XI sinif şagirdi: Elə qurğu ixtira etmək istərdim ki, bütün fənlərin kitabları orada yerləşsin VİDEO
Bakı, 7 sentyabr, AZƏRTAC
Məqsədə çatmaq üçün planlı və məsuliyyətli çalışmaq çox vacibdir. İlk addımım özümə rejim qurmaqdır.
Bu fikri AZƏRTAC-a müsahibəsində 161 nömrəli tam orta məktəbin XI sinif şagirdi Banu Nəsibli söyləyib. O deyib: “Hədəfimi planlayıram və məqsədimə daha tez çatmaq üçün atacağım addımları düşünürəm. Məsuliyyətli olmağa çalışıram. Gün ərzində dərs üzərində neçə saat çalışacağımı da əvvəlcədən müəyyənləşdirirəm və həmin rejimi pozmamağa çalışıram. Beləliklə, indiyə qədər çatmadığım məqsədim olmayıb”.
Banu Nəsibli gələcəkdə informatika sahəsində fəaliyyət göstərmək istədiyini qeyd edib. Hazırda informasiya təhlükəsizliyi ixtisasına hazırlaşdığını bildirən məktəbli bu sahədə uğur qazanacağına ümid etdiyini deyib.
Şagird gələcəkdə məktəblilər üçün faydalı bir qurğu ixtira etmək istədiyini də bildirib: “Məktəblərdə şagirdlər çoxlu sayda kitab daşımalı olurlar. Məsələn, bir şagird yeddi fənnin kitabını özü ilə gətirir. Elə bir qurğu ixtira etmək istərdim ki, bütün fənlərin kitabları orada yerləşsin. Bu, telefon və ya planşet kimi diqqəti yayındıran cihaz yox, sırf dərs vəsaiti kimi istifadə olunan bir qurğu olardı”.
Banu riyaziyyat fənninə xüsusi maraq göstərdiyini və müəllimin öyrətdiyi praktik üsulların məsələlərin həllində ona kömək etdiyini bildirib. O, xüsusilə çoxhədlilərin vuruqlara ayrılması mövzusunda “t əvəzləməsi” üsulundan istifadə etdiyini və bu metodun məsələləri daha sürətli həll etməyə imkan verdiyini deyib.
Süni intellektdən istifadəyə münasibət bildirən məktəbli hazırda şəxsi telefonunun olmadığını, kompüterdən isə istifadə etdiyini deyib. Onun sözlərinə görə, süni intellektdən çox nadir hallarda və valideynlərinin icazəsi ilə istifadə edir: “Düşünürəm ki, süni intellektdən istifadə etməyən uşaq qarşılaşdığı məsələnin həllini özü tapmağa daha çox cəhd edir. İnsan hər zaman süni intellektdən istifadə etdikdə öz düşünmə qabiliyyəti müəyyən qədər zəifləyə bilər. Amma problemi özün həll etməyə çalışanda düşünmə qabiliyyətin daha yaxşı inkişaf edir”.
O, sonda həmyaşıdlarına telefondan həddindən artıq istifadə etməməyi tövsiyə edib: “Telefondan müəyyən qədər istifadə etmək olar. Lakin abituriyent xüsusilə diqqətli olmalıdır. Düşünürəm ki, telefondan az istifadə etmək dərslərə və qarşıya qoyulan məqsədlərə daha yaxşı fokuslanmağa imkan verir”.