Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev və Baş nazir Əhməd Davudoğlu mətbuata bəyanatlarla çıxış ediblər VİDEO

Bakı, 3 dekabr, AZƏRTAC

Dekabrın 3-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyevin 

bəyanatı

-Hörmətli cənab Baş nazir.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Mən Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Çox şadam ki, parlament seçkilərindən sonra Siz ilk səfəri Azərbaycana - qardaş ölkəyə edirsiniz. Fürsətdən istifadə edərək bir daha rəhbərlik etdiyiniz partiyanın parlament seçkilərində qazandığı böyük qələbə münasibətilə Sizi Azərbaycan xalqı adından təbrik edirəm. Parlament seçkilərindən sonra ilk rəsmi səfəriniz bir daha Türkiyə-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olduğunu göstərir.

Eyni zamanda, bu yaxınlarda Antalya şəhərində keçirilmiş G20 Zirvə görüşü münasibətilə Türkiyəni təbrik etmək istəyirəm. Minnətdarlığımı bildirmək istəyirəm ki, Türkiyə bu Zirvə görüşünə Azərbaycanı dəvət etdi. Bir ölkəni dəvət edə bilərdi və bu ölkə Azərbaycan oldu. Buna görə də Sizə minnətdaram. Bu, bizim üçün çox önəmlidir. İlk növbədə ona görə ki, həm Türkiyə, həm Azərbaycan, həm də dünya ictimaiyyəti gördü ki, biz bir-birimizə nə qədər yaxınıq. Məncə, dünyada bir-birinə bu qədər yaxın olan ikinci ölkələr mövcud deyil. Bizi birləşdirən tariximizdir, ortaq mədəniyyətimizdir, etnik köklərdir, dilimizdir. Eyni zamanda, bu gün Türkiyə və Azərbaycan iki müstəqil dövlət kimi bir-biri ilə çox sıx əməkdaşlıq edir. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olmuşdur. O gündən bu günədək bizim əlaqələrimiz çox sürətlə və hərtərəfli inkişaf edir.

Biz bütün dövrlərdə və bütün məsələlərdə daim bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Bu, dəyişməz siyasətdir. Bu siyasət həm ədalətə, həm də bizim tarixi keçmişimizə söykənir. Biz çox istəyirik ki, gələcək nəsillər də bu əlaqələri yüksək səviyyədə saxlasınlar. Bunun üçün bütün imkanlar var. Çünki bizim siyasi maraqlarımız üst-üstə düşür. Biz istəyirik ki, bölgədə sülh, əmin-amanlıq olsun, qarşıdurmalar olmasın, bütün ölkələr, bütün xalqlar rahat yaşasınlar, öz həyatını qursunlar, heç kim heç kimin daxili işinə qarışmasın.

Türkiyə-Azərbaycan birliyi və siyasəti bölgədə sabitləşdirici rol oynayır. Çünki bölgədə sabitlik, əfsuslar olsun ki, pozulub, yeni təhdidlər, risklər meydana gəlir. Biz bütün bu çağırışlara hazır olmalıyıq və hazırıq. Əlbəttə, Türkiyə nə qədər daha güclü olsa, Azərbaycanın gücü də o qədər artacaqdır.

Biz bütün beynəlxalq təşkilatlarda da bir-birimizi daim dəstəkləyirik. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəklədiklərinə görə Türkiyə xalqına, dövlətinə minnətdarlığımı bildirmək istəyirəm. Bildiyiniz kimi, uzun illərdir ki, Azərbaycan erməni işğalından əziyyət çəkir. Beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımızın 20 faizi erməni işğalı altındadır. Şəhərlərimiz, kəndlərimiz, məscidlərimiz, tarixi abidələrimiz ermənilər tərəfindən dağıdılıbdır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası münaqişənin həlli ilə bağlı dörd qətnamə qəbul etmişdir. Qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması nəzərdə tutulur. Ancaq Ermənistan buna məhəl qoymur və bu qətnamələr 20 ildən artıqdır ki, kağız üzərində qalır. Bu münaqişə və bütün başqa münaqişələr beynəlxalq hüquq əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Bunun başqa həll yolu yoxdur.

Bu gün, eyni zamanda, bizi birləşdirən enerji, nəqliyyat layihələri haqqında fikir mübadiləsi apardıq. Burada da ölkələrimiz, xalqlarımız, bölgə və dünya üçün gördüyümüz işlər böyük məna daşıyır. Xüsusilə TANAP layihəsini qeyd etmək istəyirəm. TANAP layihəsi Türkiyə-Azərbaycan layihəsidir. Biz bu layihəni birgə icra etməyə başladıq. Bu gün bu layihə beynəlxalq layihə kimi dünya miqyasında diqqət mərkəzindədir. TANAP layihəsinin icrasında heç bir problem yoxdur və bu gün biz bir daha bu məsələni müzakirə etdik. Əminəm ki, bu layihə vaxtında - 2018-ci ildə, bəlkə ondan da tez icra ediləcəkdir. Beləliklə, Azərbaycan Türkiyəyə və ondan sonra Avropaya daha böyük həcmdə təbii qazını ixrac edə biləcək. Türkiyə və Avropa ölkələri yeni alternativ mənbəyə çıxış əldə edəcəklər. Bütün tərəflər bu layihənin icrasından ancaq fayda görəcəklər.

Azərbaycanın çox zəngin təbii qaz yataqları vardır. Təsdiq edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetrdir. Əlbəttə ki, bizim əsas resurs bazamız “Şahdəniz” layihəsidir. Ancaq onun kənarında da çox böyük digər qaz yataqlarımız var və bizim əsas ixrac yolumuz da artıq bəllidir. Bu, Türkiyədir və Türkiyə üzərindən digər Avropa ölkələridir.

Şadam ki, bununla bərabər, qarşılıqlı sərmayə qoyuluşu uğurla həyata keçirilir. Həm Türkiyə, həm də Azərbaycan şirkətləri qarşılıqlı olaraq sərmayə qoyurlar. Azərbaycan yaxın illərdə Türkiyəyə 20 milyard dollara yaxın sərmayə qoyacaqdır. O sərmayənin bir hissəsi artıq qoyulub və bu, əlbəttə ki, bir daha bizim siyasi iradəmizi əks etdirir. Ancaq dost ölkələrin iqtisadiyyatlarına bu qədər sərmayə qoyula bilər.

Bütün digər sahələrdə, o cümlədən humanitar sahədə də sıx əməkdaşlıq aparılır. Hərbi sahədə çox gözəl əməkdaşlıq aparılır. Azərbaycan Türkiyədən ordumuza lazım olan silahları alır. Eyni zamanda, biz artıq bir neçə dəfədir ki, birgə hərbi təlimlər də keçirdik, həm Türkiyədə, həm Azərbaycanda. Bu, bir daha bizim birliyimizi nümayiş etdirir, gücümüzü artırır. Bu gün həm regionda, həm Avropada gedən proseslərdə Türkiyə və Azərbaycan artıq ciddi amil kimi mövcuddur.

Son illər ərzində Türkiyənin inkişafı, güclənməsi, dünya miqyasında artan rolu bizi bir dost, qardaş kimi çox sevindirir və bir daha demək istəyirəm ki, bizi də gücləndirir. Biz gücümüzə güc qatırıq, biz dostuq, qardaşıq. Bu, əsas məsələdir və bütün məsələlərdə bundan sonra da bir-birimizi dəstəkləyəcəyik, bir-birimizin yanında olacağıq.

Hörmətli cənab Baş nazir, bir daha Sizi səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.

x x x

Baş nazir Əhməd Davudoğlunun

 bəyanatı

- Çox təşəkkür edirəm, hörmətli cənab Prezident.

Mən də qonaqpərvərliyinizə görə bir daha təşəkkür etməyi özümə borc bilirəm. Türkiyə ilə Azərbaycan, - mən nə vaxt “Azərbaycan” deyirəmsə, həmişə “Can Azərbaycan” deyirəm, - bizim canımızdır, canımızla iç-içədir. Çox özəl əlaqələrə sahibik. Bunun bir göstəricisi də Türkiyədə və Azərbaycanda kim hökumət qurursa, vəzifəyə gəlirsə ilk səfərini qarşılıqlı olaraq Türkiyəyə və Azərbaycana edir.

Bazar ertəsi axşamı yeni hökumətə etimad göstərilməsi ilə bağlı parlamentdə keçirilən səsvermədə lazımi səsi toplayıb 64-cü hökuməti qurduq. Hələ İstanbula, doğulduğum Konyaya getmədim, amma mənəvi məmləkətimiz Azərbaycana Sizinlə görüşməyə gəldik. Bu gözəl ənənə bundan sonra qiyamətə qədər davam edəcək. Ankarada kim iqtidara gəlsə əvvəlcə Bakıya gələcək. Bakıda kim seçkilərdə qalib gəlsə, o da Ankaraya gələcək. Mən bizimlə eyni gündə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının uğurları münasibətilə Sizləri təbrik edirəm. Qarşıdakı illərdə Türkiyədə və Azərbaycanda iki sabit hökumətin ölkədə hakimiyyətdə olması əlaqələrimizi möhkəmləndirəcək, gücümüzə güc qatacaq.

Böyük liderimiz Heydər Əliyev “Bir millət, iki dövlət” demişdi. Vətən şairimiz Bəxtiyar Vahabzadə “Türkiyə və Azərbaycan, bir ananın iki oğlu” demişdi. Biz bir-birimizə bu şəkildə bağlanmışıq. Bu bağlılıq nəsillərdən-nəsillərə ötürüləcək. Biz də Bakının ruzigarı-küləyi üçün darıxmışdıq. Oradan sevgi almağa gəldik.

Həmişə olduğu kimi, bu gün burada çox faydalı görüşlər keçirdik. Eyni zamanda, yeni təyin olunan nazir yoldaşlarımızı hörmətli Prezidentimizə təqdim etdim. Çünki Türkiyədə nazir olan hər kəs Azərbaycanın da naziri kimidir. Azərbaycanın nazirləri də eyni şəkildə.

Ortaq məsələlərimizi tam əməkdaşlıq şəraitində müzakirə etdik. Türkiyə və Azərbaycan həm Qafqaz regionunda, həm Avrasiya bölgəsində sabit inkişaf edən ölkələrdir. Çox dərin iqtisadi böhranların yaşandığı bir dövrdə - 2005-ci ildən 2015-ci ilədək Azərbaycan böyük inkişaf nümayiş etdirib, milli gəliri təxminən 5 dəfə artıb. Bu uğurların qazanılmasında cənab Prezidentin və onun hörmətli komandasının yaxşı işləməsi və Azərbaycan xalqının vətənpərvərliyi böyük əhəmiyyətə malikdir.

Təbii ki, Türkiyə hər zaman bu proseslərdə Azərbaycanın yanında olub və olacaq. Hansı mövzuda olursa-olsun, əgər Azərbaycanı maraqlandıran bir məsələ varsa Türkiyənin mövqeyi bəllidir. Bütün sahələrdəki kimi, siyasi sahədə əlaqələrimiz hər zaman ən yüksək səviyyədə olub. G20 Sammitində hörmətli Prezidenti Türkiyədə, Antalyada görmək bizə böyük şərəf verdi. Türkiyə bayrağının dalğalandığı hər yerdə Azərbaycan bayrağı vardır. Azərbaycan bayrağının dalğalandığı hər yerdə Türkiyə bayrağı vardır.

Bunu, sadəcə, gəlişigözəl sözlər kimi demirik, əməli işlərlə, layihələrlə də dəstəkləyirik. Avrasiya miqyasında ən böyük layihələrin təməlində Türkiyə-Azərbaycan əməkdaşlığı durur. Bu təməlin enerji və nəqliyyat xətləri xüsusilə mühüm əhəmiyyət kəsb edir. TANAP layihəsi artıq xəyala çevrilən NABUKKO kimi bir çox layihədən sonra həyata keçirilibsə bu, Türkiyə və Azərbaycan arasında dostluq, qarşılıqlı etibar sayəsində reallaşıb. Bir çox ölkələrin edə bilmədiyini Türkiyə və Azərbaycan danışıqlar apararaq birlikdə həyata keçirdilər. Digərləri daha sonra qoşuldular.

Bu gün keçirdiyimiz görüşlərdə, apardığımız müzakirələrdə energetika nazirlərimiz TANAP layihəsinin nəzərdə tutulduğu kimi, 2018-ci ildə deyil, daha tez reallaşması üçün razılığa gəldilər. Gecə-gündüz çalışacağıq, Türkiyə Respublikasının sərhədləri daxilində TANAP layihəsi üçün nə lazımdırsa ediləcək. Bu işlər Azərbaycanda da eyni qaydada görüləcək. Çünki TANAP və Bakı-Tbilisi-Ceyhan iki böyük layihə olaraq neft və təbii qaz ehtiyatlarının Xəzərdən Aralıq dənizinə və Avropaya çatdırılmasında əsas kanallardır. TANAP-ın TAP ilə tamamlanması Avropa daxilində balanslaşmaya da təsir edəcək.

Ötən bazar günü keçirdiyimiz Türkiyə-Avropa İttifaqı Zirvəsi ilə bağlı da Prezident İlham Əliyevə məlumat verdim. Orada avropalı dostlarımızla əgər Avropanın enerji təhlükəsizliyi müzakirə mövzusu olarsa ən təhlükəsiz xəttin Xəzər ehtiyatlarının Türkiyə vasitəsilə Avropaya çatdırılması olduğunu bir daha müzakirə etdik.

Nəqliyyat məsələsində də Türkiyənin və Azərbaycanın eyni qaydada liderlik etdiyi, Gürcüstan ilə birlikdə həyata keçirdiyi Bakı-Tbilisi-Qars dəmir yolu xətti Çindən İstanbula və Avropaya qədər uzanan dəhlizin şah damarını təşkil edir. Bu xəttin, inşallah, 2016-cı ilin birinci yarısında fəaliyyətə başlaması ilə tarixi “İpək yolu” yeni bir deyimlə, daha müasir şəkildə bu günümüzə daşınacaq. Bu mövzuda Çin ilə görüşlər keçirmişik, Çin dövlətinin başçısının Antalyada cənab Prezidentimizlə görüşündə də bu məsələlər açıq şəkildə müzakirə edilib. Hörmətli Prezident İlham Əliyevin Çinə səfərində də bu məsələlər müzakirə olunacaq. Bu dəhlizin ən qısa zamanda gerçəkləşməsi və ən qısa nəqliyyat xəttinin yaradılması bu gözəl Bakını Asiyanın ən önəmli limanlarından birinə çevirəcək.

Biz Bakını Azərbaycan ilə birlikdə Asiyanın yüksələn bir ulduzu olaraq görürük. Hər gəlişimdə Bakıda gördüyüm yüksəlişdən və inkişafdan böyük məmnunluq duyuram. “Soyuq müharibə”dən sonra əgər şəhərlərə baxsaq ölkələrin taleyini də görə bilirik. Ən parlaq, ən müasir və ən çox inkişaf etmiş şəhərlərin başında Bakı dayanır. Bu mənada Azərbaycanın inkişafı bizim inkişafımızdır. Türkiyənin inkişafı Azərbaycanın inkişafıdır. Əslində söhbət qarşılıqlı olaraq Türkiyənin 9 milyard, Azərbaycan isə 4 milyard dollarlıq sərmayə qoyuluşundan gedir. Türkiyənin İzmir bölgəsində “Petkim”ə Azərbaycan sərmayəsinin yatırılması bizə böyük güc verib. Hədəfimiz bu sərmayələri ən qısa müddətdə 20 milyard dollara, hazırda 5 milyard dollar olan ticarət dövriyyəmizi 15 milyard dollara çatdırmaqdır. Bunun üçün lazımi işləri görə biləcək iradəyə sahibik.

Bundan əlavə, bir çox başqa sahələrdə - ortaq mədəni dəyərlərimiz baxımından da görüləcək işlərimiz var. “Mədəniyyətlər ittifaqı” layihəsinə Azərbaycanın ev sahibliyi etməsinə böyük önəm veririk. İnşallah, gələn il aprelin 25-27-də keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu ilə Azərbaycan dünyanın diqqətini bir daha özünə cəlb edəcək. Belə böhranlı, dünyada inanclar arasında qarşıdurmaların yaşandığı bir dövrdə Bakıdan yüksələcək mədəniyyətlər ittifaqı və sülh sözlərinin böyük mənası olacaq.

Cənab Prezident İlham Əliyevin müdafiə sənayesi sahəsinə dair fikirləri ilə tam həmrəyəm. Müdafiə sənayesi sahəsində də ortaq fəaliyyətimiz davam edəcək. Azərbaycanın özünün müdafiə sənayesini inkişaf etdirməsi və Türkiyə ilə birlikdə layihələr həyata keçirməsi bizim ən çox önəm verdiyimiz məsələlərdən biridir.

Qafqazda və ətraf regionlarda sülhün bərqərar olması Türkiyə-Azərbaycan əlaqələrindən böyük dərəcədə asılıdır. Bu baxımdan Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli mexanizmlərinə böyük önəm veririk. Türkiyə və Azərbaycanın birlikdə olduğu və digər ölkələrin iştirak etdiyi mexanizmlərin sülhə böyük töhfə verəcəyinə inamımız qətidir. Türk Şurası və digər regional təşkilatlarda birlikdə çalışmaqdan da böyük məmnunluq duyuruq.

Bu gün, həmçinin başda Dağlıq Qarabağ problemi olmaqla regional məsələləri də müzakirə etdik. Türkiyə olaraq bizim mövqeyimiz açıq və konkretdir: Azərbaycanın işğal altındakı torpaqlarının hamısı - bir kvadratsantimetri belə qalmamaqla qaytarılana qədər Türkiyə Azərbaycana verdiyi dəstəyi davam etdirəcək. Dünyada bir çox problemlərin həllində əsas prinsip ərazi bütövlüyünə qarşılıqlı hörmətdir. Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğu müddətdə Qafqazda sülhün və sabitliyin təmin olunmasında nə qədər çətinliklərin yaşandığı məlumdur.

Mən burada Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsi, ədalətli və davamlı sülhün təmin olunması istiqamətində atılacaq hər addıma dəstək verəcəyimizi bir daha bəyan etmək istəyirəm. Qafqazda davamlı sülhün və sabitliyin bərqərar olması üçün bütün Qafqazı əhatə edəcək sülh və rifah layihələrinə hər zaman töhfə verəcəyik.

Bu gün müzakirə etdiyimiz məsələlərdən biri də Suriya başda olmaqla, Yaxın Şərq və ətraf regionlarda yaşanan gərginliklərlə bağlı proseslər oldu. Mən cənab Prezidentə dost, qardaş bir ölkə olaraq Suriyada son proseslər və noyabrın 24-də əvvəlcə hansı ölkəyə məxsusluğu bəlli olmayan, amma daha sonra Rusiyanın etdiyi açıqlama ilə ona aid olduğu məlum olan təyyarənin vurulması ilə bağlı məlumat verdim.

Türkiyə bütün bu məsələlərdə həmişə şəffaf və açıq siyasət yürüdüb. Buradan bir daha dostumuz, qonşumuz və böyük ortağımız olan Rusiyanı bütün bu məsələləri soyuqqanlı şəkildə dəyərləndirməyə çağırıram. Türkiyə öz sərhədlərini qoruyub. İndiyədək hər hansı şəkildə heç bir ölkəni hədəf alan aqressiv mövqedə olmayıb. Sərhədlərimiz dəfələrlə pozulsa da, hər dəfə bu halları Rusiya tərəfi ilə, aidiyyəti tərəflərlə müzakirə etdik və bütün dünyanın bildiyi kimi müdafiə olunma qaydalarımızı da elan etdik. Türkiyə Respublikasının torpaqları, hava məkanı bizim üçün müqəddəsdir. Bundan başqa, Suriya böhranının ən çox təsir etdiyi ölkə də Türkiyə Respublikasıdır. Suriya böhranının Türkiyədən daha çox təsir etdiyi ikinci bir ölkə yoxdur. Suriyada baş verənlərə Türkiyədən daha çox təsir edəcək ikinci bir ölkə də yoxdur. Biz Suriyadakı böhrana görə iki milyon qaçqını qəbul etmək məcburiyyətində qaldıq. Dünya bu böhranı seyr edərkən 8 milyard dollara yaxın xərclə iki milyon qardaşımızı Türkiyədə yerləşdirdik. BMT Təhlükəsizlik Şurası bu məsələyə passiv yanaşanda və bu böhran daha da yayılaraq insan faciələrinə yol açanda susanlar ilk növbədə bu böhrana cavabdehlər kimi qiymətləndirilməlidir.

Bizim Suriyanın, o cümlədən heç bir ölkənin bir qarış torpağında gözümüz yoxdur. Amma başqa ölkələrin də bizim sərhədlərimizə, hava məkanımıza ehtiram göstərmələrini gözləmək ən təbii haqqımızdır. İndiki halda Türkiyə Rusiya ilə istənilən məsələni müzakirə etməyə hazırdır. Bütün məsələləri ətraflı müzakirə edə bilərik. Hər məsələdə fərqli qənaətdə olsaq da, görüşüb danışa, qənaətlərimizi bölüşə bilərik. Bir masa ətrafında danışıqlar aparmağa da hazırıq. Bu gün iki ölkənin xarici işlər nazirləri cənab Çavuşoğlu və cənab Lavrov Belqradda ATƏT-in toplantıları çərçivəsində görüşəcəklər. Orada da eyni fikri ifadə edəcəyik. Hər bir məsələni danışıb müzakirə edə bilərik. Müzakirə etməyəcəyimiz yeganə məsələ Türkiyə Respublikası dövlətinin sərhədləri və suveren haqlarıdır. Biz hamının suveren haqlarına hörmət edirik və hər kəsin də bizə hörmət etməsini gözləyirik.

Xüsusilə iqtisadi sanksiyalar məsələsində, Türkiyə indiyə qədər İrana qarşı tətbiq edilən iqtisadi sanksiyalar, keçmişdə Suriyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalar, bu yaxınlarda Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyalar məsələsində də eyni mövqe ortaya qoymuş və iqtisadi sanksiyaların siyasi problemlərin həllinə fayda verməyəcəyini bəyan etmişdir. Rusiyanın ən çətin vaxtlarında bu ölkəyə qarşı tətbiq olunan iqtisadi sanksiyalara biz qatılmadıq.

Ancaq bu gün Türkiyənin heç bir şəkildə səbəb olmadığı böhranla əlaqədar Rusiyanın bizə qarşı iqtisadi sanksiyaların tətbiqi ilə bağlı qərar qəbul etməsini də böyük bir ziddiyyət olaraq görürük. Özlərinə qarşı iqtisadi sanksiyalar tətbiq ediləndə bundan məmnun olmayanlar başqalarına da iqtisadi sanksiyalar tətbiq etməməlidirlər. Həmçinin iqtisadi sanksiyalar hər iki tərəfə də zərər verir. Heç bir iqtisadi sanksiya birtərəfli işləyə bilməz.

Bu baxımdan da Rusiyaya, bu gün belə açıqlamaları ilə gərginliyi artıran cənab Putinə bir daha demək istəyirəm: əvvəlcə açıqlamalarımızdakı sərtliyi yumşaldaq. Qarşılıqlı ittihamlar əvəzinə, müzakirələr aparmaq üçün görüşək. Sonra əgər hadisənin necə baş verməsi ilə bağlı məlumat almaq istəsələr, - düzdür, bunları əvvəlcə açıqlamışıq, - bir daha açıqlayarıq. Dünya da buna şahiddir. Dünyada artıq heç nə gizli qalmır. Hava sərhədimizin pozulmasının necə baş verdiyi, eyni zamanda, NATO qeydlərində, bölgədəki hərbi bazalarda, hər yerdə bəllidir. Bunları danışıb müzakirə edərik. Gərginliyi azaltmaq, ittihamedici açıqlamalardan çəkinmək və iki qonşu ölkə olaraq bir masa ətrafında əyləşərək problemləri həll etmək bizim seçdiyimiz yol və metoddur. Çünki Türkiyə-Rusiya münasibətlərinə yalnız Türkiyə və Rusiya olaraq iki ölkənin deyil, Qafqaz, Balkanlar, Orta Asiya, Yaxın Şərq, Qara dəniz, Xəzər dənizi regionlarının və digər bölgələrin də ehtiyacı var. Türkiyə ilə Rusiya arasındakı əlaqələrin yaxşı olması bütün bu bölgələrin sülh və sabitliyinə töhfə verər. Bu baxımdan da bu müraciətimizi buradan bir daha səsləndirmək istəyirəm. Amma heç bir şəkildə əsassız ittihamlarla Türkiyənin günahlandırılmasını da qəbul etməyəcəyimizi və nə olursa-olsun, kimin tərəfindən gəlirsə-gəlsin, hansı ölkəyə aid olursa-olsun Türkiyənin hava, quru və dəniz sərhədlərini təhdid edəcək və ya pozacaq heç bir fəaliyyətə imkan verməyəcəyimizi bir daha ifadə etmək istəyirəm.

Bu baxımdan Türkiyədə hər zaman istənilən məsələni şəffaf bir şəkildə müzakirə etdiyi üçün Türkiyənin bu prosesdə yanaşmaları və düşüncələri, hadisənin başvermə vəziyyəti barədə cənab Prezidentə məlumat verdik. Onsuz da Türkiyə ilə Azərbaycan arasında elə bir məsələ yoxdur ki, səmimiyyətlə müzakirə olunmasın. Elə bir məsələ yoxdur ki, birlikdə müzakirə etməyək.

Mən yüksək qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə bir daha təşəkkür etmək istəyirəm. Bütün azərbaycanlı qardaşlarımıza, dostlarımıza, Can Azərbaycana 78 milyon qardaşından salam gətirdik. Buradan da Bakının təkcə küləyini yox, salamını da aparacağıq. Bilsinlər ki, hər şey yox olsa, hər şey tar-mar olsa da, qiyamətə qədər yıxılmayacaq, tar-mar olmayacaq yeganə amil Türkiyə ilə Can Azərbaycan arasındakı dostluq, qardaşlıqdır.

Bu baxımdan, cənab Prezidentim, qarşıdakı 4 ildə Türkiyə Respublikasının iqtidarda olacaq Baş naziri kimi Azərbaycan harada olsa, biz də orada olacağıq. Azərbaycanın mənafeyi haradadırsa, Türkiyənin də mənafeyi orada olacaq. Azərbaycan bayrağı haradadırsa, Türkiyənin də bayrağı onun yanında olacaq. Bir daha təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev və Baş nazir Əhməd Davudoğlu mətbuata bəyanatlarla çıxış ediblər VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub