Cəlal İbrahimli: “Dildə, fikirdə, işdə birlik” ideyası bu gün Bakıda yeni məzmun qazanır VİDEO
Bakı, 30 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan “Türk Dünyası Həftəsi”nin təşkili qurultayın ideya və məqsədlərinin müasir dövrdə davamı kimi mühüm əhəmiyyət daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli bildirib.
Onun sözlərinə görə, tarix boyu türk milləti böyük dövlətlər qurmasına baxmayaraq, müxtəlif dövrlərdə parçalanmalarla üzləşib. Məhz buna görə də Birinci Türkoloji Qurultayda Türk dünyasının gələcəyi, ortaq kimliyi və milli-mənəvi dəyərlərinin qorunması ilə bağlı fundamental məsələlər geniş müzakirə olunmuşdu.
"Türkoloji Qurultayın mahiyyətində türk sivilizasiyasının böyük irsi yaşayır. Bu Qurultayda biz Mahmud Kaşğari irsini, Qutadğu Bilig ruhunu, Orxon-Yenisey abidələri ilə yaşadılan ortaq tarixi yaddaşı görürük. Bunlar Türk dünyasının ortaq kimliyinin və mənəvi dəyərlərinin əsas sütunlarıdır", – deyə o bildirib.
Mərkəz direktoru vurğulayıb ki, Azərbaycan Türk dünyasının mühüm mərkəzlərindən biri kimi bu gün də tarixi missiyasını uğurla davam etdirir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi, diplomatik, iqtisadi və mədəni təşəbbüslər təkcə Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının maraqlarına xidmət edir.
Cəlal İbrahimli bildirib ki, “Türk Dünyası Həftəsi” çərçivəsində aparılan müzakirələr türk dövlətlərinin birliyinə, inkişafına və daha da güclənməsinə xidmət edəcək.
“Bu birlik təkcə Türk dünyasının deyil, eyni zamanda, dünya sülhünün, demokratiyanın, ədalətin, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcək. Bu gün türk birliyi ideyasında biz Bilgə Xaqan ruhunu, İltəriş Kutluk Xaqan irsini, Mahmud Kaşğarinin və Qutadğu Bilig ənənəsini görürük. Eyni zamanda, İsmayıl Qaspıralı, Əli bəy Hüseynzadə və Ziya Göyalp kimi böyük şəxsiyyətlərin irəli sürdüyü “dildə, fikirdə, işdə birlik” ideyası bu gün Bakıda yeni məzmun qazanır”, – deyə o qeyd edib.
Müxbir - Nailə Həsənova