Qaxın turizm marşrutuna yeni bir ünvan əlavə olunub - "Doctorbio" Qax Eko Parkı VİDEO
Qax, 25 iyul, AZƏRTAC
Yeddi hektar ərazidə salınan "Doctorbio" Qax Eko Parkında rayonun, bölgənin ümumilikdə ölkəmizin eko sistemi cəmlənib və bu istiqamətdə işlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qax ölkəmizdə turizmin inkişafı üçün geniş imkanlara malik fauna və florası ilə seçilən, mineral xammal ehtiyatlarına, əlverişli iqlim şəraitinə malik rayonlarındandır. Qədim tarix və mədəniyyətə malik bu diyarın hər bir guşəsi turistlər üçün əsl istirahət məkanıdır. Yerli və xarici turistlərin rayonu daha yaxşı tanıması üçün 6 marşrut müəyyənləşdirilib. Marşrutlar üzrə ekskursiya mətnləri hazırlanıb. Bu ildən bu turizm marşrutuna daha biri əlavə olunub- "Doctorbio" Qax Eko Parkı. Geniş bir ərazini əhatə edən eko park bir çox xüsusiyyətləri ilə seçilir.
Rayonun təbii sərvətləri, zəngin fauna və florası burada ekoturizmin inkişafına böyük imkanlar yaradır. Son illər rayonda xüsusilə dağ, qış və piyada turizmi inkişaf etməkdədir. Bundan əlavə, rayon kurort sərvətləri cəhətdən də çox zəngindir. Bu ilin yazından fəaliyyətə başlayan eko park da geniş ərazini əhatə edir və buraya qədəm qoyan hər kəsin istirahəti üçün məkanlar nəzərdə tutulur.
Rayonun turizm imkanları barədə fikirlərini bölüşən ekoloq, eyni zamanda eko parkın meneceri Vəli Vəliyev bildirib ki, indiki məqamda daha çox turistləri nə ulduzlu hotellər, nə də bir-birinə bənzəyən mehmanxanalar, turizm obyektləri maraqlandırır. Turistləri ən çox maraqlandıran təbiətə daha yaxın olmaqdır. Bu səbəbdən də onlar sakit və sadə məkanları seçirlər. Belə yerlərdə turistlər yerli əhali ilə sıx ünsiyyət yaradaraq bölgənin adət-ənənələri, yaşayış tərzi ilə yaxından tanış olurlar.
Ekoloq deyir: “Burada demək olar hər gün yaşıllığın sahəsi artırılır. Bölgədə eləcə də ölkəmizin müxtəlif guşələrində yetişdirilən meyvə ağacları, gül kolları əkilir və qulluq göstərilir. Məqsədimiz turistlərin burada ruhən dinclik tapması, xoş ab-havada istirahət etməsidir”.
Eko parkın ən maraqlı bölmələrindən biri zoopark hesab olunur. Burda lisenziya əsasında bir çox quş növləri bəslənilir. Baytar Əhməd Əhmədov zooparkda 30 quş cinsi və meymun saxlanıldığını, quşların sayının 100-dən çox olduğunu deyib. Baytar onu da əlavə edib ki, bütün quşlar vaxtlı-vaxtında vitaminlərlə yemlənir.
Rayonun Böyük Alatəmir kəndi ərazisində yerləşən eko parkda meyvə bağı, ictimai-iaşə obyektləri, konsert və tamaşalar üçün səhnə, uşaqlar üçün əyləncə meydançası, maraqlı fauna və flora növləri, həmçinin müxtəlif ölkələrdən gətirilmiş quş növləri mövcuddur.
Ekoloq Vəli Vəliyev bildirib ki, qarşıdakı illərdə eko parkda gül və ağac növlərinin eləcə də heyvanat aləminin sayını artırmaqla məkanı zənginləşdirmək niyyətindədirlər. Xüsusən yerli istehsalçıların məhsullarının satışı məqsədilə kənd yarmarkaları təşkil ediləcək. Gələcəkdə eko park tam fəaliyyətə başladıqdan sonra burada 70 nəfərin işlə təmin olunması nəzərdə tutulur.
Müxbir - Rasim İslamoğlu