Bakı-Tbilisi-Bakı marşrutu üzrə bilet satışının müddəti mərhələli şəkildə 90 günədək artırılır VİDEO
Bakı, 6 avqust, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə sərnişin məmnuniyyətinin artırılması, yüksək tələbatın daha səmərəli qarşılanması və səfərlərin əvvəlcədən planlaşdırılması imkanlarının genişləndirilməsi məqsədilə bilet satış müddətini artırır.
QSC-dən AZƏRTAC-a bildirilib ki, yeni tətbiq olunan mexanizmə əsasən, satış müddəti birdəfəlik deyil, mərhələli şəkildə uzadılır. Hazırda sərnişinlər üçün əvvəlki 30 gün əvəzinə 44 günlük bilet satışı açıqdır. Satış pəncərəsinin növbəti günlərdə mərhələli şəkildə genişləndirilərək 90 günə çatdırılması nəzərdə tutulur.
“Bu yenilik sərnişinlərə səfərlərini daha erkən planlaşdırmağa, xüsusilə turizm, işgüzar səfərlər və ailə ziyarətləri ilə bağlı hazırlıqlarını daha rahat həyata keçirməyə imkan verəcək. Eyni zamanda, satış müddətinin artırılması ADY-yə sərnişin tələbatını daha dəqiq proqnozlaşdırmağa, zərurət yarandıqda əlavə vaqonların qoşulması və digər əməliyyat qərarlarının vaxtında qəbul edilməsinə şərait yaradacaq.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysin təşkili istiqamətində işləri davam etdirir. Əlavə reysin istifadəyə verilməsi üçün Gürcüstan tərəfinin hazırlıqlarının başa çatdırılması ilə əlaqədar zəruri texniki və əməliyyat tədbirləri həyata keçirilir”, - deyə məlumatda qeyd olunub.