Avro-2016: Portuqaliya millisi dörddəbir finala yüksəlib
Bakı,26 iyun, AZƏRTAC
İyunun 25-də futbol üzrə XV Avropa çempionatının səkkizdəbir final mərhələsi çərçivəsində növbəti oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, Lans şəhərindəki 35 minlik azarkeş tutumuna malik “Bollaert-Delelis" stadionunda Xorvatiya və Portuqaliya milli komandaları qarşılaşıb.
İspaniyalı baş hakim Karlos Velaskonun idarə etdiyi oyununun əsas vaxtında hesab açılmayıb.
Qalibi müəyyənləşdirmək üçün matça əlavə vaxt təyin olunub. Görüşün 117-ci dəqiqəsində portuqaliyalı Kriştianu Ronaldunun ötürməsini Rikardo Quaresmo rəqib qapısından keçirib.
Beləliklə, Portuqaliya millisi 1:0 hesabı ilə qalib gələrək Avro-2016-nın dörddəbir finalına yüksəlib.