Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Lənkəranda vətəndaşları qəbul edib VİDEO
Lənkəran, 19 may, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevinin tapşırıq və tövsiyələrinə müvafiq olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
AZƏRTAC xəbər verir ki, mayın 19-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarından olan 40 nəfərə yaxın vətəndaşı qəbul edib.
Qəbuldan əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Qəbula gələn vətəndaşların müraciətləri əsasən, veteran adı və vəsiqəsinin verilməsi, müddətli həqiqi hərbi xidmətə çağırılan gənclərin ailə vəziyyəti ilə əlaqədar daha yaxın hərbi hissələrdə xidmət göstərmələri, qurumun müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul və digər məsələlərlə bağlı olub.
General-leytenant Arzu Rəhimov hər bir vətəndaşın müraciətini diqqətlə araşdırıb və qaldırılan məsələlərin mövcud qanunverciliyin tələblərinə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.
Qəbul zamanı qaldırılan məsələlərin bir çoxu operativ surətdə həll edilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydə alınaraq aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülüb.