İşğaldan azad olunmuş ərazilərdə indiyədək 1200-ə yaxın vətəndaş Səyyar ASAN xidmətdən yararlanıb VİDEO
Bakı, 21 iyul, AZƏRTAC
Tarixi torpaqlarımızda bərpa və məskunlaşma prosesi genişləndikcə dövlət xidmətlərinə əlçatanlığın təmin olunması da əsas prioritet istiqamətə çevrilir. Bu məqsədlə Səyyar ASAN xidmət Qarabağda yaşayan əhali üçün fəaliyyətini davam etdirir.
Bunu AZƏRTAC-a açıqlamasında “ASAN xidmət”in Səyyar xidmətlərin təşkili şöbəsinin müdiri Zəka Muradov deyib.
Hazırda Xankəndi şəhərində vətəndaşlar üçün Səyyar ASAN xidmətin təşkil edildiyini diqqətə çatdıran Z.Muradov bildirib: “Vətəndaşlarımız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat xidmətləri, əmanət xidmətləri, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı xidməti və sair xidmətlərə müraciət edə bilərlər. İndiyədək işğaldan azad olunmuş ərazilərdə – Cəbrayıl rayonunda, Zəngilanın Ağalı kəndində, daha sonra Ağdərənin Talış kəndində 1200-ə yaxın vətəndaşımız səyyar xidmətdən yararlanıb. Ümumilikdə isə bu günədək Səyyar ASAN xidmət avtobusu vasitəsilə 3 milyon 380 mindən çox vətəndaşımıza səyyar xidmət təşkil edilib”.
Müxbir – Göyçək Mahmudlu