Riyaziyyatdan zəif şagirdin uğur hekayəsi: Sonra bütün qiymətlərim 5 oldu VİDEO
Bakı, 4 sentyabr, AZƏRTAC
Riyaziyyatdan “2” alan şagird sonradan bu fənni öz peşəsinə çevirdi. Mütəxəssis hesab edir ki, uşağın riyaziyyatı sevməməsinin əsas səbəblərindən biri fənnin düzgün izah olunmamasıdır. Onun sözlərinə görə, şagirdə hazır qaydaları əzbərlətmək əvəzinə, məsələnin məntiqini anlamağı və müstəqil düşünməyi öyrətmək lazımdır. Özü də məktəb illərində riyaziyyatdan zəif olsa da, atasının köməyilə bu fənnə maraq göstərib və sonradan riyaziyyat müəllimi olmağı qərara alıb.
Fizika, riyaziyyat və informatika təmayüllü liseyin riyaziyyat müəllimi Məftun Əhmədov AZƏRTAC-a açıqlamasında şagirdlərə riyaziyyatı sevdirməyin yollarını izah edib.
“Riyaziyyatı sevməyən uşağa bu fənni sevdirmək mümkündür. Mən özüm buna ən yaxşı nümunəyəm. Məktəbdə oxuyanda riyaziyyatdan çox zəif idim. Hətta birinci rübdə qiymətlərim “2” olurdu. Müəllimlərimiz bəzən hörmət xatirinə “3” yazırdılar, amma mən həqiqətən riyaziyyatı öyrənə bilmirdim. Düşünürdüm ki, riyaziyyat mənlik deyil. Bir gün uşaq vaxtı futbol oynayarkən yıxıldım və qolum sındı. Bir müddət evdə qalmalı oldum. Atam məndən riyaziyyatdan niyə zəif olduğumu soruşdu. Dedim ki, öyrənə bilmirəm. O da kitabımı gətirməyimi istədi və mənə məsələləri izah etməyə başladı. O vaxt dərsliklərdə məsələlər ardıcıl şəkildə verilirdi. Atam bölmə-bölmə məsələləri izah edirdi: sürət məsələləri, yaş məsələləri və sair. Mən diqqətlə oxuduqca gördüm ki, əslində məsələni başa düşmək üçün onun şərtini düzgün oxumaq kifayətdir. Bir müddət sonra məsələləri özüm həll etməyə başladım. Atam mənə beş misal verdi və gördüm ki, artıq onları özüm həll edə bilirəm. Bundan sonra nəticələrim dəyişməyə başladı. Birinci rübdə “3”, sonra “4”, daha sonra isə “5” almağa başladım. XI sinfə qədər riyaziyyatdan bütün qiymətlərim “5” oldu. Sonradan başa düşdüm ki, burada iki əsas amil var: həvəs və düşünməyi bacarmaq. Şagirdə riyaziyyatı əzbərlətmək yox, düşünməyi öyrətmək lazımdır. Mən özüm vaxtilə riyaziyyatdan “2” alan şagird idim, amma sonradan riyaziyyatçı olmağa qərar verdim. Universitetə qəbul imtahanında 500-dən yüksək bal topladım, son sınaqlardan birində isə 555 bal yığdığımı xatırlayıram. Riyaziyyat üzrə də demək olar ki, həmişə 25 sualdan 25-ni düzgün cavablandırırdım. Mənə “mühəndis olarsan” və başqa peşələr təklif edirdilər. Amma mən riyaziyyat müəllimliyi ixtisasını seçdim və bu gün həmin peşədəyəm”, - deyə müsahibimiz bildirib.