Nazir müavini: COP29-un nəticələrini həm öz bölgəmizdə, həm bölgədən kənarda müşahidə etmək olar VİDEO
Bakı, 29 sentyabr, AZƏRTAC
Ötən il Bakıda çox uğurlu COP29 tədbiri keçirilib. Onun nəticələrini artıq həm öz bölgəmizdə, həm bölgədən kənarda müşahidə etmək olar. Nəticələrin praktiki fəaliyyətə keçirilməsi ilə bağlı bu cür həftələr önəm kəsb edir. Bu tədbirin BMT-nin yüksəksəviyyəli həftəsindən sonra keçirilməsi əhəmiyyətli hadisədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı İqlim Fəaliyyəti Həftəsi ilə bağlı jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev deyib.
“Biz ötən həftə dünya liderlərindən iqlim fəaliyyəti ilə bağlı fikirlərini öyrəndik. Onların gələcək tövsiyələrini eşitdik və bu, Bakı İqlim Həftəsində cəmiyyətin müxtəlif seqmentlərinin nümayəndələrini bir araya gətirməklə liderlərdən eşidilən həmin mesajların praktiki nə cür həyata keçirilə biləcəyinə dair müəyyən fikirlər yaratmağına kömək edəcək”, - deyə baş danışıqçı əlavə edib.
Nazir müavini qeyd edib ki, Bakı İqlim Fəaliyyəti Həftəsində dünyanın müxtəlif ölkələrindən ekspertlər, rəsmilər iştirak edir. “Bu işin növbəti illərdə də bu istiqamətdə belə bir tendensiya ilə davam etməsi Azərbaycanın regiondakı iqlim liderliyi rolunu daha da artıracaq”, - deyə Yalçın Rəfiyev qeyd edib.