Qazaxıstanlı nümayəndə: Azərbaycan bütün istiqamətlərdə son dərəcə fəal mövqe sərgiləyir VİDEO
Bakı, 27 noyabr, Aytac Haqverdiyeva, AZƏRTAC
Türk Xəbər Agentlikləri Alyansı (ATNA) tərəfindən ATNA-nın rəsmi internet saytında foto müsabiqəsinin keçirilməsi ilə bağlı razılıq əldə olunub.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Qazaxıstanın Bakıdakı səfirliyinin attaşesi Temirlan Bakhitjan deyib.
O bildirib ki, Türk Dövlətləri Təşkilatının (TDT) Media və informasiya üzrə işçi qrupunun 12-ci iclasında 2026-cı il üçün nəzərdə tutulan kommunike, gündəlik və fəaliyyət planı çərçivəsində media məsələləri ciddi şəkildə müzakirə edilib. “Azərbaycanın TDT-yə sədrliyi ilə bağlı gözləntilərimiz isə olduqca müsbətdir. Çünki Azərbaycan yalnız media sahəsində deyil, iqtisadiyyat, siyasət, humanitar əməkdaşlıq və mədəniyyət də daxil olmaqla bütün istiqamətlərdə son dərəcə fəal mövqe sərgiləyir. Bu səbəbdən biz inanırıq ki, Azərbaycanın sədrliyi dövründə yeni təşəbbüslər irəli sürüləcək, əməkdaşlıq daha da dərinləşəcək və ümumi fəaliyyətimiz inkişaf etməyə davam edəcək.
Biz bütün üzv dövlətlərdə türk kimliyinin möhkəmlənəcəyini gözləyirik. Azərbaycan Respublikasının bütün üzv ölkələrlə mükəmməl əlaqələri nəzərə alınaraq, bu dövrdə həm media sahəsində, həm də digər istiqamətlərdə daha sıx və səmərəli əməkdaşlığın olacağına inanırıq”, - deyə qazaxıstanlı nümayəndə əlavə edib.