Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO
Bakı, 7 oktyabr, AZƏRTAC
Təəssüf ki, biz qeyri-sabitliyin getdikcə artdığı bir dövrdə yaşayırıq. Münaqişələr artır. Təəssüf ki, etimad azalır. Dünya getdikcə parçalanır. Çox vaxt dialoqun yerini ittihamlar və ya təhdidlər tutur.
AZƏRTAC xəbər verir ki, bunu Moldovanın sabiq Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Kiril Qaburiç Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransda çıxış edərkən deyib.
Bütün bunların fonunda çox vacib bir məqam olan insan amilinin diqqətdən kənarda qalıb unudulduğunu bildirən sabiq baş nazir əlavə edib:
“Bu gün etiraf etməliyik ki, vəziyyət o qədər də yaxşı deyil. Həmişə günahlandırmağa kimisə axtarmaqdansa, düşünürəm ki, hər birimiz özümüzə sadə bir sual verməyi bacarmalıyıq: vəziyyəti yaxşılaşdırmaq üçün mən nə edə bilərəm? Əgər vəziyyəti yaxşılaşdırmaq üçün edə biləcəyimiz bir şey tapa bilmiriksə, heç olmasa vəziyyəti daha da pisləşdirən hər hansı bir addım atmadığımıza əmin olmalıyıq. İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin və diqqətimizin mərkəzinə qaytarmalıyıq”.