Çətin məsələ qarşısında nə etməli? – riyaziyyat müəllimindən şagirdlərə çağırış VİDEO
Bakı, 4 sentyabr, AZƏRTAC
Riyaziyyatda, ümumiyyətlə, asan məsələ olmur. Çünki bu, testologiya deyil. Uşaqlara hazırlığın əvvəlində də deyirik ki, riyaziyyatın müxtəlif istiqamətləri var. Orta məktəb proqramını nəzərə almasaq, gücləndirilmiş riyaziyyat və olimpiada riyaziyyatı bir-birindən fərqlənir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Fizika, riyaziyyat və informatika təmayüllü liseyin riyaziyyat müəllimi Məftun Əhmədov söyləyib.
“Olimpiadada üç suala 4 saat yarım vaxt verilir. Əgər suallar asan olsaydı, hər suala maksimum bir neçə dəqiqə vaxt ayrılardı. Buradan da görünür ki, olimpiada məsələləri düşünmə, təhlil və səbir tələb edir. Biz də hazırlıq zamanı müxtəlif olimpiada kitablarından və əvvəlki illərin materiallarından istifadə edirik. Həmin kitablarda müəlliflər qeyd edirlər ki, məsələləri asandan mürəkkəbə doğru, səbirlə və zamanla işləmək lazımdır. Olimpiadaya hazırlıq bir və ya bir neçə ay ərzində başa çatan proses deyil. Hətta bir il belə bəzən kifayət etmir. Düzdür, bir il ərzində yüksək nəticə göstərən şagirdlərimiz də olub. Məsələn, hazırda Honkonqda, Çində təhsil alan şagirdimiz Qulaməli Ağazadə hazırlığa 9-cu sinifdə başlamışdı. Sentyabr ayında qəbul olundu, oktyabrın 1-dən hazırlığa başladıq və may ayında artıq medal qazandı. Amma bu, istisna haldır.
Ümumilikdə olimpiada riyaziyyatı uzunmüddətli və sistemli hazırlıq tələb edir. Şagirdlərə ilk növbədə əzmlə çalışmağı tövsiyə edirəm. Qarşılarına çətin məsələ çıxanda “bacarmıram” deməsinlər. Əksinə, “bacaracağam” deyib məsələni diqqətlə araşdırsınlar, təhlil etsinlər və həll yolunu axtarsınlar. Biz həmişə uşaqlara deyirik: “Suallara diqqətlə baxın, onları təhlil edin, araşdırın. Bəzən cavab elə sualın içində olur”. Məsələn, bir dəfə bir şagirdlə işləyərkən ondan 2-yə bölünmə əlamətini soruşdum. Dedi ki, ədədin son rəqəmi 2-yə bölünürsə, həmin ədəd də 2-yə bölünür. Soruşdum ki, bu qaydanın haradan gəldiyini bilirsənmi? Bilmədi. Daha sonra 7-yə bölünmə əlamətini soruşdum, onu da bilmədi. Çünki bu mövzu orta məktəb proqramında ətraflı şəkildə keçilmir. Mən ona bu qaydaların məntiqini izah etməyə başladım. Daha sonra 9-a bölünmə əlamətinin haradan yarandığını izah etdik. Rəqəmlərin cəminin 9-a bölünməsi ilə ədədin 9-a bölünməsi arasındakı əlaqəni göstərdik. Ən maraqlısı isə bu idi ki, izahdan sonra həmin şagird özü 7-yə bölünmə əlamətini tapdı. Mən ona hazır cavabı demədim. Çünki əsas məqsəd uşağa cavabı əzbərlətmək deyil, düşünmə metodunu öyrətməkdir”, - deyə müəllim bildirib.
Müsahibimiz qeyd edib ki, düşünən və araşdıran beyin bir müddət sonra özü həll yolunu tapa bilir: “Məncə, riyaziyyatda əsas məsələ məhz budur: yöntəmi öyrənmək, düşünmək, araşdırmaq və asanlıqla təslim olmamaq”.