Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO
Tbilisi, 27 sentyabr, AZƏRTAC
Bu gün Azərbaycan xalqı öz qəhrəman övladlarının xatirəsini ehtiramla anır. Azərbaycanın tarixi torpaqlarını işğaldan azad edilməsindən altı il ötür. Bu çox mühüm hadisədir və başqalarına da nümunə olmalıdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq, "Vahid Neytral Gürcüstan" partiyasının regional katibi Levan Nikoleişvili söyləyib.
Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması Cənubi Qafqaz üçün çox mühüm hadisədir. Bu, həm də müharibədən sonra sülhə necə nail olmağın nümunəsidir.
Politoloq deyib ki, dağıntılar və insan tələfatından sonra Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması yeni perspektivlər yaradıb. Bu perspektivlər yalnız təhlükəsizlik və sabitliklə deyil, həm də regionda yeni iqtisadi və enerji layihələrinin həyata keçirilməsi ilə bağlıdır.
“Gürcüstan üçün həm Ermənistan, həm də Azərbaycanla yaxşı qonşuluq münasibətlərinin olması çox vacibdir. Bu münasibətlər sabitlik və təhlükəsizlik şəraitində gələcək iqtisadi layihələr üçün imkanlar açır”, - deyə politoloq vurğulayıb.
O qeyd edib ki, regionda baş verən proseslər böyük ölçüdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilir və digər ölkələr üçün mühüm nümunədir: “Uzun müddət müharibə ocağı ilə assosiasiya olunan Cənubi Qafqaz müharibədən sonra iqtisadi gələcək və sülh regionuna çevrilə bilər”.
Politoloqun fikrincə, Azərbaycan, Ermənistan və Gürcüstan arasında münasibətlərin inkişafı Cənubi Qafqazı dünyanın inkişaf edən regionlarından birinə çevirə bilər.
“Bu prosesə hər hansı müdaxilə cəhdi Gürcüstan üçün qəbuledilməzdir. Biz qonşu ölkələr arasında münasibətlərin inkişafını dəstəkləyirik və buna sevinirik”, - deyə Levan əlavə edib.
O, rəqabətli mühitin güclənməsi fonunda Gürcüstanın öz əhəmiyyətini itirəcəyi ilə bağlı fikirləri təkzib edib: “Hər üç ölkənin strateji coğrafi mövqeyindən irəli gələn fərqli üstünlükləri var. Gürcüstanın həm Azərbaycanla, həm də Ermənistanla münasibətlərdə əlavə rol oynamaq üçün öz perspektivi mövcuddur”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi