Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO
Bakı, 7 oktyabr, AZƏRTAC
Avropa İttifaqının aşağı dəyərli bağlamaların emalına görə rüsum tətbiq etmək qərarı qlobal poçt-logistika sektoruna və milyonlarla istehlakçıya əhəmiyyətli təsir göstərə bilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən “PostEurop” Baş Assambleyası və Biznes Forumunda Ümumdünya Poçt İttifaqının (UPU) baş direktoru Masahiko Metoki deyib.
“Aİ iyulun 1-dən aşağı dəyərli bağlamaların emalına görə rüsum tətbiq etmək qərarına gəlib. Bu qərar həm Aİ-də, həm də ondan kənarda milyonlarla istehlakçıya, elektron ticarət şirkətlərinə, poçt operatorlarına, logistika xidmətləri göstərən qurumlara və dövlət orqanlarına təsir göstərə bilər. Təşəbbüsün məqsədləri rəqabət üçün bərabər şəraitin yaradılması, gömrük nəzarətinin gücləndirilməsi və sərhədlərarası elektron ticarətin həcminin sürətlə artması nəticəsində yaranan problemlərin həllidir”, - deyə o bildirib.
M.Metokinin sözlərinə görə, sektorda bu tədbirlərin praktiki həyata keçirilməsi və onların geniş iqtisadi təsirləri ilə bağlı narahatlıqlar qalmaqdadır.