənlər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Qələbədən və lokal antiterror əməliyyatlarından danışıblar. Həmçinin Birinci Qarabağ müharibəsi qəhrəmanlarının yarımçıq qalmış missiyasını onların davamçılarının uğurla tamamladığını qeyd ediblər. Başımıza gətirilən müsibətlərin qisasının alındığı, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunduğu, bu yolda canını fəda edənlərin ruhlarının rahatlığa qovuşduğu diqqətə çatdırılıb.
Sərvər Məmmədov: Fevralın 7-dən sonra ondan xəbər ala bilmədik
Şəhidin qardaşı Sərvər Məmmədov Yusifin həqiqi hərbi xidməti Özbəkistanda keçdiyini, ölkəyə qayıdandan bir müddət sonra isə silaha sarılaraq cəbhəyə yollandığını deyib: “Yusif 1994-cü ilin yanvarından etibarən Kəlbəcər istiqamətində döyüşlərə qoşuldu. Fevralın 7-nə kimi onunla əlaqəmiz oldu. Ondan sonra bir daha xəbər ala bilmədik. Döyüş yoldaşlarının çoxu onunla birlikdə şəhid olduğu üçün məlumat almaq çətin idi. Öyrəndiyimiz o oldu ki, Murovdağda mühasirəyə düşərək şəhidlik zirvəsinə ucalıblar. Otuz bir il idi ki, gözümüz yollarda idi. Ata-anamız Yusifdən xəbər gözləyə-gözləyə dünyadan köçdülər. Bu gün isə həm sevinirik, həm də kədərlənirik. Ona görə sevinirik ki, artıq təsəlli yerimiz, ziyarət edəcəyimiz məkan var. Gözümüz yollardan yığıldı. Lakin aradan uzun illər keçsə də, qardaşımızı torpağa qoymaq bizim üçün ağrılı və kədərlidir”.
Eldar Məmmədov: İndi Yusifin də əbədi mənzili var...
Yusifin digər qardaşı Eldar Məmmədov isə bildirib: “Yusifi son dəfə cəbhəyə yollananda görmüşəm. Mən də onu yola salmağa getmişdim. O zaman 11-12 yaşım var idi. Yusif çox ağırtəbiətli biri idi. Onu xatırlayıram ki, fevralın əvvəllərində döyüşə yollandılar, ondan sonra itkin düşdüyü xəbərini aldıq. Atamız 10 ildən çox onu axtardı, demək olar, ölkəni qarış-qarış gəzdi. Hətta naməlum şəhidlərə görə Gəncəyə də getmişdi. Onda şəhidin kimliyini paltarla müəyyən edirdilər. Bu dəfə isə DNT analizi ilə tam dəqiq nəticə əldə edildi. Üç-dörd gün bundan əvvəl biz Gəncədəki naməlum şəhidlərdən birinin nəşinin qardaşımıza aid olması xəbərini aldıq. Bu, bizim üçün gözlənilməz idi. Çünki otuz bir il az müddət deyil. İndi qardaşımızın da əbədi mənzili var. O da özü kimi qəhrəman oğullarla müqəddəs bir məkanda uyuyur”.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi Y. Məmmədov 1972-ci il iyunun 29-da Sumqayıt şəhərində anadan olub. O, 1994-cü il fevralın 7-də Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə - Murovdağda itkin düşmüşdü. Y. Məmmədovun nəşi Gəncədə naməlum şəhid kimi dəfn edilmişdi. O, Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək dəfn olunan beş şəhiddən biridir.