Güləş üzrə dünya çempionu Rəsul Çunayev Balakəndə böyük coşqu ilə qarşılanıb VİDEO
Balakən, 14 sentyabr, AZƏRTAC
ABŞ-ın Las-Veqas şəhərində keçirilən güləş üzrə Dünya çempionatında yunan-Roma güləşi üzrə dünya çempionu adını qazanan Rəsul Çunayev sentyabrın 14-də doğulub boya-başa çatdığı Balakəndə böyük coşqu ilə qarşılanıb.
AZƏRTAC xəbər verir ki, Rəsul Çunayev əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkına gələrək dahi rəhbərin abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad edib.
Rayon icra hakimiyyətində keçirilən görüşdə çıxış edənlər “Bakı-2015” birinci Avropa Oyunlarındakı parlaq qələbəsindən sonra dünya çempionatında da uğurlu çıxışı ilə xalqımıza növbəti dəfə böyük sevinc bəxş edən Rəsul Çunayevi təbrik edib, ona gələcək yarışlarda uğurlar arzulayıblar.
Dünya çempionu Azərbaycan bayrağını yüksəklərə ucaltmaq üçün hər bir yarışda var qüvvəsi ilə mübarizə apardığını, bu yarışlarda xalqımızın dəstəyini daim hiss etdiyini bildirib, belə görüşlərin onu növbəti qələbələrə ruhlandırdığını vurğulayıb.
Görüşün sonunda dünya çempionuna xatirə hədiyyəsi təqdim olunub.