Şəkili teatrsevərlər "Sən həmişə mənimləsən..." tamaşasını yenidən izləyə biləcəklər VİDEO
Şəki, 17 fevral, Rasim İslamoğlu, AZƏRTAC
Şəki Dövlət Dram Teatrında növbəti tamaşa nümayiş etdiriləcək. Məşhur səhnə əsəri teatrın kollektivi tərəfindən təqdim olunacaq.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın repertuar və dramaturgiya üzrə mütəxəssisi Lalə Məmmədova məlumat verib.
O bildirib ki, Xalq yazıçısı İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən..." əsəri əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru Elvin Nuri, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Günay Hidayətova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.
Səhnə əsərində rolları Əməkdar artist Rəhim Qocayev (Həsənzadə), aktyorlar Aytac İsmayılzadə (Nargilə), Lalə Məmməd (Nəzakət), Xəyal Salahov (Fərəc) və Nərmin Abbasova (Xurşid) ifa edirlər.
Səhnə əsəri fevralın 22-də saat 17-də təqdim olunacaq.