Samuxun heyvandarlıq potensialı yeni Dövlət Proqramının hədəflərinə xidmət edir VİDEO
Samux, 9 iyul, AZƏRTAC
Aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsi, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsi, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsi kimi bir sıra məsələləri nəzərdə tutan “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda heyvandarlıq sahəsinin inkişafı da hədəflərdən biridir. Sənəddə, digər məsələlərlə yanaşı, yüksək məhsuldar cins heyvanların ümumi sürüdə payının minimum 10 faizə çatdırılması, mal əti istehsalı həcminin 20 faiz, süd istehsalı həcminin isə 10 faiz artırılması qarşıya qoyulan məqsədlər sırasındadır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Samux ölkə üzrə heyvandarlığın inkişafı üçün əlverişli təbii-iqtisadi potensiala malik rayonlardan biridir. Rayonun geniş otlaq və biçənək sahələri, uyğun iqlim şəraiti iribuynuzlu və xırdabuynuzlu heyvandarlığın inkişafına geniş imkan yaradır. Heyvandarlıq Samuxda əhalinin məşğulluq və gəlirlərinin formalaşmasında mühüm rol oynayır. Rayondakı fermer təsərrüfatlarında da məhsuldar cins mal-qaranın sayının çoxaldılması, yem bazasının gücləndirilməsi, süd istehsalının artırılması məsələlərinə xüsusi önəm verilir.
Samux Dövlət Aqrar İnkişaf Mərkəzinin Heyvandarlıq sektorunun müdiri Murad Qədimovun bildirdiyinə görə, hazırda rayonda 22012 baş iribuynuzlu, 112129 baş xırdabuynuzlu heyvan mövcuddur. İribuynuzlu heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə Samuxda 7 nəfər süni mayalanma mütəxəssisi tərəfindən süni mayalanma işləri həyata keçirilir. Bu ilin ilk altı ayı ərzində 959 baş iribuynuzlu heyvanda süni mayalanma icra edilib, onlardan 414 baş bala doğulub. Bu il 1547 ton ət, 8329 ton süd istehsal edilib.
Murad Qədimovun sözlərinə görə, yeni Dövlət Proqramında heyvandarlığın inkişafı ilə bağlı qarşıya qoyulan hədəflər Samuxda bu sahənin inkişafını sürətləndirəcək. Rayonun mövcud potensialı “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan yüksək məhsuldar cins heyvanların sayının artırılması, ət və süd istehsalının genişləndirilməsi kimi hədəflərin həyata keçirilməsinə mühüm töhfə verə bilər. Misal olaraq, Məhdud Məsuliyyətli Cəmiyyətlərdən birinin (“Milagro Ganaderia” MMC) Samux təsərrüfatında yeni layihə icra olunacaq. Burada ölkənin ən iri camışçılıq təsərrüfatlarından birinin yaradılması planlaşdırılır. Layihə çərçivəsində Burunqovaq kəndindəki təsərrüfat sahəsinə Pakistandan Nili-Ravi cins damazlıq camışların gətirilməsi nəzərdə tutulur. Bu cins yüksək süd məhsuldarlığı ilə seçilir. Bir baş camışın gündəlik süd verimi 16-17 litrə, südün yağlılıq göstəricisi isə 7,5-8 faizə qədər çatır. Layihənin əsas məqsədi ölkədə yüksək məhsuldar damazlıq camışçılığın inkişafına töhfə verməkdir. Rayonda həyata keçirilməsi nəzərdə tutulan yeni investisiya layihələri ilə yanaşı, uzun illərdir uğurla fəaliyyət göstərən heyvandarlıq təsərrüfatları da mövcuddur. Sarıqamış kəndindəki təsərrüfatın ümumi sahəsi 100 hektardır.
Məhdud Məsuliyyətli Cəmiyyətin təmsilçisi Qiyas Həsənovun bildirdiyinə görə, burada dünyada ən yüksək məhsuldarlıq göstəricilərinə malik, həmçinin ölkəmizdə geniş istifadə olunan “Holşteyn-Friz” və “Simmental” cinsli iri buynuzlu heyvanlar saxlanılır: “2013-cü ildə inşasına başlanılan təsərrüfat subyekti dövlətin dəstəyi ilə 2014-cü ildən fəaliyyət göstərir. Təsərrüfat südlük istiqamətdə qurulub. Hazırda burada 300 baş iribuynuzlu heyvan var. Dövlətin dəstəyi ilə bu sayı artırmaq istəyirik. İşçi sayı 30-dan çoxdur. Aylıq 50-60 ton süd istehsal edirik, böyük şirkətlərə satış həyata keçiririk”.
Qiyas Həsənov bildirib ki, təsərrüfatda heyvanların sağımı xüsusi sağım zalında həyata keçirilir, əldə olunan süd isə keyfiyyətinin qorunması üçün dərhal soyutma çənlərinə ötürülür. Heyvanların yemlənməsi balanslaşdırılmış yem rasionu üzrə aparılır. Təsərrüfatda quraşdırılmış soyutma sistemi isti havalarda heyvanların rahatlığını təmin etməklə onların məhsuldarlığının yüksək səviyyədə saxlanmasına kömək edir.
Dövlətin heyvandarlıq sahəsinə göstərdiyi dəstəyin təsərrüfatın inkişafında mühüm rol oynadığını vurğulayan müəssisə təmsilçisinin sözlərinə görə, yeni Dövlət Proqramının təsdiqlənməsi fermerlərə öz işini genişləndirmək üçün stimul verir. 5000 baş heyvan saxlama imkanına malik təsərrüfatın rəhbərliyi heyvan sayını 1500 başadək artırmağı, süd istehsalını daha da çoxaltmağı hədəfləyir.
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı digər fermer təsərrüfatlarını da daha çox iş görməyə təşviq edir. Samux rayonunun Qiyaslı kəndində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatında dövlət dəstəyinin müsbət nəticələri aydın şəkildə müşahidə olunur.
MMC-nin təmsilçisi Coşqun Ağazadənin sözlərinə görə, əsasən “Simmental” cinsli heyvanların saxlanıldığı təsərrüfat 5 hektar sahədə yerləşir. 2015-ci ildə dövlət dəstəyi ilə Avropadan 74 baş cins mal-qaranın gətirilməsi ilə fəaliyyətə başlayan təsərrüfatda ilbəil mal-qara sayı süni mayalanma yolu ilə artırılır. Hazırda təsərrüfatda heyvanlar 176 başa çatıb. Onların saxlanma şəraitinə xüsusi diqqət yetirilir, gün ərzində bir neçə dəfə keyfiyyətli yemlə təmin olunurlar, qəbul etdikləri yemi həzm etmək və süd istehsal etmələri üçün vaxtlı-vaxtında verilən su da xüsusi əhəmiyyət kəsb edir. Südlük istiqamətli təsərrüfatda illik süd istehsalı 360 tondur və məhsul emal sahələrinə verilir. Hədəf dövlət dəstəyi ilə heyvan sayını 300 başa çatdırmaq, süd istehsalını daha da artırmaqdır. 20-yə yaxın insanın çalışdığı təsərrüfatın genişləndirilməsilə işçi sayının artırılması da nəzərdə tutulur.
Samuxda fermerlərin öz işlərini daha da inkişaf etdirmək həvəsi, heyvandarlıq sahəsinin günü-gündən inkişafı dövlətin aqrar sahədə həyata keçirdiyi məqsədyönlü siyasətin uğurlu nəticələrini əyani şəkildə nümayiş etdirir. 2026-2030-cu illəri əhatə edən Dövlət Proqramı da rayonda müasir intensiv heyvandarlıq təsərrüfatlarının genişlənməsinə, sahənin səmərəliliyinin və rəqabət qabiliyyətinin yüksəldilməsinə, yüksək süd məhsuldarlığının təmin olunmasına, eləcə də sənaye emalına yönəldilən süd həcminin artırılmasına yeni imkanlar yaradacaq.
Müxbir – Vüsalə Cənnətova