Gənc qızlar süni intellektlə gələcəyin peşələrinə hazırlaşır - “Trendyol” və “PAŞA Holdinq”in dəstəyilə Gəncədə “AI düşərgəsi” VİDEO
Gəncə, 27 aprel, AZƏRTAC
Gəncədə “Trendyol”, “Paşa Holdinq” və “Women in Tech Azerbaijan”ın birgə təşkilatçılığı ilə “Süni intellektlə yeni başlanğıc” adlı düşərgə təşkil olunub.
“Trendyol” şirkətinin Azərbaycanda korporativ kommunikasiyalar üzrə direktoru Süheylə Cəfərova AZƏRTAC-ın bölgə müxbirinə açıqlaması zamanı bildirib ki, düşərgədə iştirak edən gənc qızlar texnologiya sahəsinə yeni qədəm qoyanlar, artıq bu istiqamətdə fəaliyyət göstərənlər və gələcəkdə bu sahədə karyera qurmaq istəyənlərdir.
“Trendyol” süni intellektdən geniş şəkildə istifadə edir və bu texnologiya məhsul tövsiyələrindən tutmuş çatdırılma sistemlərinə qədər bir çox istiqamətdə tətbiq olunur. Burada əsas amil texnologiyanın özü deyil, onu formalaşdıran və inkişaf etdirən insan faktorudur. Bu sahədə qadınların iştirakı xüsusi əhəmiyyət daşıyır. Biz inanırıq ki, süni intellekt sahəsində daha çox qadın olmalıdır. Çünki fərqli baxış bucaqları olmadan innovasiya mümkün deyil. Bu düşərgə yalnız yeni biliklərin əldə edildiyi bir platforma deyil, həm də özünü kəşf etmək üçün bir fürsətdir”, - deyə Süheylə Cəfərova vurğulayıb.
Layihənin əsas məqsədi regionlarda yaşayan 18–25 yaş arası qızların süni intellekt sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onların süni intellekt alətlərindən düzgün və məqsədyönlü istifadə imkanlarını artırmaq, eləcə də bu bilikləri gələcək karyera və gəlir imkanlarına çevirmələrinə dəstək olmaqdır.
Qeyd edək ki, intensiv proqram çərçivəsində iştirakçılar süni intellektin əsasları, gələcəyin iş dünyası və AI imkanları, sorğu (prompt) yazma bacarıqları, AI-nin kontent yaradılmasında, biznesdə və e-ticarətdə tətbiqi, təhlükəsiz və etik AI istifadəsi, AI ilə işləməyə psixoloji yanaşma, praktiki tapşırıqlar, qrup işi və mini-lab sessiyaları üzrə həm nəzəri bilik, həm də praktiki təcrübə əldə ediblər.
“Women in Tech Azerbaijan” nümayəndəliyinin rəhbəri Leyla Seyidzadə isə layihənin əsas məqsədinin gəncləri bu sahəyə düzgün yönləndirmək olduğunu deyib: “Bizim məqsədimiz gənclərə süni intellektdən düzgün və faydalı şəkildə istifadə etməyi aşılamaqdır. Onlar bu texnologiyalardan yalnız əyləncə üçün deyil, həm də öz inkişafları və gələcək karyeraları üçün yararlansınlar”.
Layihədə iştirak edən gənc qızlar da iki gün ərzində keçirilən təlimlərin onlar üçün olduqca faydalı olduğunu bildiriblər. İştirakçı Aysel Əsədova deyib ki, bu tədbirdə iştirak etmək onun üçün həm maraqlı, həm də yaxşı təcrübə olub.
Qeyd edək ki, təlimlər Gəncədən sonra Mingəçevir şəhərində də təşkil olunub. Layihə çərçivəsində ümumilikdə 80-ə yaxın iştirakçı – hər region üzrə 40 nəfər cəlb edilib. İştirakçılar tələbələr, yeni məzunlar və ya karyerasının ilkin mərhələsində olan gənc qadınlar arasından seçilib.
Müxbir-Elcan Məmmədov