REGİONLAR
81 saylı İmişli seçki dairəsi üzrə 50 min 220 seçici qeydə alınıb
İmişli, 18 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
81 saylı İmişli seçki dairəsinin dairə seçki komissiyasında aşağı seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər davam edir. Treninqlər gündə iki dəfə olmaqla, beş gün keçiriləcək.
Dairə seçki komissiyasının sədri Ramil Nəsirov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, treninqlərə dairənin tərkibinə daxil olan 52 seçki məntəqəsinin sədr, katib və komissiya üzvləri cəlb olunub. Mərkəzi Seçki Komissiyası tərəfindən tərtib edilmiş xüsusi proqram əsasında aparılan treninqlərdə seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə günü prosedurları, səslərin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumat və tövsiyələr verilir, komissiya üzvlərinin sualları cavablandırılır.
Hər bir iştirakçıya Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar təqdim olunur.
Komissiya sədrinin sözlərinə görə, dairə üzrə 52 seçki məntəqəsi var və onlardan 22-si şəhər ərazisində, 30-u isə kəndlərdə yerləşir. Altı seçki məntəqəsində veb-kamera quraşdırılıb. Seçki dairəsi üzrə 50220 seçici qeydə alınıb. Hazırda seçki dairəsində müşahidəçilərin qeydə alınması prosesi davam edir və indiyədək 105 yerli müşahidəçi qeydiyyatdan keçib.