Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO
Bakı, 2 oktyabr, AZƏRTAC
Oktyabrın 2-də Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, Avropa Cüdo Birliyinin prezidenti Laslo Tot və qurumların rəsmiləri Fəxri xiyabanı və Zəfər abidəsini ziyarət ediblər.
ACF-dən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Fəxri xiyabana gələn nümayəndələr xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb.
Daha sonra Zəfər parkında Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyulub.
Qeyd edək ki, ziyarət Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı ərəfəsində baş tutub. Yarış 4–11 oktyabr tarixlərində Milli Gimnastika Arenasında təşkil olunacaq.