Kolatağda yenidən qurulan həyat: Baxşəliyevlər ailəsinin qayıdış hekayəsi VİDEO
Ağdərə, 23 iyul, AZƏRTAC
Otuz ildən artıq çəkən həsrətdən sonra yenidən doğma torpaqlara qayıtmaq Baxşəliyevlər ailəsinin ən böyük arzusu idi. Bu arzu Böyük Qayıdış Proqramı çərçivəsində gerçəkləşib. Ağdərə rayonunun Kolatağ kəndinə qayıdan ailə bu gün doğma yurdunda yeni həyat qurur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Baxşəliyevlər ailəsi doğma yurda qayıtdıqdan sonra gündəlik həyatı təsərrüfatla bağlayıb. Hazırda ailə mal-qara, toyuq-cücə saxlayır, həyətyanı sahədəki meyvə ağaclarına qulluq edir.
İşğal illərində Yevlax rayonunun Aşağı Qarxun kəndində məskunlaşan Arif Baxşəliyev uzun illər doğma kəndinə qayıdacağı günü səbirsizliklə gözlədiyini deyir. Onun sözlərinə görə, hazırda ailədə beş nəfər – özü, həyat yoldaşı, oğlu, gəlini və nəvəsi yaşayır. Doğma yurda qayıtmağın sevincini yaşayan Arif Baxşəliyev bunun Vətən uğrunda canından keçən şəhidlərin qəhrəmanlığı sayəsində mümkün olduğunu vurğulayır. O bildirir ki, dövlət tərəfindən yaradılan şərait onların rahat yaşayışına imkan verib.
Arif Baxşəliyevin həyat yoldaşı Nəzakət Baxşəliyeva Xankəndi Pedaqoji Universitetinin məzunudur. O, uzun illər ibtidai sinif müəllimi kimi çalışıb, hazırda isə təqaüddədir. Nəzakət xanım deyir ki, ötən otuz il ailə üçün ağır sınaqlarla yadda qalıb. Bu gün isə doğma kəndə qayıtmaq həmin çətinlikləri geridə qoymağın ən böyük təsəllisidir. O, şəhidlərə Allahdan rəhmət, qazilərə cansağlığı arzulayaraq bildirir ki, övladları və nəvələri tez-tez Kolatağa gəlirlər. Onları kəndin dağlarına aparır, burada bitən bitkiləri tanıdır, doğma yurdun təbiətini və tarixini sevdirir.
Bu gün Baxşəliyevlər ailəsi doğma yurda qayıtmağın sevincini yaşayır. Yenidən canlanan ailə ocağı və qurulan təsərrüfat Kolatağ kəndində həyatın yenidən öz axarına qayıtdığını aydın göstərir.
Müxbir – Tahir Ağaməmmədov