Fərhad Pirinççi: Türk Dövlətləri Təşkilatı regional və qlobal miqyasda mühüm aktorlardan birinə çevrilib VİDEO
Bakı, 15 sentyabr, AZƏRTAC
Bakı Türk dünyası üçün əvəzsiz yerdir. Bura "İkinci Vətən"dən daha çox, Ümummilli Lider Heydər Əliyevin də qeyd etdiyi kimi, "Tək millət, iki dövlət" ifadəsinə tam uyğundur.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” mövzusunda keçirilən panel iclasda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi rəhbərinin köməkçisi Fərhad Pirinççi deyib.
O vurğulayıb ki, Qazaxıstanda başlayıb Azərbaycanda davam edən, bundan sonra da digər türk dövlətlərinin şəhərlərində keçiriləcək panel iclasın əsas məqsədi həm dialoqu gücləndirmək, həm də Türkiyədə təşkil olunacaq Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü ərəfəsində fikir bazasını formalaşdırmaqdır.
“Türk dünyasını bir-birinə bağlayan köklü və tarixi mədəni bağlar mühüm yerə sahibdir. Bu gün Türk Dövlətləri Təşkilatı regional və qlobal miqyasda mühüm aktorlardan birinə çevrilib. Lakin düşünürəm ki, bu gün çatdığımız nöqtə potansialın yalnız bir hissəsinin reallaşdırılmasıdır. Əsas məsələ başda Türk Dövlətləri Təşkilatının "2040 Vizyonu" olmaqla bundan sonrakı prosesdə bu potensialı artıqlaması ilə həyata keçirməkdir”, - deyə Fərhad Pirinççi bildirib.
Fotoqraf – Azər İbrahimov