Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO
Bakı, 7 iyun, AZƏRTAC
Beynəlxalq Çövkən Federasiyası olaraq yeni bir regionun yaradılması üzərində fəaliyyət göstəririk. Həmin region "Körfəz ölkələri regionu" adlanır. Hazırda keçirilən dünya çempionatında iştirak edən Küveyt komandası həmin regionu təmsil edir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev deyib.
Federasiya prezidentinin sözlərinə görə, həmin region bu ilin sonunda yaradılacaq. Gələn ildən etibarən isə həmin region üzrə çempionat keçiriləcək: "Körfəz ölkələrinin çempionatı ayrıca təşkil olunacaq. 2027-ci ildə Körfəz ölkələrindən biri növbəti il keçiriləcək dünya çempionatına vəsiqə əldə etmiş olacaq. Gələn il, eyni zamanda, qitə çempionatları da təşkil olunacaq. 2028-ci ildə keçiriləcək dünya çempionatına hər qitədən iki komanda, Körfəz ölkələrindən bir komanda qoşulacaq. Ev sahibi komanda isə avtomatik iştirak hüququ qazanır. Hazırkı dünya çempionatında 10 komanda iştirak edir. Körfəz ölkələrindən olan Küveytin iştirakı isə yenilikdir".