“PeşəFest”in növbəti dayanacağı İmişli olub VİDEO
Bakı, 1 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) təşkil etdiyi “PeşəFest” bu dəfə İmişli rayonunda keçirilib. “Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil edilən festival gənclərin və şagirdlərin peşə seçiminə, onların karyera istiqamətində doğru addım atmalarına dəstək məqsədi daşıyır.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə rayonun dövlət və özəl təşkilatlarının rəhbər şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin açılış mərasimində çıxış edənlər gənclərin gələcək karyerasında onların düzgün peşə seçimi etmələrinin vacibliyini vurğulayıblar. Gənclər tərəfindən böyük maraqla qarşılanan “PeşəFest” tədbirlərinin bu sahədə, habelə gənclərin müasir peşələrlə bağlı dolğun məlumat almalarına kömək göstərdiyi diqqətə çatdırılıb.
Peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətləri barədə məlumat veriblər. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı tövsiyələrini çatdırıb, yeniyetmələrin, onların valideynlərinin suallarını cavablandırıblar.
Qeyd edək ki, festival oktyabrın 3-də Ağsudakı Heydər Əliyev parkında, oktyabrın 8-də Ağdaşdakı Heydər Əliyev parkında, oktyabrın 11-də Qəbələdəki Heydər Əliyev parkında, oktyabrın 13-də Xaçmazdakı Zəfər parkında, oktyabrın 16-da Bakıdakı Dənizkənarı Milli Parkda keçiriləcək.
Festivalda 14 peşə (kibertəhlükəsizlik, data analitika, helpdesk, 3D animator, zinət əşyalarının dizayneri, turizm təşkilatçısı, dülgər, avtomobil təmiri üzrə çilingər, qida mühəndisi, qənnadıçı, xilasedici, barista, diş texniki və baytar) üzrə maarifləndirici tədbirlər təşkil olunur.
İştirakçılar festivala qatılmaqla bu peşə sahələri üzrə inkişaf etməyin yolları, tələb olunan bacarıqlar, ixtisas seçimi barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanırlar.