Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO
Lənkəran, 16 iyun, AZƏRTAC
Aqrar sahə üzrə yeni Dövlət Proqramında Lənkəran-Astara iqtisadi rayonunda əsas prioritet istiqamətlərdən biri intensiv bağçılığın inkişaf etdirilməsi və müasir suvarma sistemlərinin tətbiqidir. Təcrübə göstərir ki, müasir suvarma texnologiyaları məhsuldarlığın artırılmasına birbaşa və əhəmiyyətli təsir göstərir. Məhz buna görə də bu istiqamət proqramın fundamental hədəflərindən biri kimi müəyyənləşdirilib və region üçün xüsusi əhəmiyyət daşıyır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Lənkəranda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramına həsr olunan regional müşavirə çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
“Görüş zamanı fermerlər tərəfindən su çatışmazlığı ilə bağlı məsələlər də qaldırıldı. Müasir suvarma sistemlərinin tətbiqi su itkilərinin qarşısının alınmasına, su ehtiyatlarından daha səmərəli istifadəyə və nəticə etibarilə məhsuldarlığın yüksəldilməsinə xidmət edir. Bildiyiniz kimi, yeni Dövlət Proqramının əsas məqsədlərindən biri kənd təsərrüfatında məhsuldarlığın artırılmasıdır. Məhsul istehsalının artması isə həm ölkənin özünütəminetmə səviyyəsinin yüksəlməsinə, həm də ixrac potensialının genişlənməsinə müsbət təsir göstərir.
Bu baxımdan proqramda nəzərdə tutulan əsas istiqamətlərin vətəndaşlara, fermerlərə və sahibkarlara yerində izah edilməsi, onların fikir və təkliflərinin dinlənilməsi, eləcə də qarşılıqlı müzakirələrin aparılması mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, keçirilən bu müşavirələr də məhz həmin məqsədə xidmət edir”, - deyə nazir müavini vurğulayıb.