Təranə Əmiraslanlı: XXI əsrin kimya müəllimi şagirdə yalnız bilik deyil, bacarıq da qazandırır VİDEO
Bakı, 7 sentyabr, AZƏRTAC
XXI əsrin kimya müəllimi ənənəvi tədris metodları ilə kifayətlənməməli, şagirdlərə biliklə yanaşı, praktik bacarıqlar da qazandırmalıdır. Müasir dövrdə əyani təcrübələr, virtual laboratoriyalar, süni intellekt və fənlərarası əlaqələr kimya tədrisinin əsas istiqamətlərindən birinə çevrilib.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində 161 nömrəli tam orta məktəbin kimya müəllimi Təranə Əmiraslanlı söyləyib.
Müsahibimiz deyib: “Vaxtilə kimya müəllimləri bu fənnə daha çox informasiya ötürücüsü kimi yanaşırdılarsa, hazırda müəllim şagirdə informasiyanı əyani təcrübələr, süni intellekt, virtual laboratoriyalar və fənlərarası əlaqələr vasitəsilə çatdırmalıdır. Bu isə məsuliyyətimizi daha da artırır”.
Təranə Əmiraslanlı vurğulayıb ki, gələcəyin yaxşı kimyaçısı olmaq üçün şagird yalnız formulları əzbərləməklə kifayətlənməməlidir. Kimyəvi hesablamalar aparmaq, məsələləri həll etmək, süni intellekt alətlərindən düzgün istifadə etmək, əyani təcrübələr aparmaq şagird üçün əsas bacarıqlardandır.
Müəllim gələcəkdə əmək bazarında diplomdan daha çox praktiki bacarıqların ön plana çıxacağını düşünür. Onun sözlərinə görə, diplom insanın müəyyən biliklərə yiyələndiyini göstərsə də, həmin bilikləri praktikada tətbiq etmək və bacarığa çevirmək mütəxəssisin əsas üstünlüyünə çevriləcək.
“Biliyi bacarığa çevirmək, öyrəndiklərini təcrübələrdə tətbiq etmək və əldə olunan biliklərdən əyani şəkildə istifadə etmək bacarığı gələcəyin mütəxəssisləri üçün daha vacib olacaq”, - deyə müsahibimiz bildirib. O, əlavə edib ki, texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə şagirdlərin analitik düşünmə, kimyəvi hesablamalar aparma, məsələləri həlletmə və yeni texnologiyalardan düzgün istifadə etmə bacarıqlarının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Gələcəkdə əmək bazarında diplomdan daha çox insanın biliklərini bacarığa çevirməsi və onları real vəziyyətlərdə tətbiq edə bilməsi ön plana çıxacaq.