Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO
Bakı, 5 iyun, AZƏRTAC
Çox xoşbəxtik. Şükürlər olsun ki, ikinci dəfə Avropa çempionu olduq. İstər Slovakiyada tribunadan bizi dəstəkləyən, istərsə də uzaqdan ürəyi bizimlə döyünən azarkeşlərimiz bu yolda bizə ən böyük gücü verdilər. Onların dəstəyi sayəsində uğura nail olduq. Bu qələbəni xalqımıza, bizi sevən hər kəsə həsr edirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Slovakiyada təşkil olunan minifutbol üzrə Avropa çempionatının qalibi -Azərbaycan millisinin üzvü Ramiz Çovdarov Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma zamanı jurnalistlərə açıqlamasında deyib.
O, yarımfinal mərhələsində yerinə yetirdiyi penalti zərbəsindən də danışıb: “Belə məsuliyyətli anlarla daha əvvəl də qarşılaşmışam və müəyyən təcrübəyə malikəm. Buna görə də topu götürərək zərbəni özüm yerinə yetirmək qərarına gəldim. Məsuliyyəti üzərimə götürdüm və şükürlər olsun ki, komandanın növbəti mərhələyə yüksəlməsinə töhfə verə bildim”.
Millinin üzvü rəqiblərin Azərbaycan yığmasına qarşı xüsusi motivasiya ilə çıxış etdiyini də vurğulayıb: “Rəqiblərin bizə qarşı aqressiv və motivasiyalı oynaması gözlənilən idi. Çünki Azərbaycan hazırkı dünya çempionudur və bütün komandalar bizi yaxşı tanıyır. Hər kəs Azərbaycanı məğlub etməklə çempionluq yolunda mühüm addım atmaq istəyirdi. Lakin buna nail ola bilmədilər. Biz ikinci dəfə Avropa çempionu olduq. Bir daha bizi dəstəkləyən, duaları ilə yanımızda olan hər kəsə təşəkkürümü bildirirəm”.
Xatırladaq ki, komandamız qitə çempionluğu uğrunda görüşdə Ukrayna seçməsini sınağa çəkib. Rəqibini 2:0 hesabı ilə məğlub edən Azərbaycan millisi Avropa çempionu olub.
Yığmamız 2022-ci ildə də qitənin ən güclüsü olmuşdu.