SİYASƏT
Azərbaycanın Vaşinqtondakı səfirliyinin qarşısına toplaşan erməni nümayişçilər layiqli cavab aldılar VİDEO
Vaşinqton, 9 aprel, AZƏRTAC
Aprelin 8-də erməni lobbisinin, xüsusilə də Amerika Erməni Milli Komitəsinin çağırışı ilə Vaşinqtonun erməni icmasının üzvləri Azərbaycan Respublikasının səfirliyi qarşısında toplaşıblar. Onlar erməni işğalı altında olan yüksəkliklərin aprelin 1-5-də Azərbaycan ordusunun əməliyyatı nəticəsində azad olunmasına etiraz ediblər. Azərbaycan və türk icmalarının üzvləri onların qarşısına çıxaraq etiraz nümayişi keçirib və erməni tərəfin yalanını ifşa edən şüarlar söyləyiblər. Ölkəmizin səfirliyinin qarşısındakı hasarlara Azərbaycan bayraqları və Xocalı soyqırımını tanımaq çağırışları vurulub.
Erməni nümayişçilər Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni təcavüzünün yenidən başlanmasında Azərbaycanı günahlandıran şüarlar səsləndiriblər. Azərbaycan nümayişçiləri isə əllərində tutduqları plakatlarda Ermənistan prezidenti Serj Sarkisyanın və müdafiə naziri Seyran Ohanyanın hərbi cinayətkar olması, Ermənistanın hərbi təcavüzü və Qarabağda azərbaycanlı əhalini etnik təmizləməyə məruz qoyması haqqında faktlar təqdim ediblər.
Aksiya zamanı “Sarkisyan terrorçu”, “Ohanyan terrorçu”, “Erməni terrorunu pisləyin!”, “Xocalı qırğını bir daha təkrarlanmamalıdır”, “Biz Xocalını heç bir zaman unutmayacağıq”, “Ermənistan etnik təmizləmədə təqsirkardır”, “Ermənistana ar olsun!”, “Ermənistan, Qarabağdan rədd ol!”, “Uşaq qatilləri”, “Ermənistan vassal dövlətdir”, “Azərbaycan torpaqlarından əl çəkin!”, “Hayastan terrorçu”, “Qarabağ bizimdir, bizim olacaq” və sair şüarlar səsləndirilib. Tərbiyəsizliklə özünə ulduz statusu qazanmış və öz Tvitter səhifəsində son həftə ərzində Ermənistanın işğalçı siyasətinə dəstək verməsinə görə bütün erməni əhalinin rəğbətini qazanmış erməni əsilli Kim Kardaşyan da qıraqda qalmayıb. Azərbaycanlı nümayişçilər “Biz Mübarizlə fəxr edirik, siz isə Kim Kardaşyanla” kimi şüarlar səsləndiriblər. Xocalıda öz qatilliyi ilə fərqlənən Serj Sarkisyana da aid xüsusi şüarlar səslənib. Xatırladaq ki, ötən il Ermənistanda bitən xiyar növünə Serj Sarkisyanın adı verilib. Bununla əlaqədar nümayişçilərimiz erməni icması üzvlərinə evə qayıdıb “Sarkisyan varunq”unu (Sarkisyan xiyarını) yeməsini tövsiyə etdilər. Çıxış edən aksiya iştirakçıları Ermənistan silahlı qüvvələrinin Azərbaycanla təmas xəttində törətdiyi hərbi təxribatları qınayıb, Ermənistan işğalçı ordusunun Azərbaycanın Qarabağ bölgəsindən çıxmasını tələb ediblər.
Azərbaycan tərəfini təhqir edən və aqressivlik nümayiş etdirən ermənilərə Vaşinqton polisi şifahi xəbərdarlıq edib. Buna baxmayaraq, sonda etiraz aksiyasını tərk edən erməni qadın nümayişçiləri maşınla səfirliyin qarşısından keçərkən azərbaycanlılara təhqiramiz sözlər ünvanladıqda, küçədə dayanan iki maşınla toqquşaraq avtomobil qəzası törədiblər.
Aksiyanın sonunda azərbaycanlı nümayişçilər Azərbaycan əsgərlərinə dəstək olaraq müxtəlif şüarlar, “Marş irəli, Azərbaycan əsgəri!” mahnısını səsləndirib, Azərbaycan Respublikasının himnini ifa ediblər.
Xatırladaq, ki aprelin 4-də Ermənistan səfirliyi qarşısında və aprelin 7-də Ağ Evin qarşısında da ABŞ Azərbaycanlıları Şəbəkəsi etiraz aksiyaları keçirib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton