Baş nazir Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü ilə görüşüb VİDEO
Bakı, 8 sentyabr, AZƏRTAC
Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 8-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, beynəlxalq əlaqələr şöbəsinin müdiri Lyu Haysin ilə görüşüb.
Nazirlər Kabinetindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin birgə səylərinin ikitərəfli əlaqələrin hazırkı yüksək səviyyəyə çatmasında həlledici rolları vurğulanıb.
İki ölkə arasında iqtisadi-ticari və investisiya əlaqələrinin müsbət dinamikası vurğulanıb. Yaşıl enerji sahəsində birgə layihələrin uğurla həyata keçirildiyi, bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensialın olduğu qeyd edilib.
Nəqliyyat-tranzit sahəsində əməkdaşlığın ardıcıl inkişaf etdiyi bildirilərək “Bir kəmər, bir yol” təşəbbüsü və Orta Dəhliz çərçivəsində qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb. Zəngəzur dəhlizinin açılmasının regional nəqliyyat bağlantılarının daha da gücləndirilməsi və tranzit potensialının artırılması baxımından önəmi diqqətə çatdırılıb.
Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əlaqələrin inkişafı yüksək qiymətləndirilib, partiyalararası əməkdaşlığın və qarşılıqlı təmasların daha da genişləndirilməsinin əhəmiyyəti qeyd edilib.
Görüşdə Azərbaycan ilə Çin arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.