Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir VİDEO

Bakı, 10 may (AZƏRTAC). Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak etmişlər.

Əvvəlcə Heydər Əliyev Fondunun 10 illik fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilmişdir.

Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

 

Prezident İlham Əliyevin

nitqi

- Hörmətli xanımlar və cənablar, əziz dostlar.

Bu gün biz ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünü qeyd edirik. Keçən il biz Ulu Öndərin adını daşıyan bu möhtəşəm Mərkəzdə Heydər Əliyevin 90 illik yubileyini qeyd etmişdik. 2012-ci il mayın 10-da isə biz bu Mərkəzin açılışını qeyd etmişdik. Bu il Ulu Öndərin adını daşıyan Fondun 10 illiyidir. Bir qədər bundan əvvəl Fondun fəaliyyətinə həsr edilmiş film göstərilmişdir. Filmdə Fondun çoxşaxəli fəaliyyəti haqqında qısa bir məlumat verilmişdir. Çünki Fondun 10 il ərzində gördüyü işlər o qədər böyükdür ki, əlbəttə, bir filmdə o işləri göstərmək mümkün deyildir.

Fonda 10 il ərzində Mehriban Əliyeva rəhbərlik edir. Onun rəhbərliyi ilə Fond nəinki Azərbaycanda, eyni zamanda, regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilmişdir. Mehribanın rəhbərliyi ilə bir neçə istiqamət üzrə konkret proqramlar icra edilmişdir. Bir çox hallarda Fondun təşəbbüsləri bir qədər sonra həm ictimai təşkilatlar, eyni zamanda, dövlət qurumları tərəfindən dəstəklənmiş və bir növ dövlət proqramına çevrilmişdir. Xüsusilə Fondun təşəbbüsü ilə başlanmış “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi bu gün geniş vüsət almışdır və dövlət bu proqrama qoşularaq son 10 il ərzində 3 minə yaxın yeni məktəb tikdirə bilmişdir. “Xocalıya ədalət!” kampaniyası da məhz Fondun təşəbbüsü ilə başlamışdır. Ondan sonra dövlət qurumları, ictimai qurumlar bu təşəbbüsə qoşulmuşlar və nəticə etibarilə qısa müddət ərzində 10-dan çox ölkə Xocalı soyqırımını rəsmən soyqırımı kimi qəbul etmişdir.

Səhiyyə ilə bağlı təşəbbüslər geniş vüsət almışdır. Azərbaycan mədəniyyətinin, mədəni irsimizin qorunması, dünyada təbliği işində Fond əvəzsiz rol oynamışdır. Bizim milli sərvətimiz olan muğam sənəti UNESCO-nun dünya qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Əlbəttə ki, bütün bunlar filmdə öz əksini tapıbdır. Sadəcə olaraq mən bu gün Fondun fəaliyyətinə öz münasibətimi bildirmək istəyirəm. Deyə bilərəm ki, bu 10 il ərzində bu məsələ ilə bağlı mənim ilk çıxışımdır. Ona görə Azərbaycan dövləti adından Fonda, Fondun bütün işçilərinə minnətdarlığımı bildirmək istəyirəm. Onu da qeyd etmək istəyirəm ki, Fondun işçilərinin sayı o qədər də çox deyildir. Fondun işçilərinin tərkibi çox məhdud saydadır. Ancaq buna baxmayaraq peşəkardırlar, enerjilidirlər, biliklidirlər və işçilərin mütləq əksəriyyəti gənclərdir.

Bu gün Heydər Əliyev Fondu Ulu Öndərin adını şərəflə daşıyır, Ulu Öndərin xatirəsinə layiq fəaliyyət göstərir. Heydər Əliyev tarixi şəxsiyyətdir, müstəqil Azərbaycan dövlətinin qurucusudur, bizim xilaskarımızdır. Bir-biri ilə tamamilə ziddiyyət təşkil edən iki dövlət quruluşunda Azərbaycana rəhbərlik etmişdir. 1969-1982-ci və 1993-2003-cü illər Azərbaycan tarixində Heydər Əliyevin rəhbərliyi ilə inkişaf illəri kimi qalacaqdır. İki tamamilə fərqli bir ictimai-siyasi mühitdə Azərbaycan ən yüksək zirvələrə qalxa bilmişdir.

Birinci mərhələdə Azərbaycan müstəqil deyildi, başqa ölkənin tərkibində idi. Eyni zamanda, sistem də tam başqa idi. Demokratik sistem deyildi.

İkinci dövr isə müstəqillik, demokratiyanın inkişafı və sürətli inkişaf dövrü idi. 1969-cu ildə isə Azərbaycan müttəfiq respublikalar arasında deyə bilərəm ki, ən axırıncı yerdə idi. Bunu statistik göstəricilər də təsdiq edir. Bu illəri xatırlayan insanlar da deyə bilərlər ki, o vaxt sovet məkanında Azərbaycan ən geridə qalmış bir respublika idi.

Heydər Əliyevin rəhbərliyi ilə aparılan böyük quruculuq işləri nəticəsində Azərbaycan 12 il ərzində SSRİ-də ən qabaqcıl yerlərə çıxa bilmişdir. Sovet İttifaqı dağılanda məlum olmuşdur ki, bu İttifaqda cəmi iki respublika özünü tam şəkildə təmin edirdi və donor kimi fəaliyyət göstərirdi. Onlardan biri də Azərbaycan idi. Məhz o illərdə Azərbaycanda o vaxta uyğun olaraq müasir sənaye kompleksi yaradılmışdır. Azərbaycan aqrar respublikadan sənaye respublikasına çevrilmişdir. Xüsusilə neft-qaz sənayesi üçün çox vacib olan məsələlər məhz o illərdə öz həllini tapmışdır. O layihələr bu gün də müstəqil Azərbaycana xidmət göstərir. Sənaye potensialının, kənd təsərrüfatının inkişafı o vaxt Azərbaycan üçün böyük imkanlar açmışdır. İnsanların rifah halı yaxşılaşmışdır. Bir daha demək istəyirəm ki, Azərbaycan o illərdə imkanlardan maksimum istifadə edib öz inkişaf dövrünü yaşayıb.

Respublikamızın çox zəngin mədəni həyatı vardır. Bütün bunlar Ulu Öndərin şəxsiyyəti ilə bağlı olan məsələlər idi. Məhz o illərdə deyə bilərəm ki, sovet məkanında ilk dəfə olaraq korrupsiya və rüşvətxorluğa qarşı mübarizə başlamışdır və bu, sovet məkanında bir yenilik idi. Bu yeniliyin müəllifi Heydər Əliyev olmuşdur. 1982-ci ildə Moskva dövrü başlamışdır. O dövr də çox əhəmiyyətli idi. Çünki Heydər Əliyev böyük, super dövlətin rəhbərliyində təmsil olunurdu. Baş nazirin birinci müavini idi. Azərbaycana da əlbəttə ki, öz qayğısını göstərirdi.

Ancaq Azərbaycanda artıq 1982-ci ildən başlayaraq işlər yavaş-yavaş tənəzzülə uğramağa başlamışdır. İlk illərdə hələ inersiya gücü var idi. Ondan sonra isə durğunluq dövrü başlanmışdır. Təsadüfi deyil ki, Heydər Əliyev 1987-ci ildə bütün vəzifələrdən gedəndən sonra Azərbaycan çox böyük problemlərlə, fəlakətlərlə üzləşmişdir. O, siyasi hakimiyyətdən gedəndən sonra cəmi 2 həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirməklə bağlı məsələ qaldırmışdır. Məhz Heydər Əliyevin siyasi hakimiyyətdə olmaması erməniləri ruhlandırırdı. Çünki Heydər Əliyev amili imkan vermirdi ki, onlar bu çirkin iddiaları irəli sürsünlər. Ondan sonra Azərbaycana qarşı elan olunmamış müharibə başlamışdır, Qanlı Yanvar faciəsi törədilmişdir. O ağır, faciəvi anlarda yenə də Heydər Əliyev öz haqq səsini ucaltdı. Moskvada Azərbaycanın daimi nümayəndəliyində sovet hakimiyyətinin hərəkətlərini pislədi, Sovet İttifaqının başında duran şəxsi pislədi. Bütün dünyaya bu faciə haqqında öz sözlərini bəyan etdi. Bu, böyük cəsarət tələb edən bir addım idi. Çünki Sovet İttifaqının dağılmasına hələ 2 il vaxt var idi. Heç kimin ağlına gələ bilməzdi ki, nə vaxtsa Sovet İttifaqı dağıla bilər.

Heydər Əliyev sadəcə olaraq susa bilmirdi. O ağır anlarda öz xalqına mənəvi dəstək vermişdir. Ondan sonra təbii ki, totalitar maşın, totalitar dövlət ona qarşı hərəkətə keçdi. Onun həbs edilməsi ilə bağlı hazırlıq işləri aparılırdı. Moskvadan Bakıya gəlməyə məcbur olmuşdur. Burada da yaşamağa imkan vermədilər. Öz doğulduğu yerə - Naxçıvana üz tutdu. Beləliklə, onun həyatında Naxçıvan dövrü başlayır. Bu dövr də həm Naxçıvan üçün, həm müstəqilliyimiz üçün həlledici dövrdür. Çünki Azərbaycanın dövlət müstəqilliyinin əsasları məhz Naxçıvanda qoyulmuş, məhz Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı elan edilmişdir. Sovet İttifaqının saxlanması ilə bağlı referendum Naxçıvanda keçirilməmişdir. Naxçıvanı blokadadan çıxarmaq üçün böyük səylər göstərildi. Erməni işğalçılara böyük zərbə vuruldu. Naxçıvan qorundu, Naxçıvanın ərazi bütövlüyü qorundu və saxlanıldı.

Təsadüfi deyil ki, Azərbaycanda vətəndaş müharibəsi başlayanda və torpaqlarımızın bir hissəsi işğal altına düşəndə xalq öz ümidini Heydər Əliyevin adı ilə bağlamışdır. 1993-cü ildə qardaş qırğını başlamışdır. O vaxt antimilli, xəyanətkar AXC-Müsavat hakimiyyəti qardaş qanını axıtdı. Bir tərəfdən torpaqlarımız işğal altına düşürdü, digər tərəfdən isə vətəndaş müharibəsi baş alıb gedirdi. Belə ağır vəziyyətdə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycanı böyük bəlalardan xilas etdi.

O dövrü təhlil edərkən daim bir məsələ diqqət çəkir: Əgər Heydər Əliyev Azərbaycanda olsaydı, əgər müstəqilliyin lap əvvəlindən, Sovet İttifaqı dağılan zaman Azərbaycanda rəhbərlikdə olsaydı, heç vaxt Dağlıq Qarabağ və ətraf bölgələr işğal altına düşməzdi. Ancaq tarix tarixdir. 1993-cü ildə xalqın dəstəyi, etimadı və tələbi ilə Heydər Əliyev Azərbaycanın Prezidenti seçildi. Bundan sonra ölkəmiz üçün yeni bir dövr başlanmışdır - sabitlik, təhlükəsizlik və inkişaf dövrü. Köklü islahatlar başlanmışdır, dövlətçiliyin əsasları qurulmuşdur, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir, cəmiyyətimizin ideoloji əsasları formalaşdırılmışdır, azərbaycançılıq məfkurəsi dövlət ideologiyası kimi qəbul edilmişdir, demokratik inkişaf, insan hüquqları ilə bağlı çox ciddi islahatlar başlamışdır. Azərbaycan beynəlxalq təşkilatlara üzv olmuşdur, Azərbaycana qarşı aparılan təbliğat kampaniyasına tutarlı cavablar verilməyə başlamışdır. Biz informasiya blokadasını yara bilmişdik. Məhz o illərdə xarici siyasətimizin əsas prinsipləri müəyyən edilmişdir və biz bu gün də bu prinsiplərə sadiqik.

Bir sözlə, ölkəmiz üçün ən ağır, faciəvi bir dövrdə Heydər Əliyevin şəxsi keyfiyyətləri, biliyi, cəsarəti, uzaqgörənliyi və xalqa olan məhəbbəti öz həlledici sözünü demişdir. Azərbaycan bu ağır sınaqdan şərəflə çıxa bilmişdir.

1993-2003-cü illərdə ölkəmizin hərtərəfli inkişafı ilə bağlı müxtəlif proqramlar qəbul edilmişdir, islahatlar aparılmışdır. Heydər Əliyev neft strategiyası müəyyən edilmişdir və bu gün hər bir Azərbaycan vətəndaşı öz gündəlik həyatında bu siyasətin əlamətlərini görür. Çünki bizim uğurlu iqtisadi inkişafımızın təməli məhz o illərdə qoyulmuşdur.

Bu gün Azərbaycan inamla, uğurla inkişaf edir. Biz Heydər Əliyevin davamçıları onun siyasi xəttinə sadiqik. Son on il ərzində Azərbaycan bu yolla gedir, Heydər Əliyevin siyasi vəsiyyətinə sadiqdir və ölkəmizin bugünkü reallıqları, bugünkü vəziyyəti bu yolun nə qədər düzgün olmasını əyani şəkildə sübut edir.

2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs vermişdir. Mən isə söz vermişdim ki, bu siyasətə sadiq qalacağam. Bizim verdiyimiz bütün vədlər həyatda öz əksini tapmışdır və 2008-ci ildə yenidən Azərbaycan xalqı öz etimadını göstərmişdir. Ölkəmizin son on il ərzindəki dünya miqyasında iqtisadi sahədə analoqu olmayan inkişafı əlbəttə ki, 2013-cü ildə xalqın seçiminə təsir göstərmişdir.

Bu gün isə yeni dövr başlayır - yeni onillik dövr. Bu dövrdə biz əvvəlki illərdə əldə edilmiş möhkəm təməl üzərində möhkəm Azərbaycan dövlətini gücləndirəcəyik. Son on il ərzində biz bütün istiqamətlər üzrə böyük uğurlara imza atdıq. Biz beynəlxalq aləmdə çox etibarlı tərəfdaş kimi özümüzü təsdiq etdik. Beynəlxalq ictimaiyyət bizim mövqeyimizi dəstəkləyir. Beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti öz səsini Azərbaycana vermişdir. BMT Təhlükəsizlik Şurasına seçildikdə 155 ölkə bizə inandı, bizi dəstəklədi. Əminəm ki, öz seçimində haqlı olduğunu gözəl anlayır və bizim namizədliyimizə öz səsini verdiyinə görə peşman olmadı.

İqtisadi sahədə son on ildə dünya miqyasında Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Bu da bizim böyük nailiyyətimizdir, aparılan siyasətin nəticəsidir. Müstəqil siyasətin nəticəsidir. Azərbaycanda şaxələndirmə ilə bağlı işlər aparılır. Enerji təhlükəsizliyi məsələləri Azərbaycanda həll olunur və burada biz liderlik mövqelərimizi daha da möhkəmləndiririk. Nəzərdə tutulmuş bütün layihələr uğurla icra edilmişdir. Çox ağır şəraitdə həm iqtisadi, həm geosiyasi vəziyyəti nəzərə alaraq bu layihələrin icra edilməsi tarixi nailiyyətdir.

Azərbaycanda regionların inkişafı ilə bağlı qəbul edilmiş proqramlar artıqlaması ilə icra edilmişdir. On il ərzində bu proqramların icrası nəticəsində işsizlik demək olar ki, aradan götürülübdür. Yoxsulluq kimi bəla demək olar ki, aradan götürülübdür. Əldə edilmiş bu uğurlar və daha da artan gücümüz imkan verəcək ki, biz növbəti illərdə də nəzərdə tutulan bütün məsələləri həll edək.

Yeni dövr başlayıb. Bu, 10 illik dövrüdür. 2023-cü ilə qədər nəzərdə tutulan bütün işlər görüləcəkdir. Əminəm ki, o vaxta qədər Azərbaycan indikindən bir neçə dəfə güclü olacaqdır. Bunu deməyə əsas verən bizim 20 illik tariximizdir, ardıcıl inkişafdır, strateji baxışlarımızdır və konkret addımlarımızdır.

Azərbaycan müstəqil dövlət kimi müstəqil siyasət aparır. Bu gün bizim iqtisadi gücümüz müstəqilliyimizin əsasını təşkil edir. Bu günə qədər görülən işlər və indi başlanan layihələr bizim gücümüzü bir neçə dəfə artıracaqdır. Bu, faktdır. Yəni, bu, bizim gördüyümüz və görüləcək işlərin nəticəsində olacaqdır.

Azərbaycan bölgədə möhkəm mövqelərə malikdir. Bu mövqelər ildən-ilə ancaq və ancaq möhkəmlənəcəkdir. Çünki artıq bizim iştirakımız olmadan bölgədə heç bir məsələ öz həllini tapa bilməyəcəkdir. Bir sözlə, biz ölkəmizin inkişafı ilə bağlı uzunmüddətli strategiyamızı müəyyən etmişik.

Ölkəmizin inkişafı ilə bağlı fundamental istiqamətlər Ulu Öndər tərəfindən müəyyən edilmişdir. Ancaq təbii ki, həyat yerində durmur, dünya dəyişir, prinsiplər dəyişir, beynəlxalq vəziyyət dəyişir. Biz görürük ki, öz yerimizi möhkəmləndirmək üçün daha da güclü olmalıyıq, daha da güclü iqtisadiyyata, sənaye potensialına, orduya malik olmalıyıq. Daha da güclü beynəlxalq mövqelərimiz olmalıdır. Bizim sözümüz bütün mötəbər tribunalardan səslənir. Biz sözümüzü deyirik. Bizim sözümüz ədalətdir və həqiqətdir. Ədalət və həqiqət bizim tərəfimizdədir. Ona görə strateji xəttimizi nəzərə alaraq biz öz ardıcıl addımlarımızı atırıq və atacağıq. Əminəm ki, hər bir vətənpərvər Azərbaycan vətəndaşı bu gün cəmiyyətdə mövcud olan həmrəylik, vətənpərvərlik duyğuları ilə fəxr edir. Fəxr edir ki, Azərbaycan bu zirvələrə çata bilmişdir.

Cəmiyyətdə səfərbərlik, həmrəylik də çox önəmlidir. Elə cəmiyyətlər vardır ki, onlar ideoloji məsələlər ətrafında bir-biri ilə mübahisə aparırlar. Elə cəmiyyətlər vardır ki, orada bölgü coğrafi xarakter daşıyır. Azərbaycan cəmiyyəti monolitdir. Bizi bir-birimizə bağlayan əsas amil həmrəylikdir və düzgün seçilmiş hədəfdir. Hədəf isə çox aydındır. Biz müasir dövlət qururuq, azad cəmiyyət yaradırıq, demokratiyanın inkişafı əsas şərtdir, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bundan sonra daha da ciddi aparılacaqdır. Biz ancaq və ancaq öz gücümüzə güvənirik. Bu siyasət öz səmərəsini vermişdir. İqtisadi gücümüz artdıqca müstəqillik də möhkəmlənəcəkdir. Müstəqillik isə bizim ən böyük sərvətimizdir, ən böyük nailiyyətimizdir. Tarixə baxsaq, Azərbaycanda müxtəlif dövrlərdə dövlətçilik ənənələri olmuşdur. Amma Azərbaycan heç vaxt bugünkü qədər güclü və müstəqil olmamışdır.

Bu gün - Ulu Öndərin doğum günündə bir daha yaxın tarixə nəzər salırıq. Heydər Əliyevin Azərbaycan xalqı üçün nə qədər böyük və tarixi işlər gördüyünü bir daha görürük. Ona görə Azərbaycan xalqı Heydər Əliyevin xatirəsini öz qəlbində saxlayır, yaşadır. Biz - onun davamçıları isə bundan sonra da Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq doğma Vətənimizi irəliyə aparacağıq.

Sağ olun!

Heydər Əliyev Fondunun prezidenti

Mehriban Əliyevanın çıxışı

- Hörmətli cənab Prezident.

Hörmətli xanımlar və cənablar.

Əziz qonaqlar.

Bu yubiley gecəsində sizin hamınızı səmimi qəlbdən salamlayıram.

Bu gün biz Heydər Əliyev Fondunun yubileyinə toplaşmışıq və hər şeydən öncə, cənab Prezident, Heydər Əliyev Fondunun bütün əməkdaşları adından bizim fəaliyyətimizə verdiyiniz yüksək qiymətə görə Sizə öz dərin minnətdarlığımı bildirirəm.

On il bundan əvvəl - 2004-cü il mayın 10-da Heydər Əliyev Fondu öz fəaliyyətinə başladı. Fond müasir Azərbaycan dövlətçiliyinin əsaslarını qoymuş, müstəqil Azərbaycanın siyasi, iqtisadi və mənəvi dirçəlişini təmin etmiş şəxsin adını daşıyır. Biz fəaliyyətimizin ilk günündən atdığımız addımlarla, gördüyümüz işlərlə bu yüksək ada layiq olmağa çalışmışıq. On il ərzində biz xeyli nailiyyətlər əldə etmişik. Bizim ən böyük nailiyyətimiz və uğurumuz Azərbaycan xalqının inamını və etimadını qazanmağımızdır. Bu, əvəzsiz bir mükafatdır.

Biz diqqətimizi ölkəmizdə həllini tapmayan problemlərin aradan qaldırılmasına yönəltdik. Biz Azərbaycanda çoxəsrlik köklərə malik olan xeyriyyəçilik və mərhəmət ənənələrinə arxalanaraq, köməyə ehtiyacı olan hər kəsin yanında olmağa çalışdıq. Biz valideyn himayəsindən məhrum olan uşaqlara, qocalara, qaçqın və məcburi köçkünlərə, müxtəlif xəstəliklərdən əzab çəkən insanlara qayğı göstərməyi, onlara mənəvi dayaq olmağı prioritet məsələ kimi daim diqqət mərkəzində saxladıq. Ölkəmizdə mövcud olan uşaq evləri və internat məktəblərini tamamilə yenidən qurub onlarda ailə mühitinin formalaşdırılması, fiziki qüsurlu insanların cəmiyyətə qovuşmaları üçün normal şəraitin yaradılması, uşaq evlərini tərk edən gənclər üçün yaşayış binaları, qaçqın və məcburi köçkün ailələri üçün yaşayış massivlərinin inşa olunması sübut etdi ki, belə insanlara qayğı, belə insanlara kömək bizim fəaliyyətimizin əsas amillərindən biridir.

Əziz qonaqlar, bir az əvvəl siz Fondun fəaliyyəti haqqında filmə baxdınız. Doğrudan da filmi hazırlayarkən biz müəyyən çətinliklərlə üzləşdik. Çünki bu 10 il ərzində Fond tərəfindən icra olunan layihələr, proqramlar ölkəmizin həyatının bir çox sahələrini əhatə edir və əldə olunan nəticələr o qədər genişdir ki, qısa bir filmdə görülən bütün işləri əks etdirmək o qədər də asan deyildi.

Fond tərəfindən icra olunan irimiqyaslı layihələr - “Yeniləşən Azərbaycana yeni məktəb”, “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Təhsilə dəstək”, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Xocalıya ədalət”, “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması”, “Tolerantlığın ünvanı Azərbaycan” və s. Bütün bu layihələrin nəticələrini biz bu gün görürük və əslində görülən bütün bu işlər Azərbaycanın ümumi inkişaf strategiyasının tərkib hissəsinə çevrilib.

Siz, cənab Prezident, tamamilə düz qeyd etdiniz və bu, bizi şad edir ki, çox hallarda Fond tərəfindən start verilən layihələr, Fondun təşəbbüsləri sonradan dövlət tərəfindən dəstəklənir və ölkədə daha geniş bir şəkildə icra olunur. 2005-ci ildə Fond “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsini başladı və bu layihə çərçivəsində Fondun dəstəyi ilə ölkəmizdə 412 yeni məktəb inşa olundu. Sonradan bu proqramı dövlət dəstəklədi və ölkəmizdə 3 mindən artıq məktəb təmir olundu və yaxud yenidən quruldu.

Bir neçə il bundan əvvəl ölkəmizdə genetik xəstəliklərin yayılmasının qarşısını almaq üçün Fond tərəfindən “Talassemiyasız həyat naminə” proqramına başladıq və bu proqram çərçivəsində paytaxtımızda regionun ən böyük Talassemiya Mərkəzini inşa etdik. Bu gün bu xəstəliklərlə mübarizə üçün dövlət tərəfindən xüsusi proqram hazırlanır.

Bizim fəaliyyətimizin digər çox vacib istiqaməti Azərbaycanın zəngin tarixi və mədəni irsinin qorunub saxlanması, təbliğ edilməsi və dünya ictimaiyyətinə tanıdılmasıdır. Fondun dəstəyi ilə Azərbaycanın müxtəlif regionlarında onlarla tarixi-memarlıq, dini abidələr bərpa olunub. Bakıda məscidlər, kilsələr, sinaqoqlar təmir və bərpa olunub. Məhz Fondun təşəbbüsü ilə paytaxtımızda Beynəlxalq Muğam Mərkəzi inşa olunub və hər il muğam müsabiqəsi keçirilir. Qəbələ Beynəlxalq musiqi festivalı, Rostropoviç və Şostakoviç festivalları artıq ənənəvi şəkildə keçirilir və öz auditoriyasını qazanıb. Azərbaycanın qədim xalçaçılıq sənəti artıq UNESCO-nun Ümumbəşəri Mədəni İrs Siyahısına daxil edilib və bizim xalçalar dünyanın ən məşhur muzeylərində nümayiş olunur.

Biz dünyanın müxtəlif ölkələrində Azərbaycan günləri və Azərbaycan gecələri keçirməklə Azərbaycanın keçmişini, Azərbaycanın tarixini, mədəniyyətini, bu gününü, müstəqil Azərbaycanın nailiyyətlərini, ölkəmizdə hökm sürən tolerantlıq və dözümlülük ab-havasını bütün dünyaya göstərmək, bütün dünyaya tanıtmaq istəyirik. Belə görüşlərdə insanlar Azərbaycanı özləri üçün yenidən kəşf edirlər. Dünyanın ən möhtəşəm zallarında qədim Azərbaycan muğamı səslənir və sərgilərdə müasir Azərbaycanın müasir incəsənət xadimlərinin əsərləri ilə tarixi artefaktlar birgə nümayiş olunur.

Eyni zamanda, biz hər bir xalqın mədəni irsini ümumbəşəri dəyər kimi qəbul edirik. Bu irsin qorunmasına Azərbaycandan kənarda da öz töhfəmizi veririk. Heydər Əliyev Fondunun dəstəyi ilə Strasburq Kafedral kilsəsinin vitrajları, Versal sarayındakı abidələr, Fransanın müxtəlif regionlarında yerləşən kilsələr, Berlin qəsri, Roma katakombaları, Vatikan kitabxanasında saxlanılan dəyərli foliantlar bərpa olunur.

Bu 10 il ərzində biz fəaliyyətimizi genişləndirərək bir sıra çox nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq qurmuşuq, birgə layihələr icra etmişik. Bizim tərəfdaşlarımız arasında UNESCO, İSESCO, UNİCEF, BMT İnkişaf Fondu kimi nüfuzlu beynəlxalq qurumlar vardır. Fondun Rusiya, Türkiyə, Rumıniya, Amerika Birləşmiş Ştatlarındakı nümayəndəlikləri çox uğurla fəaliyyət göstərir.

Çox sevindirici haldır ki, son zamanlar Azərbaycan gəncləri Fondun təşəbbüslərinə çox geniş şəkildə qatılır. Ətraf mühitin qorunması sahəsində Fond tərəfindən hazırlanan proqramlar, təşəbbüslər artıq ölkəmizdə yeni bir gənclər hərəkatına çevrilib və IDEA kampaniyası çərçivəsində Azərbaycanda 3 milyondan çox ağac əkilib.

Eyni zamanda, biz ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini dünya ictimaiyyətinə çatdırırıq. Hər il Fond müxtəlif dillərdə yüzlərlə nəşrlər hazırlayır, onu bütün dünyaya yayır. Biz bu gün “Xocalıya ədalət!” kampaniyasının müsbət nəticələrini görürük.

Bir sözlə, əziz qonaqlar, 10 il ərzində görülən işlərin sayı çoxdur. Əldə edilən nəticələr də çox gözəldir. Bizim Fondun əməkdaşlarını birləşdirən amillər çox sadədir. Bu, vətənpərvərlik, mərhəmət, insansevərlik, doğma xalqımıza və ölkəmizə xidmət etməkdir. Bu gün mən fürsətdən istifadə edərək, Fondun bütün əməkdaşlarına, bizim komandamıza bu 10 il ərzində göstərdikləri işgüzarlıq, peşəkarlıq, insansevərlik, vətənpərvərlik keyfiyyətlərinə görə dərin minnətdarlığımı bildirirəm. Bizimlə əməkdaşlıq quran, bizi dəstəkləyən, bizə kömək edən hər bir quruma, hər bir təşkilata, hər bir insana bu gün mən öz dərin minnətdarlığımı bildirirəm.

Qarşıda bizi yeni çağırışlar, yeni hədəflər, yeni qələbələr gözləyir və mən əminəm ki, biz bütün çətinliklərin öhdəsindən birgə gələrək yeni nailiyyətlərə imza atacağıq.

Bir daha bu axşam bizimlə olduğunuza görə sizə öz dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun. Sizə xoş axşam arzulayıram.

X X X

Sonra Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş “Qızıl çinar” beynəlxalq mükafatının 2014-cü il qalibləri elan olundu.

Azərbaycanın musiqi mədəniyyətinin təbliğində fəal iştirakına görə dirijor, Qara Qarayev adına Dövlət kamera orkestrinin bədii rəhbəri, Xalq Artisti Teymur Göyçayevə “Qızıl çinar” beynəlxalq mükafatı təqdim edildi.

Xalq Artisti Teymur GÖYÇAYEV minnətdarlığını bildirərək dedi:

- Hörmətli cənab Prezident.

Hörmətli Mehriban xanım.

Hörmətli xanımlar və cənablar.

Əvvəla, mən istərdim öz adımdan Fondun rəhbərliyini və bütün işçilərini yubiley münasibətilə təbrik edim. Bilirsiniz, bu “Çinar”a baxıb mən 2006-cı ili yadıma salıram. O ildə məhz Mehriban xanımın təşəbbüsü ilə Uşaq və Gənclər Simfonik Orkestri yaradılmışdır və bu orkestr çoxlu uğurlu konsertlərlə çıxış etmişdir. Ən gözəl nəticə odur ki, bu illər ərzində 50 nəfərə yaxın peşəkar musiqiçi yetişmişdir və onlar böyük orkestrlərə daxil olmuşlar. Bu orkestr indi də fəaliyyət göstərir.

Mən bu “Çinar”a baxanda Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagird və müəllimlərinin beynəlxalq müsabiqələrdə çoxsaylı qələbələrini görürəm. Mən bu “Çinar”a baxanda bizim bu il 50 illiyini qeyd edən Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin uğurlarını görürəm.

Sizin icazənizlə, mən istərdim adıçəkilən bütün bu kollektivlərin adından və öz adımdan bu mükafata görə Sizə dərin minnətdarlığımı bildirim. Sizə uğurlar, cansağlığı arzulayıram. Diqqətinizə görə çox sağ olun.

X X X

“Qızıl çinar” beynəlxalq mükafatı Azərbaycan və Macarıstan arasında dostluq münasibətlərinin möhkəmlənməsinə və xalqlararası mədəni mübadilənin inkişafına verdiyi töhfələrə görə Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Jolt Çutoraya təqdim edildi.

Mükafatı qəbul edən Jolt ÇUTORA təşəkkürünü bildirərək dedi:

- Cənab Prezident.

Hörmətli Mehriban xanım.

Hörmətli xanımlar və cənablar, əziz dostlar.

Baxıram ki, burada yalnız dostlarımız əyləşib. Deməli, hər şey normaldır, açıq danışmaq olar. Bilirsinizmi, deməyə söz tapmıram. Mən bilirəm ki, “fond” sözü “əsas” deməkdir. Bu, mənim üçün nə deməkdir? Mən Fond ilə 15 il bundan əvvəl görüşmüşəm. Deyə bilərsiniz ki, Fondun yaranmasının 10-cu ildönümü bu gün tamam olur. Lakin mən 15 il bundan əvvəl ilk dəfə Azərbaycanda olmuşam və mərhum ümummilli lider Heydər Əliyevlə görüşmüşəm. Onda mən Fondu - əsası gördüm. Bir sözlə, macar dilində “əsas” və “fond” eyni sözlərdir. Mən Sizi təbrik edirəm.

Mən buraya bu gün səhər təyyarə ilə gəlmişəm. Dünən mən Budapeştdə məhz gözdən əlil uşaqlar üçün məktəbdə olmuşam. Bu məktəb Sizin sayənizdə, Fondun sayəsində çox yaxşı vəziyyətdədir. Çox sağ olun.

Bilirsinizmi, səfirlər üç növ olur. Bəzi səfirlər öz ranqına görə evdə - Xarici İşlər Nazirliyində işləyirlər. Səfirlərin ikinci növü adi səfirlərdir - bir dövlətin başqa dövlətdə işləyən səfirləri. Səfirlərin üçüncü növü qeyri-adidir. Bu, mənəm. Macarıstanın Azərbaycanda işləyən, lakin öz evində olan səfiri. Mən burada özümü evimdə olduğu kimi hiss edirəm. Çox sağ olun. Mən Azərbaycanı həm də öz vətənim kimi hiss edirəm. Çox sağ olun. Bu, Fondun sayəsində belədir. Sağ olun, Mehriban xanım.

Ölkələrimiz arasında münasibətlərdə hər şey normaldır. Münasibətlərimiz yaxşıdır. Bilirsinizmi, əgər mən Fond ilə birlikdə neçə layihə üzərində işlədiyimizi, neçə layihə barədə düşündüyümüzü və neçəsini artıq tamamladığımızı sadalamaq istəsəm, bu siyahını səhərə qədər davam etdirmək olardı. Mən yalnız çox vacib olan bir layihə barədə danışmaq istərdim. Bizim bu ay keçirəcəyimiz mədəni tədbirlər barədə. Mən adi diplomat deyiləm, sirlərimi həmişə sizə söyləyə bilərəm. Dostlar arasında bunu demək olar. Amma xahiş edirəm, hələlik heç kəsə deməyin. Biz Fond ilə birlikdə ilk Azərbaycan-Macarıstan aşpazlıq kitabı üzərində uğurla işləyirik. Orada yeməkləri mən və dostlarım hazırlayacağıq. Bilirsinizmi, bir söz var, onu xatırladım və yalnız sizin üçün sitat gətirmək istəyirəm: Dövlət nə qədər çox xalqı birləşdirirsə, bir o qədər zəngindir.

Çox sağ olun. Bu, mənim üçün çox böyük şərəfdir.

X X X

Beynəlxalq arenada Azərbaycan muğamını, qədim musiqi sənətimizi özünəməxsus ifası ilə milyonlara sevdirən Xalq Artisti Alim Qasımova Heydər Əliyev Fondunun “Qızıl çinar” beynəlxalq mükafatı təqdim olundu.

Mükafata görə minnətdarlığını çatdıran Alim QASIMOV dedi:

- Salam, axşamınız xeyir, cənab Prezidentimiz, hörmətli Mehriban xanım.

Bu mükafat bizim bütün xalq musiqisinə verilən mükafatıdır. Biz də özümüzü bu Fondun işçilərindən hesab edirik. İcazə versəniz, bir ağız da muğamdan deyərdim.

Xanəndə Alim Qasımov muğam parçası ifa etdi.

X X X

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, Heydər Əliyev Fondunun Fransada həyata keçirdiyi layihələrə fəal dəstəyinə görə Fransa senatoru xanım Natali Quleyə də Heydər Əliyev Fondunun “Qızıl çinar” mükafatı təqdim edildi.

Fondun beynəlxalq mükafatı ilə təltif olunduğuna görə təşəkkür edən Natali QULE dedi:

- Çox sağ olun. Mən Azərbaycanın dostuyam və Azərbaycanı yaxşı tanıyıram. Aramızda olan dostluğun uzun tarixi vardır. Mən bu münasibətlə əlbəttə ki, birinci xanıma təşəkkürümü bildirirəm. Mən bildirmək istəyirəm ki, Sizin fəaliyyətiniz bir çox insanlar üçün, ehtiyac duyan insanlar üçün, o cümlədən qaçqın və məcburi köçkün ailələri üçün çox vacib olub. Sizinlə bir çox nailiyyətlər əldə etmişik. Mən sadəcə bildirmək istəyirəm ki, Sizin ölkənizin taleyini özüm üçün çox vacib hesab edirəm və ürəyimə çox yaxın tuturam.

X X X

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş təntənəli mərasimin bədii hissəsini Azərbaycan Respublikasının Xalq Artisti Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestri və Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı davam etdirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir VİDEO

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO