Devid Vutton: Azərbaycan–Böyük Britaniya əməkdaşlığında təhsil mühüm sahədir VİDEO
London, 22 dekabr, AZƏRTAC
Böyük Britaniya ilə Azərbaycan arasında mövcud əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Londonun tarixi peşə gildiyalarından biri olan “Worshipful Company of Educators”in rəhbəri (Master), təhsil sahəsində 40 illik təcrübəyə malik mütəxəssis Devid Vutton bildirib. O, Londonda Azərbaycan-Britaniya peşəkarları arasında süni intellekt mövzusunda keçirilən konfransda iştirak edib.
Devid Vutton qeyd edib ki, keçirilən müzakirələr çərçivəsində Azərbaycan və Böyük Britaniyadan olan həmkarlarla birlikdə süni intellektin təhsildə tətbiqi, eləcə də onun müasir dünyada elm, mühəndislik və səhiyyə sahələrinə təsiri mövzularına toxunulub. Onun sözlərinə görə, Böyük Britaniya və Azərbaycan bir-biri ilə uğurla əməkdaşlıq edir və mövcud əlaqələr gələcək üçün əsas yaradır.
O, bildirib ki, xüsusilə təhsil sahəsi əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıyır. Gənclərin öyrənmə prosesi, eləcə də məktəb, kollec və universitet səviyyəsində əldə etdikləri biliklər süni intellektin gətirdiyi dəyişikliklər fonunda hər iki ölkə üçün mühüm rol oynayır.
Devid Vutton süni intellektin tədris prosesinə inteqrasiyası, öyrənmə metodlarının yenilənməsi və bu sahədə düzgün çərçivələrin müəyyənləşdirilməsinin həm Azərbaycan, həm də Böyük Britaniya üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib. O, bildirib ki, bu istiqamətdə birgə yanaşma gənc nəslin, eləcə də sənaye və texnologiya sahələrinin gələcək çağırışlara daha hazırlıqlı olmasına imkan yarada bilər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London