Qəzənfər Əhmədov: Dövlət Komissiyası müasir texnoloji həllərin tətbiqinə xüsusi diqqət yetirir VİDEO
Bakı, 30 iyun, AZƏRTAC
Gələn il axtarış işlərinə yeraltı radar (GPR) sistemlərini cəlb etməyi planlaşdırırıq. Bu sistemlər məzarlıqların və insan qalıqlarının yerinin dəqiq müəyyən olunmasında yüksək səmərəlilik nümayiş etdirir.
AZƏRTAC xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupun rəhbəri Qəzənfər Əhmədov Bakıda "İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransın bağlanış mərasimində bildirib.
O deyib ki, Dövlət Komissiyası müasir texnoloji həllərin tətbiqinə xüsusi diqqət yetirir və bu sahəyə davamlı investisiyalar ayırır: "Texnologiyaların digər mühüm üstünlüyü onların xəritələşdirmə imkanlarıdır. Bir gün ərzində onlar 45 kvadratkilometrdən artıq ərazinin ətraflı xəritəsini hazırlaya bilir. Bu, praktik baxımdan Ağdam kimi geniş bir ərazinin təxminən 1 ay ərzində sistemli şəkildə tədqiq olunması deməkdir. İnanırıq ki, bu müasir texnologiya gələcək humanitar axtarış əməliyyatlarının ayrılmaz tərkib hissəsinə çevriləcək. Bu texnologiya mütəxəssislərimizin təcrübə və peşəkarlığını tamamlayacaq, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində daha səmərəli nəticələr əldə etməyimizə kömək edəcək", - deyə o qeyd edib.