AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO
Bakı, 1 oktyabr, AZƏRTAC
Qida zəhərlənməsi hadisələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Validə Sadıxova bildirib.
O vurğulayıb ki, kütləvi tədbirlər zamanı qidaların hazırlanması prosesində çarpaz çirklənmə, qida hazırlayan şəxslərin sağlamlıq vəziyyəti, hazır yeməklərin uyğun olmayan temperaturda saxlanılması, eləcə də daşınma şəraiti əsas risk faktorlarıdır.
Qida zəhərlənməsi hadisələrinin araşdırılmasında qalıq qida nümunələrinin saxlanılması və AQTA-nın müfəttişlərinə təqdim edilməsi mühüm əhəmiyyət daşıyır. Bu, hadisənin səbəblərinin müəyyənləşdirilməsinə və epidemioloji araşdırmanın düzgün aparılmasına imkan verir.
AQTA vətəndaşları kütləvi tədbirlər zamanı qidaların hazırlanması, saxlanılması və daşınması qaydalarına ciddi əməl etməyə, qida təhlükəsizliyinə məsuliyyətlə yanaşmağa çağırıb.