Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO
Bakı, 7 oktyabr, AZƏRTAC
Müasir dövrdə müəllimin əsas vəzifələrindən biri şagirdə yalnız bilik vermək deyil, həm də öyrənməyi öyrətməkdir. Uşaq məlumatı necə axtarmağı, araşdırmağı və qarşısına çıxan suallara necə yanaşmağı bildikdə, müəllimin diqqətindən kənarda qalan məsələləri də müstəqil şəkildə öyrənə bilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında 276 nömrəli məktəbin ibtidai sinif müəllimi Gülnarə Məmmədova deyib. Müəllim bildirib ki, xüsusilə ibtidai siniflərdə şagirdlərdə öyrənmə vərdişlərinin formalaşdırılması onların sonrakı təhsil və inkişaf mərhələləri üçün böyük əhəmiyyət daşıyır. Uşağa yalnız hazır məlumatı təqdim etmək deyil, həmin məlumatı müstəqil şəkildə əldə etməyin yollarını göstərmək də vacibdir.
“Təkcə ibtidai siniflərdə deyil, ümumilikdə bütün məktəblərdə müəllimin əsas vəzifələrindən biri öyrənməyi öyrətmək olmalıdır. Uşaq necə öyrənəcəyini, qarşısına çıxan suala cavab tapmaq üçün hansı mənbələrə və üsullara müraciət etməli olduğunu bildikdə, müəllimin diqqətindən kənarda qalan məsələlər üzərində də müstəqil şəkildə işləyə bilir. Buna görə də mən həmişə şagirdlərimə, ilk növbədə, öyrənməyi öyrətməyə üstünlük verirəm. Müasir dövrün uşaqlarının dünyagörüşünün əvvəlki illərlə müqayisədə daha geniş olduğunu nəzərə almalıyıq. Onlar müxtəlif mənbələrdən məlumat əldə edir, fərqli mövzularla maraqlanır və ətrafında baş verən hadisələrə daha çox sual verirlər. Bəzən ibtidai sinif şagirdlərinin verdiyi suallar onların yaş xüsusiyyətləri nəzərə alınmaqla gözlənilməz görünə bilər.
İndiki uşaqların maraq dairəsi kifayət qədər genişdir. Dərs zamanı bir anda elə bir sual səslənir ki, düşünürsən: bunu altı-yeddi yaşlı uşaq necə maraqlanıb araşdırıb? Lakin sonra anlayırsan ki, həmin məsələ doğrudan da, onun diqqətini çəkib və uşaq bu barədə düşünərək sual verib. Belə məqamda hazır cavabı təqdim etməkdənsə, şagirdə araşdırmaq, məlumatı özü əldə etmək və nəticəyə gəlmək imkanı yaratmaq daha faydalıdır.
Öyrənməyi öyrənən şagird qarşısına çıxan müxtəlif suallara cavab tapmaq üçün hansı istiqamətdə hərəkət etməli olduğunu artıq bilir. Bu yanaşma onun yalnız bilik dairəsinin genişlənməsinə deyil, eyni zamanda, müstəqil düşünmə, araşdırma və düzgün nəticə çıxarma bacarıqlarının inkişafına da şərait yaradır”, - deyə müəllim qeyd edib.
Gülnarə Məmmədova deyib ki, bu yanaşmanın nəticələri şagirdlərin gündəlik fəaliyyətində də aydın şəkildə müşahidə olunur. Onlar maraq göstərdikləri mövzularla bağlı əlavə araşdırmalar aparır, əldə etdikləri məlumatları müəllimləri və sinif yoldaşları ilə bölüşürlər: “Şagirdlərimin nəticələrini gördükcə bu yanaşmanın nə qədər səmərəli olduğunu daha yaxşı anlayıram. Onlar öz təşəbbüsləri ilə axtarış aparır, maraqlandıqları məsələləri araşdırır, yeni məlumatlar əldə edirlər. Daha sonra öyrəndiklərini gəlib mənimlə bölüşür, sinif yoldaşlarına danışırlar. Bəzən tənəffüs zamanı onların hansısa mövzu ətrafında öz aralarında fikir mübadiləsi apardıqlarını görürəm. Diqqət etdikdə məlum olur ki, əlavə məlumatlar əldə edib həmin bilikləri bir-biriləri ilə paylaşırlar. Bu, uşaqlarda öyrənməyə marağın formalaşdığını, onların bilik əldə etməyə yalnız dərs çərçivəsində deyil, gündəlik həyatın bir hissəsi kimi yanaşmağa başladığını göstərir”.