İDMAN
Almaniya ilk Avropa Oyunlarında oxatma idmanı üzrə altı atletlə təmsil olunacaq VİDEO
Bakı, 16 may, Səlahət Yusifov, AZƏRTAC
Azərbaycanın ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarının proqramına idmanın oxatma növü üzrə də yarışlar daxil edilib.
AZƏRTAC Almaniyanın Sport1 de internet portalına istinadla xəbər verir ki, Almaniya Atıcılıq Federasiyası (DSB) “Bakı-2015” ilk Avropa Oyunlarında iştirak etməyə namizəd olan on iki idmançının adını açıqlayıb. Onlardan səkkizi kişi, dördü isə qadın atletdir.
Federasiyanın məlumatında bildirilir ki, Avropa Oyunlarında Almaniya oxatma idman növü üzrə üç qadın və üç kişi atletlə təmsil olunacaq. Bakiya yollanacaq oxatanlar arasında paytaxt Berlin klubunun dörd təmsilçisi - Erik Skoeries, Elena Rixter, Liza Unruh və Karina Vinter var. Komandanın yekun heyəti isə yaxın günlərdə dəqiqləşəcək.
Oxatma idman növü Yay Olimpiya Oyunlarının proqramına ilk dəfə 1904-cü ildə salınıb. 1972-ci ildən isə Olimpiya yarışlarında fasiləsiz olaraq yer alır. Hazırda 1,4 milyon üzvü olan DSB Bakıda keçiriləcək birinci Avropa Oyunlarına ciddi hazırlaşır.