Menecer: İnkişaf etməkdə olan iqtisadiyyatlarda bərpaolunan enerji layihələrinə qoyulan investisiyalar artmalıdır VİDEO
Bakı, 7 sentyabr, AZƏRTAC
Ötən il qlobal enerji investisiyaları rekord göstəriciyə - 3,3 trilyon dollara çatıb və bunun 2,2 trilyon dolları təmiz enerji layihələrinə yönəldilib. Lakin beynəlxalq kapitalın cəlb olunması nöqteyi-nəzərindən ciddi disbalans mövcuddur. Belə ki, inkişaf etməkdə olan ölkələrin payına bu investisiyaların cəmi 15 faizi düşür.
AZƏRTAC xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 çərçivəsində “Sərhədlərarası Bərpaolunan Enerji Sertifikatları sistemi regional inteqrasiya üçün” mövzusunda keçirilən panel sessiya zamanı "Deloitte & Touche" MMC-nin iqlim dəyişikliyi və dayanıqlılıq üzrə meneceri Cavahir Cəfərli söyləyib.
Regionumuzun hazırda qlobal yaşıl enerji qovşağına çevrildiyini vurğulayan C.Cəfərli deyib: "Beynəlxalq Enerji Agentliyinin hesabatlarına görə, inkişaf etməkdə olan dəhlizlərdə və iqtisadiyyatlarda bərpaolunan enerji layihələrinə qoyulan investisiyalar qlobal göstəricilərdən 2-3 dəfə sürətlə artmalıdır. Biz investorlar və dövlət qurumları ilə birgə dialoq platformalarında yer almaqdan, dövlətlərin dayanıqlı inkişaf ehtiyacları ilə özəl kapitalın maraqları arasında uzlaşma yaratmaqdan məmnunluq duyuruq".