Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşü keçirilib [YENİLƏNİB] VİDEO

Bakı, 8 avqust, AZƏRTAC

Avqustun 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşü keçirilib.

Zirvə görüşündən əvvəl prezidentlər birgə foto çəkdiriblər.

Sonra dövlət başçıları görüşdə çıxış ediblər.

Azərbaycan Prezidenti İlham Əliyevin

çıxışı

-Hörmətli Prezidentlər.

Hörmətli qonaqlar.

Hörmətli zirvə görüşü iştirakçıları.

İlk növbədə, bütün qonaqları səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Bu gün Bakıda tarixdə ilk dəfə olaraq İran, Rusiya, Azərbaycan prezidentlərinin üçtərəfli görüşü keçirilir. Bu, tarixi hadisədir. Bu gün üç ölkə arasında yeni əməkdaşlıq formatı yaranır. Mənim dəvətimi qəbul edərək zirvə görüşünün işində iştiraka görə Prezident Putinə və Prezident Ruhaniyə minnətdaram.

Qeyd etməliyəm ki, bu ilin aprel ayında Azərbaycanın təşəbbüsü ilə Bakıda üç ölkənin xarici işlər nazirləri görüşmüşlər. Əminəm ki, bugünkü zirvə görüşü regional əməkdaşlığa yeni təkan verəcəkdir.

Əsrlər boyu yanaşı yaşayan xalqlarımızı ortaq tarix və coğrafiya birləşdirir. Azərbaycanı həm İran, həm Rusiya ilə sıx dostluq əlaqələri bağlayır. Bu əlaqələr son illərdə daha da inkişaf etmiş və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

İran, Rusiya və Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər. Ölkələrimiz həmişə BMT və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyirlər. Azərbaycan İran ilə İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində, Rusiya ilə ATƏT, MDB, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurla əməkdaşlıq edir. Sadaladığım təşkilatlarda üç ölkə daim bir-birini dəstəkləyir.

Azərbaycan İrana və Rusiyaya tətbiq olunan beynəlxalq sanksiyaların əleyhinə olmuşdur və öz mövqeyini dəfələrlə açıq şəkildə bildirmişdir. Azərbaycan müstəqil siyasət aparır. Bu siyasət beynəlxalq hüquq normalarına, ədalətə və ölkəmizin milli maraqlarına əsaslanır. Qonşularımızla yaxın əlaqələr milli maraqlarımıza tam cavab verir.

İran və Rusiya Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə, suverenliyinə hörmətlə yanaşır. Hər iki ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həll olunmasını dəfələrlə bəyan etmişdir.

Beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır. BMT, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyirlər. Münaqişə ilə bağlı mövcud olan status-kvo qəbuledilməzdir. Münaqişə beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Münaqişənin həll olunması üçün ilk növbədə Azərbaycan əraziləri işğaldan azad edilməlidir.

Uzun illərdir ki, Azərbaycanın ərazi bütövlüyü pozulub, torpağımızın 20 faizi işğal altındadır. Bu işğaldan bir milyondan artıq azərbaycanlı əziyyət çəkir. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması tələb olunur. Əfsuslar olsun ki, bu qətnamələr 20 ildən artıqdır ki, icra edilmir.

Son vaxtlar yaşadığımız regionda risklər və təhdidlər artır. Biz beynəlxalq terrorizmə qarşı səylərimizi daha da birləşdirməliyik. Əslində bütün dünya səylərini birləşdirməlidir. Biz ancaq bu halda beynəlxalq terrorizmə qalib gələ bilərik. Azərbaycanın terrorizmə qarşı mübarizədə prinsipial mövqeyi dəyişməzdir. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan beynəlxalq sülh və təhlükəsizliklə bağlı mühüm məsələləri müzakirəyə çıxarmış, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi təşəbbüsünü irəli sürmüşdür.

2012-ci ilin may ayında Təhlükəsizlik Şurasında Azərbaycanın sədrliyi ilə “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda keçirilmiş yüksək səviyyəli iclası xüsusi qeyd etmək istərdim. İclasın yekununda bəyanat qəbul olunmuş, terrorun bütün formaları və təzahürləri bir daha pislənmişdir.

Hörmətli həmkarlar. Bizi birləşdirən Xəzər dənizi bizim ümumi sərvətimizdir. Xəzər dənizi sülh və əməkdaşlıq dənizidir və belə də qalmalıdır. Xəzər dənizinin ekosisteminin qorunması bütün Xəzəryanı ölkələrin ümumi işidir. Azərbaycan bu istiqamətdə öz töhfəsini verir. Xəzər dənizində zəngin neft-qaz yataqları yerləşir. Xəzərin Azərbaycan sektorunda İran və Rusiya şirkətləri neft-qaz yataqlarının işlənməsində 20 ildir ki, iştirak edir, böyük sərmayə qoyur. Öz növbəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR Xəzərin İran və Rusiya sektorlarında aparılan işlərdə iştirak etməkdə maraqlıdır.

Üçtərəfli format iqtisadi əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldırmaq üçün yaxşı imkanlar yaradacaqdır. Rusiya və İran bizim əsas ticarət tərəfdaşlarımızdandır. Əminəm ki, üçtərəfli format ölkələrimizin biznes strukturları üçün də faydalı olacaq. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu, qarşılıqlı ixrac imkanlarının genişləndirilməsi iqtisadi əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edir. Maliyyə, bank, sığorta sektorunda əməkdaşlığın yaxşı perspektivləri vardır. Ölkələrimizin geniş maliyyə imkanlarını nəzərə alaraq biz başqa ölkələrdə müştərək investisiya layihələrində iştirak edə bilərik.

Azərbaycanda sərmayə qoyuluşu üçün münbit şərait yaradılmışdır. Son 20 ildə Azərbaycana 200 milyard dollar investisiya yatırılıb. Bunun yarısı xarici sərmayədir. Kənd təsərrüfatı, turizm, telekommunikasiya sahələri sərmayə qoyuluşu üçün böyük potensiala malikdir. Davos Dünya İqtisadi Forumunun qlobal rəqabət qabiliyyətliliyi indeksində Azərbaycan 40-cı yerə layiq görülüb.

Elektroenergetika sektorunda əməkdaşlıq uğurla aparılır. Azərbaycan həm İran, həm də Rusiya ilə öz enerji xətlərini birləşdirib. Hər iki ölkə ilə enerji mübadiləsinin həcmi ildən-ilə artır. Rusiya ilə mövcud olan sazişə əsasən Azərbaycanın enerji sistemi Rusiyanın Vahid Enerji Sistemi ilə paralel iş rejimində fəaliyyət göstərir. İki ölkənin enerji sistemlərini “Xaçmaz-Dərbənd” və “Yalama” elektrik veriliş xətləri birləşdirir. İran ilə də hazırda “Parsabad”, “Astara-Astara”, “Araz” və “Culfa” elektrik veriliş xətləri ilə enerji mübadiləsi həyata keçirilir. Bir neçə gün əvvəl İmişli və Parsabad arasında elektrik xətti də birləşdirildi. Masallı və Astara şəhərləri arasında isə elektrik xətti yaxın gələcəkdə tam istismara veriləcəkdir.

Artıq Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib. İxrac potensialımız artır. Əminəm ki, birgə səylərlə biz etibarlı enerji dəhlizinin formalaşmasına nail ola bilərik. Bu dəhliz üç ölkə arasında enerji mübadiləsini və yeni bazarlara çıxışı təmin edə bilər.

Şadam ki, sərhəd mühafizəsi işində etibarlı əməkdaşlıq mövcuddur. Azərbaycan tərəfinin təşəbbüsü ilə bu il İran, Rusiya, Azərbaycan sərhəd xidmətlərinin rəhbərləri Bakıda görüş keçirmişlər. Bu sahədə əməkdaşlığın dərinləşməsi, birgə təlimlər (o cümlədən Xəzər dənizində), birgə tədbirlər, operativ informasiya mübadiləsi ölkələrimizin təhlükəsizliyini daha da möhkəmləndirəcək.

Nəqliyyat sektorunda əməkdaşlığın çox gözəl və ümidverici gələcəyi vardır. Azərbaycan dünyada yeganə ölkədir ki, həm İran, həm Rusiya ilə sərhədi var. Hazırda Rusiya ilə Azərbaycan arasında dəmir yolu əlaqəsi mövcuddur. Bu il biz qərar qəbul etmişik ki, yaxın gələcəkdə Azərbaycan İran sərhədinə qədər öz dəmir yolunu uzatsın. Ümid edirəm ki, biz yaxın aylarda buna nail olacağıq. Eyni zamanda, bu yaxınlarda Azərbaycan-İran sərhədində Astaraçay üzərində dəmiryolu körpüsünün təməlqoyma mərasimi keçirilib. Bu infrastruktur layihələri “Şimal-Cənub” nəqliyyat dəhlizinin ayrılmaz tərkib hissəsidir.

“Şimal-Cənub” nəqliyyat dəhlizi strateji əhəmiyyət daşıyan transmilli layihədir. Gələcəkdə bir çox ölkələr bu dəhlizdən istifadə edəcəklər. Bu dəhlizin çox böyük iqtisadi səmərəsi vardır. Tranzit yüklərin daşınması üçün vaxt baxımından da bu yol çox əlverişlidir. Ümid edirəm ki, birgə səylərlə bu layihənin icrasına tezliklə nail olacağıq.

Sevindirici haldır ki, ölkələrimizdə dini və milli məsələlərdə heç bir problem yoxdur. Bu, bizim ölkələrimizin qazandığı dəyər və sərvətdir.

Azərbaycan əsrlər boyu müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu məkan olmuşdur. Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Tarix boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh, qardaşlıq şəraitində yaşayıblar. Multikulturalizm Azərbaycanda həyat tərzidir. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib.

Azərbaycan nadir dövlətlərdəndir ki, həm İslam Əməkdaşlıq Təşkilatında, həm də Avropa Şurasında təmsil olunur. Ölkələrimiz bu təşkilatlar daxilində uğurla əməkdaşlıq edir.

Hörmətli həmkarlarım. Yaratdığımız yeni üçtərəfli əməkdaşlıq formatı böyük potensiala malikdir. Bu, çox önəmli, yeni geosiyasi təşəbbüsdür. Üçtərəfli əməkdaşlıq regionda sülhün, təhlükəsizliyin, sabitliyin təmin olunmasına xidmət edəcəkdir. İqtisadi əməkdaşlıq, energetika, nəqliyyat sektorlarında üçtərəfli əməkdaşlıq xalqlarımızın rifah halının yaxşılaşmasını təmin edir. Əsasını qoyduğumuz bu format beynəlxalq aləmdə özünə layiq yerini tutacaq. Biz bu gün mehriban qonşuluq nümunəsini göstəririk. Biz bu gün sübut edirik ki, əgər qarşılıqlı hörmət, xoş niyyət varsa, arzularımız səmimidirsə hətta bizim qeyri-sabit, böhran və münaqişələrlə dolu olan regionumuzda ölkələrimizi risklərdən qoruya, sabitliyi möhkəmləndirə, əməkdaşlığı dərinləşdirə bilərik.

Diqqətinizə görə minnətdaram.

X X X

İran Prezidenti Həsən Ruhaninin

çıxışı

-Azərbaycan Respublikasının Prezidenti hörmətli cənab İlham Əliyev.

Rusiya Federasiyasının Prezidenti hörmətli cənab Vladimir Putin.

Hörmətli qonaqlar.

İlk növbədə Azərbaycan Respublikasına qonaqpərvərliyə və belə bir görüşü keçirməsinə görə minnətdarlığımı bildirirəm.

İran İslam Respublikasının xarici siyasətinin prinsiplərinə əsasən qonşu ölkələrlə əlaqələrin genişləndirilməsi əsas götürülür. Ona görə də İran hər hansı bir təşəbbüsə, razılaşmalara, anlaşmalara tərəfdardır. İran, Azərbaycan və Rusiya arasında olan üçtərəfli görüş fikir mübadiləsinə, ortaq mənafelərin yaranmasına imkan verir. İran İslam Respublikası bu ideyanı yüksək dəyərləndirir. Şübhəsiz ki, bu üçtərəfli görüşün keçirilməsi regionda təhlükəsizliyin möhkəmləndirilməsi, ölkələrimizin əlaqələrinin genişləndirilməsi və dərinləşdirilməsi üçün son dərəcə böyük əhəmiyyətə malikdir. Bu üç qonşu ölkə regionda geosiyasi və coğrafi baxımdan mühüm önəmə malikdir.

Ölkələrimiz siyasi, iqtisadi, mədəni, sosial, texnologiya sahələrində bir sıra təhlükələrlə üz-üzədir. Bu, onların qarşılıqlı anlaşmaya nail olmasını əvvəlkindən də artıq zəruri edir. Biz İran İslam Respublikasında inanırıq ki, indiki şəraitdə müxtəlif təhdidlərlə üzləşən bir ölkənin təkbaşına fürsətlərdən yararlanma imkanı olmayacaq. Hər ölkənin xalqının rifah və firavanlığı üçün başqa ölkələrlə, xüsusilə qonşu ölkələrlə əməkdaşlıq lazımdır. İranın xarici siyasəti başqa ölkələrlə, xüsusilə qonşu ölkələrlə əməkdaşlıq, habelə müştərək mənafeyə əsaslanır. Bu sahədə aparılan müzakirələrin, danışıqların faydalı olduğunu hiss edirik.

Müxtəlif tarixi, mədəni, dini və sosial sahələrdə ortaq dəyərlər, habelə mövcud potensiallardan zamanında yararlanmaq üçtərəfli əlaqələrin genişlənməsi üçün fürsətlər yaradır. Müxtəlif potensiallardan istifadə, enerji məsələləri, habelə geosiyasi, coğrafi mövqe üç qonşu ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından böyük bir fürsətdir. Digər tərəfdən, terrorizm, ekstremizm, ekoloji sahədə müxtəlif problemlərin yaranması, mütəşəkkil cinayətkarlıq və digər problemlərlə mübarizə hər üç ölkənin anlaşmaya nail olmasını tələb edir.

Son illərdə dünyada baş verən dəyişikliklər, əməkdaşlıq və ortaq fikrə sahib olmaq bu problemlərə üstün gəlməyin mümkünlüyünü göstərir. Görürük ki, potensialdan istifadə etmək mümkündür. İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında müxtəlif sahələrdə əlaqələrdə çox müsbət dəyişikliklər baş verib. Bu iki ölkə arasında yaxşı qonşuluq münasibətləri var, əlaqələrin genişlənməsi üçün müxtəlif təşəbbüslər irəli sürülüb. Ticari-iqtisadi əməkdaşlığın genişlənməsi baxımından gömrük sahəsində əməkdaşlıq, elektrik xətlərinin, habelə dəmir yollarının birləşdirilməsi ilə bağlı anlaşmalar, Astaraçayın üzərində körpünün salınması, həmçinin Xudafərin su mənbəyindən müştərək istifadə edilməsi kimi faktları göstərmək olar.

Rusiya ilə ikitərəfli əlaqələrimiz göstərir ki, hər iki ölkənin rəhbərləri arasında xüsusilə son iki ildə yaxşı münasibətlər var. Bu iki ölkənin əlaqələrinin genişləndirilməsi və nüvə probleminin həlli üçün eyni mövqeyə sahib olmaları, xüsusilə Suriya məsələsində əməkdaşlıq münasibətlərin inkişafına sübutdur. Bunu xüsusilə üçtərəfli əməkdaşlığa sirayət etdirmək də mümkündür. O cümlədən viza rejiminin sadələşdirilməsi, sərmayə qoyuluşu, gömrük və texnologiya sahələrində əməkdaşlıq ticari əlaqələrin genişlənməsinə bariz nümunədir. Bu, həmçinin əlaqələrin inkişafı üçün böyük perspektiv açır.

İran hesab edir ki, üç ölkənin eyni mövqeyə, qarşılıqlı etimada sahib olması müxtəlif sektorlarda, xüsusilə mədəni, iqtisadi sahələrdə potensialı üzə çıxarmağa imkan yaradacaq. Bu ölkələrin bir-birinə yardım etmələri regionda mövcud olan təhdidlərə qarşı mübarizə sahəsində əməkdaşlığa da töhfə verə bilər. Regionda üç ölkənin əməkdaşlığı sayəsində inkişafın mümkünlüyünə inanırıq. Bugünkü görüş bunu bir daha göstərir.

Ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, enerji, nəqliyyat, bank, sərmayə qoyuluşu, turizm, habelə dəmir yolu, gəmiçilik sahələrində əməkdaşlıq üçün potensiallardan tam istifadə olunması, maneələrin aradan qaldırılması məqsədilə lazımi işlər görülməlidir. Üçtərəfli anlaşmalar bu baxımdan mühüm rol oynaya bilər. Hökumətlərarası müştərək komissiyaların fəaliyyəti üç ölkənin əlaqələrinin genişləndirilməsinə yönəldilib. İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu komissiyaya həmsədrliyi həyata keçirir. Təklif edirik ki, bu komissiyanın sədrləri belə anlaşmaların imzalanması və yeni əməkdaşlıqların genişləndirilməsi və sərmayə qoyulması, üçtərəfli layihələrin həyata keçirilməsi üçün lazımi işlər görsünlər.

Həqiqətən də iqtisadi inkişaf və rifah regionda sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verir. Belə bir şəraitdə terrorizmə və ekstremizmə qarşı mübarizə, sabitliyin və təhlükəsizliyin təmin olunması müxtəlif fikir ayrılıqlarını müzakirə və danışıqlar yolu ilə həll etməyin mümkün olduğunu göstərir. Terrorizmlə, ekstremizmlə mübarizədə əməkdaşlığımızın potensialından istifadə etmək faydalı olar. Diqqətinizə görə təşəkkür edirəm.

x x x

Rusiya Prezidenti Vladimir Putinin

çıxışı

-Çox sağ olun, hörmətli cənab Prezident Əliyev.

Hörmətli Prezident Ruhani.

Hörmətli həmkarlar.

Əvvələn, bu üçtərəfli görüşün təşkil edilməsi təşəbbüsünə görə Prezident İlham Heydər oğlu Əliyevin ünvanına İran Prezidentinin indicə söylədiyi təşəkkür sözlərinə qoşulmaq istərdim.

Azərbaycan və İran Rusiya üçün mehriban qonşular və mühüm tərəfdaşlardır. Biz bir-birimizlə səmərəli əməkdaşlıq üzrə zəngin təcrübə toplamışıq. Sözsüz ki, bu gün biz münasibətlərimizdə yeni səhifə açırıq, üçtərəfli formatda qarşılıqlı fəaliyyətə start veririk. Bizim fikrimizcə, bu cür formata ehtiyac olması aşkardır. Üç ölkəni birləşdirən əsas amil geniş əhatəli regional və qlobal məsələlərə yanaşmanı əlaqələndirməyə hazır olmağımız, ticari-iqtisadi sahədə çoxplanlı praktiki əməkdaşlığı bundan sonra da genişləndirmək istəyimizdir. Onu da qeyd edim ki, bütün dövlətlər, hər halda çoxsaylı dövlətlər bu cür problemlərlə üzləşir. Bu, davam edən qlobal iqtisadi böhrana da, gərginliyə də aiddir. Bizim ölkələr üçün bu, çox cəhətdən onunla bağlıdır ki, indicə dediyim gərginlik sizin və bizim sərhədlərdə xeyli dərəcədə mövcuddur. Mən həm Əfqanıstanı, həm də Yaxın Şərqi, qeyri-sabitlik zonalarını və qaynar münaqişələri, ilk növbədə İŞİD, “Cəbhət ən-Nusra” və digər terror təşkilatları tərəfindən artmaqda olan terror təhlükəsini nəzərdə tuturam. Bütün bunlar bizim üçün real təhlükədir. Bu problemlərin həlli yollarını birgə axtarmaq istəyi ölkələrimizin daha sıx qarşılıqlı əlaqəsini tənzimləmək zərurətini şərtləndirir. Üçtərəfli əməkdaşlığın əsas istiqamətləri bizim bugünkü Zirvə toplantısının yekunlarına əsasən qəbul edəcəyimiz Bəyannamədə göstərilib.

Rusiyanın nöqteyi-nəzərindən xüsusi əhəmiyyət kəsb edən bəzi məsələləri qeyd etmək istərdim. Məsələn, beynəlxalq terror təşkilatlarının fəaliyyəti barədə informasiya mübadiləsinin fəallaşdırılmasını məqsədəuyğun hesab edirik. Bu, ölkələrimizin ərazisindən silahlıların, silahların və narkotiklərin tranzitinin qarşısının daha səmərəli alınması üçün lazımdır.

Ümid edirik ki, Xəzər problemlərinə dair üçtərəfli dialoq da Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya üzərində işin tezliklə tamamlanmasına şərait yaradacaq. Əminəm ki, Konvensiyanın imzalanması və onun müddəalarının reallaşdırılması Xəzəryanı beş ölkənin hamısının mənafelərinə uyğundur.

Nəqliyyat infrastrukturu sahəsində əməkdaşlığın perspektivi ümidverici görünür. Mən Azərbaycan Prezidentinin artıq qeyd etdiyi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin Qərb şaxəsinin yaradılması planlarını nəzərdə tuturam. Energetika sahəsində ilk növbədə Xəzər regionunda neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi layihələrinin reallaşdırılmasını prioritet hesab edirik. Biz hasil edilən xammalın daşınması üçün boru kəməri infrastrukturundan birgə istifadə edilməsinin qarşılıqlı faydalı sxemlərini də müzakirə etməyə hazırıq.

Təbii ki, mədəniyyət, turizm, gənclərin mübadiləsi, təhsil sahəsində əməkdaşlıq məsələlərinə diqqəti artırmaq, üç ölkənin regionları arasında birbaşa əlaqələrin inkişafına şərait yaratmaq lazımdır.

Əminəm ki, qonşuların - Rusiya, Azərbaycan və İranın əməkdaşlığı gələcəkdə də praqmatik, qarşılıqlı faydalı xarakter daşıyacaq və ölkələrimizin xalqlarının köklü maraqlarına cavab verəcək, bütün Xəzər regionunun dinamik inkişafı üçün yeni imkanlar yaradacaq.

Hörmətli həmkarlar, sözsüz ki, biz hələ çox iş görməliyik və Sizi əmin etmək istəyirəm ki, Rusiya birgə fəal işə hazırdır.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Dövlətimizin başçısı Zirvə görüşünə yekun vurdu.

Prezident İlham Əliyevin

yekun çıxışı

-Sağ olun, Vladimir Vladimiroviç. 

Hörmətli həmkarlar.

Bir neçə dəqiqədən sonra Zirvə görüşünün birgə Bəyannaməsi imzalanacaq. Artıq iki gündür ki, Bəyannamənin üzərində çox fəal iş aparılır. İki gündür ki, ikitərəfli formatda görüşlər keçirilir. Dünən İran İslam Respublikasının Prezidenti cənab Ruhani, bu gün isə Rusiya Prezidenti cənab Putin ilə mənim görüşüm olubdur. Rusiya və İran prezidentləri də bu gün görüşmüşlər. Yəni, bu görüşlərin çox böyük mənası var. Əslində yaratdığımız üçtərəfli format ikitərəfli əlaqələrin əsasında yaranır.

Şadam ki, həm Azərbaycanın Rusiya və İranla, Rusiyanın İran ilə əlaqələri çox yüksək səviyyədədir. Bu əlaqələrin inkişafı imkan verir ki, bu gün biz yeni bir əməkdaşlıq formatı haqqında nəinki danışaq və onu yaradaq. Bu gün imzalanacaq birgə Bəyannamə həm görülən işləri, bizim niyyətimizi, mövqeyimizi, eyni zamanda, gələcəyə baxışlarımızı əks etdirir.

Yaşadığımız region çox mürəkkəbdir, risklərlə, təhdidlərlə dolu bölgədir. Əfsuslar olsun ki, bu risklər azalmır, getdikcə artır. Belə olan halda üçtərəfli əməkdaşlıq regional təhlükəsizlik üçün əsas şərtdir.

Rusiya-İran-Azərbaycan üçtərəfli əməkdaşlığı bölgədə sabitləşdirici amildir. Hesab edirəm ki, biz birgə səylərlə həm ölkələrimizi mümkün olan risklərdən qoruyacağıq, eyni zamanda, geniş mənada regionda əməkdaşlığı dərinləşdirəcəyik.

Bu gün gündəlik çox genişdir. Artıq həmkarlarım çıxışlarında bu barədə öz sözlərini dedilər. Əlbəttə ki, gələcəkdə biz siyasi əlaqələri daha da möhkəmləndirməliyik. Biz qonşuyuq. Biz mehriban qonşuluq şəraitində yaşayırıq və bu birliyi möhkəmləndirməliyik. Eyni zamanda, iqtisadi sahədə ixrac potensialımızın, ticarət dövriyyəsinin artırılması istiqamətində əlavə tədbirlər görüləcək. Nümayəndə heyətlərinin müvafiq nazirləri bu məsələ ilə bağlı artıq görüşüblər və müəyyən razılığa gəliblər. Xüsusilə nəqliyyat, energetika sahələrində əməkdaşlıq üçün çox gözəl imkanlar var. Bu əməkdaşlıq üç ölkənin səyi ilə yaranıbdır və bir çox ölkələr buna qoşulacaq. Yaradacağımız “Şimal-Cənub” nəqliyyat dəhlizi ölkələrimizin həm təhlükəsizliyini, həm də iqtisadi maraqlarını təmin edəcəkdir.

Mən giriş sözümdə qeyd etdim ki, bizim əməkdaşlığımızın təməlində səmimi münasibətlərimiz, xoş niyyətimiz durur. Biz göstəririk və sübut edirik ki, bu, mümkündür. Bəzən qonşular arasında problemlər, bəzən münaqişələr olur. Xoşbəxtlikdən bizim aramızdakı əlaqələr ancaq dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında qurulubdur. Biz bir-birimizi dəstəkləyirik, bir-birimizə inanırıq, bir-birimizə güvənirik.

Biz həm bölgəyə, həm dünyaya çox gözəl əməkdaşlıq formatını nümayiş etdiririk. Əminəm ki, bu Zirvə görüşünün nəticələri çox uğurlu olacaq. Bəyannamədə əks olunan bütün məsələlər icra ediləcək və beləliklə, xalqlarımız daha da yaxşı, təhlükəsizlik, sülh, rifah, əmin-amanlıq şəraitində yaşayacaq.

Mən öz həmkarlarıma bir daha minnətdarlığımı bildirmək istəyirəm. Burada qeyd olundu ki, bu görüşün təşəbbüskarı Azərbaycan olmuşdur. Bu ilin fevral ayında mən İran İslam Respublikasında rəsmi səfərdə olarkən Prezident Ruhani ilə bu məsələni müzakirə etdim. Ondan çox müsbət cavab aldım. Ondan sonra Prezident Putin ilə əlaqə saxladım. Onun da münasibəti çox müsbət olmuşdur. Daha sonra üç ölkənin xarici işlər nazirləri aprel ayında Bakıda görüşmüşlər və bu Zirvə görüşünün hazırlanması üçün çox fəal iş görmüşlər.

İmzalayacağımız birgə Bəyannamə çox ciddi siyasi sənəddir. Bugünkü görüş tarixi görüşdür. Çünki bu, həm tarixə əsaslanır, - xalqlarımız əsrlər boyu bir yerdə olmuşlar, - eyni zamanda, bu, tarixdə ilk dəfədir. Əminəm ki, bu görüşün davamı olacaq və bizim ölkələrimizin bundan sonrakı əməkdaşlığı dərinləşəcək.

İndi isə xahiş edirəm ki, imzalama mərasiminə başlayaq.

X X X

Sonda Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani və Rusiya Prezidenti Vladimir Putin Zirvə görüşünün Birgə Bəyannaməsini imzaladılar.

X X X

Prezident İlham Əliyev dedi: İran İslam Respublikasının Prezidenti cənab Ruhani təklif edir ki, növbəti üçtərəfli görüş İranda keçirilsin. Bu təklifə görə biz minnətdarıq və məmnuniyyətlə növbəti dəfə qardaş ölkədə yenidən görüşərik. Çox təşəkkür edirəm, cənab Prezident.

Beləliklə, bugünkü Zirvə görüşü başa çatır. Bir daha təşəkkür edirəm, hamınıza uğurlar arzulayıram. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Bakıda Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşü keçirilib [YENİLƏNİB] VİDEO

Bu saata olan əsas xəbərlər

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər