Ağstafanın Köçvəlili kəndində 35 ev sel sularından zərər görüb VİDEO
Ağstafa, 8 iyul, AZƏRTAC
Qərb bölgəsində yağan leysan yağışları selə səbəb olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağstafa rayonunun Köçvəlili kəndində 35 evin həyətyanı sahəsi, zirzəmisi, həmçinin yardımçı tikililər və təsərrüfat sahələri su altında qalıb. Sakinlərin sözlərinə görə, kəndarası yolların əksəriyyəti piyadaların hərəkəti üçün keçilməz hala düşüb.
Kənd sakinləri əvvəllər də oxşar hadisələrin baş verdiyini, lakin budəfəki selin daha böyük ziyana yol açdığını bildiriblər.
Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, əraziyə baxış keçirilib. Hazırda komissiya üzvləri və Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən həyətlərdən suyun çəkilməsi və təmizlənməsi işləri aparılır. Fəsadların operativ şəkildə aradan qaldırılması prosesinə xüsusi texnikalar da cəlb olunub.
Qeyd edək ki, hazırda bölgədə qeyri-sabit hava şəraiti davam edir.
Müxbir -Ruslan Novruzoğlu