Səadət Yusifova: İrsin nəsildən-nəslə ötürülməsi üçün ictimai həmrəylik və əməkdaşlıq əsas şərtdir VİDEO
Bakı, 25 iyun, AZƏRTAC
Türkman irsi əsrlər boyu yaşadılmış, qorunmuş və bu günə daşınmış qiymətli ənənədir. Bu irsi qorumaq sadəcə keçmişi yaşatmaq deyil, həm də köklərimizdən güc alaraq gələcəyə uzanan körpünü möhkəmləndirmək deməkdir.
AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Bakıda "Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə keçirilən II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” adlı forumda çıxışı zamanı deyib.
"Bu məsuliyyəti daşıyanlar ilk növbədə vətəndaş cəmiyyəti institutlarıdır. Dövlət müvafiq imkanlar yarada bilər, lakin irsin nəsildən-nəslə ötürülməsi üçün ictimai həmrəylik, təşəbbüskarlıq və əməkdaşlıq əsas şərtdir. Bu sahədə əldə olunan uğurlar da məhz belə bir əməkdaşlığın nəticəsidir”, – deyə o vurğulayıb.