8 noyabr Bakı Metropoliteni işçilərinin peşə bayramıdır
Bakı, 8 noyabr (AZƏRTAC). Prezident İlham Əliyevin 2006-cı ildə imzaladığı Sərəncama əsasən hər il noyabrın 8-i metropoliten işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bakı Metropoliteninin istismar tarixi 1967-ci il noyabrın 6-dan başlanır. Həmin gün Bakı şəhərində metropolitenin Bakı Soveti (indiki İçərişəhər) - Nərimanov sahəsində 5 stansiya istismara verilmişdir. Bu, keçmiş SSRİ-də beşinci, Yaxın Şərqdə isə ilk yeraltı elektrik dəmir yolu idi.
45 illik fəaliyyəti dövründə Bakı Metropoliteni böyük inkişaf yolu keçmişdir. Stansiyalarının sayı 4 dəfədən çox artmış, istismarda olan yolların ümumi uzunluğu 86,71 kilometrə, tunellərin ümumi uzunluğu isə 91,36 kilometrə çatmışdır. Metropolitenin vaqon parkındakı 266 vaqonun hamısı bu gün daşıma həcminin tələblərini yerinə yetirmək iqtidarındadır. Yollar, tunellər və oradakı bütün texniki qurğular təhlükəsiz hərəkəti təmin etməyə qadirdir. Əlbəttə, bütün bunlar insan əməyinin qüdrəti, metropolitençilərin böyük zəhmətinin, xidməti vəzifələrinə vicdanlı münasibətin nəticəsində mümkün olmuşdur.
Yeraltı yolların inkişafındakı bu uğurların başlıca səbəbi metroya olan tükənməz dövlət qayğısıdır. Dövlətimizin başçısı İlham Əliyev Bakının nəqliyyat infrastrukturunda metropolitenə böyük önəm verir. Bu, öz təsdiqini son beş ildə metromuzun texniki cəhətdən təkmilləşdirilməsi, yenidən qurulması üçün investisiya vəsaitinin ayrılması, metronun yeni sahələrinin tikilməsi, yeraltı yolların inkişafı istiqamətində görülən tədbirlər, o cümlədən metromuzun qarşıdakı 20 ildə inkişaf planının qəbul olunmasında tapır. Həmin plana əsasən, yaxın 20 il ərzində metro yollarının uzunluğu 119 kilometrə, stansiyaların sayı isə 76-ya çatdırılacaqdır. Artıq gələn il metronun 3-cü sahəsinin ilk stansiyası istismara veriləcəkdir. “Dərnəgül” deposunun işə düşməsi vaqon təmiri bazasının genişlənməsi, texniki imkanların daha da artmasında xüsusi rol oynayacaqdır.
Yaxın beşillik proqrama əsasən, yeni xətlərdən daha birinin - “Bənövşəyi xətt”in inşası artıq başlanmışdır, “Mavi xətt” isə layihələndirilmə mərhələsindədir. Avtovağzaldan başlayacaq “Bənövşəyi xətt”in ilk 5 stansiyasının tikilməsi beşillik dövlət proqramının əsas vəzifələri sırasında yer almışdır. Xəttin bu hissəsinin uzunluğu 6,8 kilometr olacaqdır. Bu istiqamət Yeni Avtovağzal kompleksini, 3-cü və 4-cü mikrorayonları, Tbilisi prospektini, Füzuli meydanını əhatə edir. Stansiyalardan ilk ikisinin - “Avtovağzal” ilə yanaşı, “Memar Əcəmi-2” keçid stansiyasının inşası artıq tam sürətlə gedir, Hərbi hospitalın yaxınlığında yerləşən üçüncü stansiyanın tikintisinin ilkin hazırlıq işləri başa çatmaq üzrədir. Heydər Əliyev adına İdman Konsert Kompleksi və Qış bulvarının yaxınlığında yerləşəcək daha iki stansiya son layihələndirilmə mərhələsindədir. Ümumən, bu xətt 12 stansiyadan ibarət olacaqdır. Digər xətlərə gəlincə, “Yaşıl xətdə” - 23, “Qırmızıda” - 19, “Mavi” ilə “Sarı xəttin” hər birində 11 stansiya olacaqdır. “Bənövşəyi xətt”dən başlayaraq, Bakı metropolitenində inqilabi yeniliklər erası start götürəcəkdir. İlk dəfə metro tikintisində texnoloji inkişafın ən son və müasir nailiyyəti sayılan tunelqazma maşınları işə salınmışdır. Onlar artıq iki stansiya arasındakı məsafəni qət edərək, üçüncüyə yaxınlaşmışdır. Bu maşınların gün ərzində 10-25 metr tunel qazmaq imkanı vardır. Halbuki bu qədər məsafəni əvvəllər torpağın geoloji quruluşundan asılı olaraq, bir aya qazmaq mümkün olurdu.
Cari ilin avqust-sentyabr aylarında Bakıda ilk dəfə eyni müstəvi üzərində kəsişməyən tunel inşa edilmişdir. “Bənövşəyi xəttin” tunelləri “Memar Əcəmi” stansiyasında “Yaşıl xəttin” altından keçirilmişdir. Hər tunelin inşası cəmi 3 günə başa çatmışdır.
“Avtovağzal” stansiyasında edilən yeniliklərdən sonra stansiya tikintisinin özünün də ilk dəfə tam fərqli üsulla aparılması ənənəsi məhz “Memar Əcəmi-2”-də qoyuldu. Burada həm iqtisadi, həm sosial, həm də tikinti parametrləri üzrə tam sərfəli və səmərəli olan “Diafraqmada divar” üsulunun tətbiqinə başlanmışdır.
Lakin ən böyük yeniliklər təbii ki, metropolitenin fəaliyyəti və texniki təchizatı ilə bağlıdır. İlk dəfə qapalı tipli stansiyalar inşa olunacaqdər və plaftformalar qatar yolundan xüsusi təbəqə ilə ayrılacaqdır. Stansiyalarda liftlər qurulacaq və bu da fiziki cəhətdən qüsurlu insanların da metrodan istifadəsini asanlaşdıracaqdır. Eskalatorlar da yeni sistem üzrə qoyulacaqdır. Bundan əlavə, yanğından mühafizədə ən optimal qərarlar veriləcəkdir.
İdarəetmədə rabitə və hərəkətin təşkilində əsaslı dəyişikliklər ediləcəkdir. Yeni stansiyalar daha uzun olacaqdır. Əgər hazırda stansiya platformalarının uzunluğu 102 metrdirsə, yeni xətlərdə bu 140 metrdən az olmayacaqdır.
Dövlətimizin başçısının tapşırığına əsasən, bu xətlər 7 vaqonluq qatarlar üçün nəzərdə tutulmuşdur. Gələcəkdə ən optimal təhlükəsizlik həddini təmin etməklə maşinistsiz qatar idarəetmə sistemini də indidən planlaşdırılır. Bu qatarlar ən müasir sistemlərlə təchiz olunmaqla yanaşı, kondisionerlə və elektron sənayesinin ən son nümunələri ilə təmin ediləcəkdir.