Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycan və Böyük Britaniya arasında 2026-2027-ci illər üzrə Fəaliyyət Planı 10 istiqamət üzrə 60-dan çox tədbiri əhatə edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında çıxışı zamanı deyib.
O bildirib ki, bu sənəd qarşıdakı dövrdə birgə fəaliyyət üçün aydın yol xəritəsi yaradır.
“Əsas vəzifə əldə olunan razılaşmaları konkret nəticələrə, mövcud potensialı isə yeni layihələrə çevirməkdir. Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlıq kənd təsərrüfatı, qida təhlükəsizliyi, təhsil, mədəniyyət və turizm sahələrində də davamlı şəkildə inkişaf edir”, - deyə nazir diqqətə çatdırıb.
P.Şahbazov qeyd edib ki, süni intellekt, kibertəhlükəsizlik, məlumat mərkəzləri və insan kapitalının inkişafı üzrə ayrıca yol xəritəsinin hazırlanması, həmçinin aparıcı Britaniya universitetləri ilə birgə akademik proqramların həyata keçirilməsi əməkdaşlığa daha praktiki məzmun qazandıra bilər.