Bəxtiyar Məmmədov: Metrodakı dəyişikliklərlə əlaqədar 6 ekspres avtobus marşrutu təşkil ediləcək VİDEO
Bakı, 4 avqust, AZƏRTAC
Bakı Metropolitenində Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin icrası dövründə sərnişinlərin rahat daşınmasının təmin edilməsi məqsədilə yerüstü ictimai nəqliyyat gücləndiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, ilkin mərhələdə 6 ekspres avtobus marşrutunun təşkili nəzərdə tutulur: “Bu marşrutlar Yaşıl xətt üzərində yerləşən əsas stansiyaları Qırmızı xəttin əsas nəqliyyat qovşaqları ilə əlaqələndirəcək. Ekspress marşrutlarla yanaşı, mövcud müntəzəm avtobus xətlərinə də əlavə avtobuslar cəlb olunacaq. Məqsəd sərnişinlərin metrodan istifadə etmədən şəhərin müxtəlif istiqamətləri arasında rahat hərəkətini təmin etməkdir”.
Bəxtiyar Məmmədov qeyd edib ki, ekspress avtobusların dəqiq marşrutları, dayanacaqları və hərəkət intervalları barədə ətraflı məlumat avqustun 15-dək ictimaiyyətə təqdim olunacaq.