Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev İsmayıllıda velosiped istehsalı zavodunun açılışında iştirak edib [YENİLƏNİB] VİDEO

İsmayıllı, 10 avqust, AZƏRTAC

İsmayıllı rayonuna səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev avqustun 10-da “İSMA BİKES” velosiped istehsalı zavodunun açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, İsmayıllı şəhərindən 6 kilometr məsafədə yerləşən Diyallı kəndi ərazisində inşa olunmuş bu istehsal müəssisəsinin layihəsi Bolqarıstanın Sofiya velosiped zavodu ilə əməkdaşlıq çərçivəsində icra olunub.

Müəssisə Bolqarıstan, Danimarka, Niderland, Çin və Türkiyə istehsalı olan avadanlıqlarla təchiz edilib. Zavodun istehsal gücü ildə 20-30 min velosipeddir. Burada 5 növdə velosipedin istehsalı nəzərdə tutulur.

Müəssisədə ilkin mərhələdə 60 işçi çalışacaq. Gələcəkdə zavodun fəaliyyətinin genişləndirilməsi ilə işçilərin sayının artacağı nəzərdə tutulur.

Zəruri infrastrukturu ilə Qafqazda yeganə olan bu zavodun məhsulları yüksək keyfiyyəti ilə seçiləcək.

Müəssisənin ərazisində müasir velotrek meydançası da yaradılıb. Üç hektar sahəsi olan velotrekdə idman yarışlarının keçirilməsi üçün hər cür şərait var.

Prezident İlham Əliyev müəssisəni işə saldı.

Dövlətimizin başçısı zavodun istehsal etdiyi velosipedi sınaqdan keçirdi.

Rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşən Prezident İlham ƏLİYEV dedi:

- Sizi ürəkdən salamlayıram. Bu zavodun açılışı münasibətilə sizi təbrik edirəm. Çox şadam ki, İsmayıllıda belə gözəl müəssisə açılır, istifadəyə verilir. Özüm də bu müəssisənin məhsulunu sınamışam. Görürəm ki, çox yaxşı velosipeddir. Əminəm ki, Azərbaycan vətəndaşları bunu qiymətləndirəcəklər.

Bu istehsal əslində ölkəmizin inkişafını göstərir. Göstərir ki, Azərbaycanda indi müxtəlif istiqamətlər üzrə yeni istehsalat sahələri var və bu istehsalat sahələri ən yüksək səviyyədədir. Bir gün əvvələ qədər velosipedləri xaricdən idxal edirdik. Bu gün isə artıq Azərbaycanda, özü də paytaxt şəhərdə deyil, İsmayıllıda belə gözəl müəssisə açılır. Mənə verilən məlumata görə, bu zavodun istehsal gücü ildə 30 min ədəd velosiped olacaq. Burada artıq onlarla iş yeri yaradılıbdır, müasir texnologiyalar tətbiq olunur. Əlbəttə ki, bu velosipedlər həm daxili bazarda satılacaq, eyni zamanda, hesab edirəm ki, xaricə də ixrac edilə bilər. Çünki keyfiyyət buna şərait yaradır.

Azərbaycanın uğurlu inkişafı bax, belə müəssisələrdən asılıdır. Çünki bu gün həm sənaye istehsalı, həm də kənd təsərrüfatı istehsalı daha da böyük əhəmiyyət daşıyır. Mən dəfələrlə bunu qeyd etmişəm, bir daha demək istəyirəm ki, ölkəmizin bundan sonrakı uğurlu inkişafı bax, bu iki istiqamətdən asılı olacaq. Baxmayaraq ki, indi dünyada maliyyə-iqtisadi böhran davam edir, şadam ki, bu ilin yeddi ayında Azərbaycanda sənaye istehsalı təxminən bir faiz artıb. Bu, o qədər də böyük göstərici deyil, ancaq indiki şəraiti nəzərə alsaq, hesab edirəm ki, bu, yaxşı göstəricidir.

Qeyri-neft sənayesi isə iki faizdən çox artıb. Belə müəssisələrin gələcəkdə ölkəmizin müxtəlif yerlərində yaradılması imkan verəcək ki, Azərbaycanda həm sənaye istehsalı artsın, həm də neftdən, qazdan asılılıq daha da azalsın. Bu istiqamətdə işlər görülür və ciddi islahatlar aparılır. İslahatlar da öz bəhrəsini verir. Deyə bilərəm ki, Azərbaycan dünyada hökm sürən böhranı nəzərə alaraq, bu vəziyyətdən ən az itkilərlə çıxır. Ölkəmizdə indi maliyyə sahəsində sabitləşmə təmin edilibdir. Bu il on minlərlə yeni iş yeri yaradılıbdır. Bu proses davam edir. Kənd təsərrüfatı istiqamətində çox böyük müsbət nailiyyətlər var. Beləliklə, Azərbaycanın gələcək inkişafı dayanıqlı olacaq. Bizim imkanımız var ki, gələcək inkişafımızı iki vacib istiqamət - kənd təsərrüfatı və sənaye istehsalı üzərində quraq.

Əlbəttə, digər sahələr də böyük əhəmiyyət daşıyır. Gələcəkdə bizə çox valyuta gətirə biləcək sahə nəqliyyatdır. Bizim coğrafi vəziyyətimizi və artıq gördüyümüz işləri nəzərə alsaq, bunu deməyə əsas var. Azərbaycanın iştirakı və bir çox hallarda təşəbbüsü ilə iki transmilli layihə icra edilir. “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin yaradılması Azərbaycanın iştirakı ilə baş verir. İki gün bundan əvvəl Bakıda İran, Rusiya, Azərbaycan prezidentlərinin ilk zirvə görüşündə bu məsələ çox ciddi müzakirə edildi. Azərbaycan burada öz təşəbbüsünü ortaya qoyur. Bu dəhlizin yaradılması və fəaliyyəti ölkəmizə 100 milyonlarla dollar gəlir gətirəcək.

Əlbəttə, digər sahələr də böyük əhəmiyyət daşıyır - telekommunikasiya, informasiya texnologiyaları, metallurgiya sahələri, kimya sənayesi. Ancaq bütövlükdə sənaye və kənd təsərrüfatı əsas prioritet kimi qalır və qalacaq.

İsmayıllı rayonunun inkişafı da məni sevindirir. Mən Prezident kimi İsmayıllı rayonunda dəfələrlə olmuşam, ümumiyyətlə, prezidentlik dövrümdə bu, mənim beşinci səfərimdir. Şadam ki, İsmayıllı sürətli inkişaf dövrünü yaşayır. Bu gün icra başçısı mənə görüləcək işlər haqqında məlumat verdi, təqdimatlar edildi. Burada həm turizm sektorunun inkişafı, həm də kənd təsərrüfatının, emal sənayesinin inkişafı sürətlə getməlidir. Nəzərə alsaq ki, İsmayıllının çox gözəl təbiəti, tarixi var, rayonda Lahıc, Basqal kimi iki qədim kənd var, əlbəttə ki, burada turizm potensialının maksimum dərəcədə cəlb edilməsi gərək hamımızın işi olsun.

Son vaxtlar Azərbaycana gələn turistlərin sayı böyük dərəcədə artıb. Xüsusilə bu zonaya, şimal-qərb zonasına turistlərin axını müşahidə olunur. Siz də bunu görürsünüz. Mən demişəm, bir daha demək istəyirəm ki, Şamaxıdan Balakənə qədər bütün bu bölgə beynəlxalq turizm zonasına çevrilməlidir və bu istiqamətdə işlər gedir. Əlbəttə ki, ilk növbədə infrastruktur layihələri icra edilməli idi və onların böyük hissəsi icra edildi. Qəbələdə beynəlxalq aeroport tikildi. İndi beynəlxalq uçuşlar həyata keçirilir. Bu beynəlxalq aeroport bütün zona əhalisi üçün böyük əhəmiyyət daşıyır. Zaqatalada aeroport tikildi. Avtomobil yolları tikilir. İndi Bakı-Şamaxı avtomobil yolu dörd zolağa genişləndirilir. Bu gün mən İsmayıllı-Qaraməryəm yolunun açılışını etmişəm. Bu da rayon üçün çox böyük əhəmiyyət daşıyır, təxminən 30 kilometr uzunluğunda 34 yaşayış məntəqəsini birləşdirir. O yaşayış məntəqələrində İsmayıllı rayonu əhalisinin üçdə bir hissəsi qədər - 30 minə yaxın insan yaşayır.

Yol infrastrukturu, müasir mehmanxanaların tikintisi, əlbəttə ki, turizm üçün əsas şərtdir. İsmayıllıda digər infrastruktur layihələri icra edilib. İçməli su layihəsi artıq neçə ildir ki, başa çatıb. İndi şəhər sakinləri təmiz içməli su ilə təmin olunurlar.

Kanalizasiya və təmizləyici qurğuların da quraşdırılması prosesi başa çatır. Mənə verilən məlumata görə, qazlaşdırma 67 faizdir. Dağlıq relyefi nəzərə alsaq, hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Digər infrastruktur layihələri də icra edilib.

Sosial obyektlərin və yeni müəssisələrin istifadəyə verilməsi, əlbəttə ki, iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. Bu gün quşçuluq fabrikinin, böyük heyvandarlıq kompleksinin, bir neçə otel və istirahət mərkəzinin təqdimatı oldu. İsmayıllının çox gözəl təbiəti, iqlimi var. Ona görə, kənd təsərrüfatı, bitkiçilik, heyvandarlıq daha da sürətlə inkişaf etməlidir. Bir qarış torpaq boş olmamalıdır. Daxili tələbatı təmin etmək və ixrac potensialını artırmaq üçün məqsədyönlü şəkildə işlər aparılacaq. Bu barədə bütün göstərişlər verildi.

Bu il kənd təsərrüfatı istiqamətində çox önəmli addımlar atılıb. Bizim üçün ənənəvi, ancaq əfsuslar olsun ki, müəyyən dərəcədə tənəzzülə uğramış sahələri bərpa etmişik. İndi mənə deyirlər, bir sıra rayonlarda, o cümlədən İsmayıllı rayonunda ailələr var ki, ay yarım ərzində baramaçılıqdan minlərlə manat pul qazanıb.

Aran zonasında pambıqçılığın inkişafı geniş vüsət alıb. Biz bu il keçən ilə nisbətən pambığın istehsalını üç dəfə artıracağıq, 30 min tondan 100 min tona qaldırılacaq. Gələn il 250-300 min ton olmalıdır. İndi hər bir region üçün xüsusi inkişaf planı hazırlanır. Əlbəttə, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında əsas istiqamətlər müəyyən edilib və o proqram bizim üçün əsasdır, bir yol xəritəsidir. Ancaq həyat yerində durmur, dəyişikliklər baş verir. Həm bölgədə, həm dünyada yeni situasiya yaranır. İndi bazarlar uğrunda mübarizə gedir. Məhsulu yetişdirmək hələ məsələnin həlli deyil. Onu daxili bazarda və yaxud da xarici bazarda satmaq lazımdır. Ona görə, fermerlərə kömək göstərmək üçün indi yetişdirilən bu məhsulların tədarükü ilə məşğul olan qurum da yaradılır. Kənd təsərrüfatında işləyənlər bilirlər ki, aqrolizinq vasitəsilə texnika verilir, gübrəyə, yanacağa, yetişdirilən məhsula görə nə qədər böyük subsidiyalar verilir. İndi biz ixracı stimullaşdırmaq üçün təşviq mexanizmini işə salırıq. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Bu, çox ciddi bir proqramdır. Yenə də deyirəm, hər bir rayon üzrə rayonun potensialı maksimum dərəcədə realizə edilməlidir və ediləcək.

İsmayıllıda belə gözəl istehsalat sahələri açılır. Hesab edirəm ki, bu, sahibkarlar üçün də yaxşı bir siqnal olacaq. Çünki burada investisiyalar qorunur. Mən sahibkarları dəstəkləyirəm, onlarla görüşürəm. Son 10 il ərzində sahibkarlara 1 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib. Həmin pulun hesabına 10 minlərlə, 100 minlərlə iş yeri yaradılıb. Ancaq biz gələcəyə baxmalıyıq. Düzdür, çox iş görülüb, ancaq hələ çox iş görülməlidir.

Bu gün İsmayıllıda ikinci su elektrik stansiyasının açılışını etdik. Bu iki stansiyanın istehsal etdiyi enerji İsmayıllı rayonunun tələbatının 45-50 faizini ödəyir. Bu, artıq gözəl bir göstəricidir. Tələbatın yarısı alternativ, özü də ucuz enerji hesabına təmin edilir. Mənə məlumat verildi ki, yeni su elektrik stansiyasının tikintisi də nəzərdə tutula bilər. O daha böyük həcmdədir - 10 meqavat. İndi mən demişəm ki, texniki-iqtisadi əsaslandırma hazırlansın. Əgər bu məsələ həll olunarsa, onda İsmayıllı rayonu elektrik enerjisini başqa rayonlara - Qəbələyə, Şamaxıya ötürəcək. Bu da enerji təhlükəsizliyimizi təmin edəcək.

Biz işləri planlı şəkildə görürük - ilk mərhələdə infrastruktur layihələri, yol, elektrik stansiyaları, ondan sonra sosial infrastruktur, məktəblər, içməli su, ondan sonra iş yerləri, kreditlər, kənd təsərrüfatı. Mən gələcəyə çox böyük ümidlərlə və nikbinliklə baxıram. Heç bir böhran, dünyada baş verən heç bir hadisə bizə təsir edə bilməz. Azərbaycan sabitlik diyarıdır, inkişaf məkanıdır. Məhz buna görə bu gün milyonlarla xarici turist Azərbaycana gəlir. Təkcə tarixi abidələri seyr etmək üçün gəlmir, o cümlədən ona görə gəlir ki, burada xidmət, təhlükəsizlik yüksək səviyyədədir, insanlarımız qonaqpərvərdir və əlbəttə ki, gözəl şərait var. Bu şəraiti bax biz yaradırıq, siz burada yaradırsınız. Mən Prezident kimi çalışıram ki, Azərbaycanda bütün istiqamətlər üzrə işlər daha da yaxşı getsin.

Biz, əlbəttə ki, əldə edilmiş uğurlarla fəxr edə bilərik. Ancaq biz daim irəliyə baxmalıyıq. Harada qüsurlar, çatışmazlıqlar varsa, biz onları aradan götürməliyik və inkişafımızı təmin etməliyik.

Mən sizi bir daha salamlayıram. Əminəm, bu gün mənə təqdim olunan layihələr reallaşacaq və reallaşdıqca mən yenə də İsmayıllıya gələcəyəm ki, o obyektlərin açılışında sizinlə bərabər iştirak edim.

Sağ olun.

X X X

Zavodun əməkdaşı İsmət Mirzəfərli: Möhtərəm cənab Prezident, belə böyük zavodu bizə bəxş etdiyinizə görə kollektivimiz adından Sizə minnətdarlığımızı bildiririk.

Prezident İlham Əliyev: Sağ ol. Sən burada nə işləyirsən?

İsmət Mirzəfərli: Mexanikəm.

Prezident İlham Əliyev: Buralısan?

İsmət Mirzəfərli: Bəli.

Prezident İlham Əliyev: Bu zavodda işləyənlərin hamısı İsmayıllı rayon sakinləridir? Onlar hansısa kurs, təlim keçiblər?

İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov: Onlar burada müəyyən kurslar keçiblər. İstehsalat prosesini tam öyrənmək üçün isə Sofiyaya gedəcəklər.

Prezident İlham Əliyev: Çox yaxşı. Şəhərdə yaşayırlar?

Mirdaməd Sadıqov: Şəhərdən də var, kənddən də.

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva: Möhtərəm cənab Prezident, 2013-cü ildə Siz İsmayıllı tikiş fabrikinin açılışında xeyir-dua vermişdiniz. Bu gün fabrik fəaliyyətini uğurla davam etdirir. Hazırda Sizin göstərişinizlə rayonumuzda daha böyük bir fabrik - İsmayıllı xalça fabriki inşa olunur. Burada 170-ə yaxın işçi çalışacaq. Bütün bunlar Sizin İsmayıllıya diqqətinizin, xüsusi qayğınızın nəticəsidir. Bu diqqətə və qayğıya görə Sizə ismayıllılılar adından ürəkdən təşəkkür edirik. Çox sağ olun, cənab Prezident! Tanrı Sizi bizlər üçün qorusun. Çox sağ olun.

Prezident İlham Əliyev: Çox sağ olun. Bu gün “Azərxalça” İstehsalat Birliyinin yeni binasının layihəsinin təqdimatı da keçirildi. Bildiyiniz kimi, bu yaxınlarda mən “Azərxalça” müəssisəsini yaratdım. Bu, qısa müddət ərzində ölkəmizin müxtəlif yerlərində xüsusilə qadınlar üçün minlərlə yeni iş yerinin yaradılmasına gətirib çıxaracaq. Biz xalçaçılığı gərək nəinki qoruyaq, həm də inkişaf etdirək. Çünki indi Azərbaycanda məşğulluq artır, işsizlik aşağı səviyyədədir. Ancaq araşdırsaq, görərik ki, qadınlar arasında işsizlik nisbətən daha çoxdur. Ona görə də qadınları işlə təmin etmək, eyni zamanda, xalçaçılığı yaşatmaq və ixrac potensialımızı artırmaq üçün belə bir qərar qəbul edildi. İndi bir çox rayonda, o cümlədən İsmayıllıda xalçaçılıq üzrə istehsalat sahələri yaradılır. Çünki İsmayıllıda xalçaçılıq sənəti çox inkişaf edib və qədim tarixə malikdir. İsmayıllının özünəməxsus xalçaçılıq üslubu var.

Bu xalçaçılıq müəssisəsi bütün lazımi avadanlıq, dəzgahlar, iplər, boyalarla təmin ediləcək, ilkin mərhələdə 170 iş yeri yaradılacaq. Biz tezliklə bu işlərə start verəcəyik. Xalça ixrac məhsuludur. Üstünlüyü ondan ibarətdir ki, onun istehsalına gedən vəsait yerli valyuta ilə ölçülür, amma ixrac olunarkən ölkəmizə xarici valyuta gələcək. Eyni zamanda, biz bu gözəl sənəti yaşatmalıyıq. Çünki xalça xalqımızın milli sərvətidir. Bakıda möhtəşəm Xalça Muzeyi tikilib. Təkcə ona görə yox ki, biz Bakını daha da gözəlləşdirək, ona görə ki, bu, bizim milli sənətimizdir. Bükülmüş xalça formasında tikilmiş o möhtəşəm bina əslində bunu bir daha göstərir.

Kiçik, orta sahibkarlığın inkişafı üçün ölkəmizdə hər cür şərait var. Əlbəttə ki, sahibkarlar gərək daha da çox işləsinlər. Biz sahibkarları dəstəkləyirik, onlara həm maliyyə vəsaiti ayrılır, həm siyasi dəstək göstərilir. Misal üçün, kiçik ailə təsərrüfatları yaradılmalıdır. İnkişaf etmiş ölkələrdə kənd təsərrüfatı sahəsində əsas məhsulu ailə təsərrüfatları istehsal edir. Əlbəttə, böyük aqrokomplekslər də lazımdır. Biz indi aqroparklar yaradırıq. Belə aqroparklardan biri Xaçmaz rayonunda, Yalamada, digəri Şəmkir rayonunda yaradılır. Amma kiçik fermer təsərrüfatları, ailə fermer təsərrüfatları da yaradılmalıdır.

İndi özünüməşğulluq proqramı icra edilməyə başlayır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə bu il bu işlərə start verilir. Mənim Sərəncamımla Prezidentin ehtiyat fondundan bu məqsədlər üçün 6 milyon manat vəsait ayrılıb. Yerli icra hakimiyyəti orqanları da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təkliflər versinlər. Müxtəlif sahələr - heyvandarlıq, bitkiçilik, arıçılıq sahələri üzrə ailə təsərrüfatlarının yaradılması nəzərdə tutulur. İsmayıllıda arıçılıq inkişaf edib və böyük perspektivləri var.

Mirdaməd Sadıqov: Bəli, cənab Prezident, İsmayıllıda ənənəvi sənət növlərindən biri də arıçılıq olub.

Prezident İlham Əliyev: İsmayıllı balı da çox keyfiyyətlidir. Biz statistikaya nəzər salsaq görərik ki, fındıq kənd təsərrüfatı məhsulları arasında ən çox valyuta gətirən məhsuldur. Ona görə də kütləvi şəkildə fındıq bağları salınmalıdır. İsmayıllıda bu, o qədər də geniş vüsət almayıb, azdır. Burada minlərlə hektar sahədə fındıq əkilməlidir, çünki iqlim də, torpaq da buna imkan verir. Həm fındıq əkənlər bundan xeyli fayda götürəcək, onlara böyük miqdarda pul gələcək, həm də ixrac edəcəklər. İsmayıllıdan Balakənə qədər olan bütün bu zonanın təbii şəraiti buna imkan verir.

Mirdaməd Sadıqov: Cənab Prezident, biz bu il 101 min ton taxıl verdik. Çox böyük göstəricidir.

Prezident İlham Əliyev: Məhsuldarlıq da yüksəkdir.

Mirdaməd Sadıqov: 36 sentnerə qədər artıb.

Prezident İlham Əliyev: Bizdə orta məhsuldarlıq keçən il 30 sentnerə qalxıb, əvvəlki illərdə 23 idi.

Mirdaməd Sadıqov: Özü də bizdə dəmyə şəraitində yetişdirilir.

Prezident İlham Əliyev: Dəmyə şəraitində yetişdirirsiniz. Amma əgər indi daha çox vəsait qoyulsa yeni texnologiyalarla 50 sentner də götürmək olar.

Mirdaməd Sadıqov: Bizim İvanovka kolxozu artıq o yoldadır və çox sağ olun ki, İvanovka kolxozuna böyük dəstək verdiniz. Onların borcları dövlət tərəfindən silindi. İndi kənddə bir nəfər də olsun işsiz adam yoxdur.

Rayon icra hakimiyyətinin İvanovka inzibati ərazi vahidi üzrə nümayəndəsi Olqa Jabina: Cənab Prezident, Sizi yenidən İsmayıllıda görməyimizə çox şadıq. Çox təşəkkür edirik.

Prezident İlham Əliyev: Sağ olun. Görürəm ki, siz İvanovkadansınız. Bütün ivanovkalılara mənim salamımı və xoş arzularımı çatdırın. Mən istəyirəm ki, sizdə hər şey yaxşı olsun. Həmişə necə yaşamışınız elə də yaşayasınız. Sizdə kolxozun bu günə qədər qalması, inkişafı onu göstərir ki, vacib deyil hansı forma olsun, - kolxoz, sovxoz, ya ferma, - əsas odur ki, insanlar çalışsınlar və onların işləmələri üçün şərait yaradılsın. Biz belə şəraiti yaratmağa çalışırıq.

Olqa Jabina: Çox sağ olun, biz Sizinlə fəxr edirik.

Rayon sakini Zaur Muradov: Möhtərəm cənab Prezident, bugünkü güclü, qüdrətli Azərbaycan dövlətinə görə Sizə minnətdarıq. İki gün bundan əvvəl keçirilən tədbirlər də bizim dövlətimizin gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdi. Biz Sizinlə qürur duyuruq.

Prezident İlham Əliyev: Sağ olun. Sizə uğurlar arzulayıram. Biz yenidən görüşəcəyik.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev İsmayıllıda velosiped istehsalı zavodunun açılışında iştirak edib [YENİLƏNİB] VİDEO

“Oğuz rayonu və tanınmış insanları” adlı kitabın təqdimatı olub

Fransada dövlət qulluqçuları maaş artımı tələbi ilə tətilə hazırlaşırlar

Mateuş Koxalski “Qarabağ”la vidalaşıb

Südabə Qazıyeva: Şəhidin adını hara gəldi yazmaq, şəklini yapışdırmaq onun əziz xatirəsinə layiq deyil

Voleybol üzrə Türkiyə millisi ardıcıl 2-ci dəfə Avropa çempionu olub

Premyer Liqa: “Turan Tovuz” “Sumqayıt”a, “Qarabağ” “Araz-Naxçıvan”a qalib gəlib

Şair-publisist Hidayət Səfərli: Şuşanın daşına boya çəkilməz

Tarixi irsin qorunması yalnız dövlətin deyil, hər bir insanın məsuliyyətidir ŞƏRH

Avropa Komissiyasının Prezidenti Qrenlandiyaya səfər edib

Xuraman Qənbərova: Şəhidlərimizin izini şəxsi yazılarla korlamaq yolverilməzdir

Çex arxeoloqları Qazaxıstanda sovet repressiyalarının izlərini araşdırırlar

Şəhid atası: Şuşanın qayalarına yazılan adlar o torpağın mənəvi dəyərinə kölgə salır

Əziz Şiriyev: Şəhidlərimizin xatirəsini qayalara adlar yazmaqla deyil, Qarabağı qorumaqla yaşatmalıyıq

Memar: Tarixi abidələrə ciddi nəzarət edilməlidir VİDEO

Memar: Tarixi abidələrə ciddi nəzarət edilməlidir VİDEO

Ağdamlı məktəblinin uğurları Türkiyə mediasının diqqətini çəkib

Bu saata olan əsas xəbərlər

Vüqar Əhmədov: Mədəni irs ümumbəşəri anlayışdır və onun qorunması tarixin qorunmasına töhfədir

Prezidentin sosial şəbəkə hesablarında dövlətimizin başçısının Hərbi Dəniz Qüvvələrində olması ilə bağlı paylaşım edilib VİDEO

Şəhid atası: Oğlum əsir düşməmək üçün canından keçdi, indi o qayalara ad yazmaq necə mümkün ola bilər?

Vətən müharibəsi qazisi: Şuşanın hər daşı tariximizin bir parçasıdır

Turizm eksperti: Tarixi və mədəni abidələrə zərər vurulması yolverilməzdir

Mürvət Əsgərov: Şəhidlərimiz adlarını daşlara deyil, qanları ilə tarixə yazdılar

İsveç mediası 18 yaşlı azərbaycanəsilli namizəd barədə yazır

Milli Məclisin sədri Amerika Birləşmiş Ştatlarında işgüzar səfərdədir

Şuşa döyüşlərinin iştirakçısı: Biz o qayalara tariximizi qanımızla yazmışıq

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sokolovda Milli Azlıqlar Festivalında Azərbaycan mədəniyyəti təqdim olunub

Turizm eksperti: Şuşanın qayalarında bizim adlarımız deyil, bu şəhərin öz tarixi qalmalıdır

Mədəni-tarixi abidələrimizə zərər vurmağa heç kimin haqqı yoxdur - AÇIQLAMA

Turizm məkanlarına münasibətdə ictimai məsuliyyət artırılmalıdır - ŞƏRH

Şəhid anası: Qəhrəmanlarımızın xatirəsini daşlara adlar yazılması ilə yaşatmamalıyıq

Şəhid qanı ilə yoğurulub Vətən olan torpağa, daşa niyə adımızı yazmaq zərurəti hiss edək ki?!

Razi İbrahimov: Tarix qayalardakı güllə izlərini artıq qəbul edib, həmin izlərə toxunmaq olmaz

Qazi Asim Əliyev: Şuşanın qayalarına yazı yazmaq yox, onun tarixini qorumaq lazımdır

Kiyevdə ABŞ Prezidentinin xüsusi nümayəndələri ilə danışıqlar aparılır VİDEO

Kiyevdə ABŞ Prezidentinin xüsusi nümayəndələri ilə danışıqlar aparılır VİDEO

Ehtiyatda olan zabit: Şuşanı sevmək onun qayalarına ad yazmaq deyil, hər daşını qorumaqdır

Oğuz ziyalısı: Şəhidlərimiz öz adlarını tariximizə və ürəklərimizə əbədi yazıblar

“Bu, sənət deyil, təbiətə müdaxilədir” - rəssam Cıdır düzündəki yazılardan danışdı

Dosent: Tarixi və mədəni abidələrə hörmət milli mənəviyyatımızın göstəricisidir

Cıdır düzündəki yazılara tarixçi-alimdən etiraz: “Bu, subkulturadır” VİDEO

Cıdır düzündəki yazılara tarixçi-alimdən etiraz: “Bu, subkulturadır” VİDEO

Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub VİDEO

“Cıdır düzündə qayalara ad yazılmasını düzgün qiymətləndirmirəm” - müharibə veteranı

Naxçıvanda zəncirvari qəza - 4 avtomobil toqquşub VİDEO

Naxçıvanda zəncirvari qəza - 4 avtomobil toqquşub VİDEO

Şəhid atası: Tarix yazan oğulların adını harasa yazmağa ehtiyac yoxdur

Sentyabrın 7-si üçün hava proqnozu: bəzi ərazilərə leysan və dolu düşəcək

Almatıda onkoloji xəstələr üçün robotlaşdırılmış aptek kompleksi istifadəyə verilib

Şəhid qardaşı: Şuşada hər daşın öz hekayəsi var

Etibar Hüseynova: Şəhidlərin xatirəsinə hörmətlə yanaşmalı, tarixi və mədəni irsimizi qorumalıyıq

“Orada oğullarımızın ayaq və qan izləri var, əlavə yazılara ehtiyac yoxdur” - şəhid anası VİDEO

“Orada oğullarımızın ayaq və qan izləri var, əlavə yazılara ehtiyac yoxdur” - şəhid anası VİDEO

Pərvin Kərimzadə: Şəhidlərin xatirəsi qorunmalı, tarixi irsimiz yaşadılmalıdır

Almaniyanın Saksoniya-Anhalt əyalətində parlament seçkiləri keçirilir

ADAU dosenti: Şəhidin adını daşın üzərinə yazmaq onu əbədiləşdirmir

Macarıstan istifadəsiz sənaye ərazilərini yaşayış məhəllələrinə çevirir

Sabah Bakıda hava kəskin dəyişəcək - yağış və güclü külək gözlənilir

Məktəb direktoru: Şəhidlərimizin adını daşlarda deyil, qəlblərdə yaşadaq

Deputat: Şuşanın qayaları xatirə dəftəri deyil, qan yaddaşımızın canlı salnaməsidir

Tural Gəncəliyev: Tarixi abidələrin qorunması ümumbəşəri məsuliyyətdir

Bu saata olan əsas xəbərlər

Şuşanın qayalarına yazılan şəhid adları ilə bağlı çağırış: “Bu, hörmət əlaməti sayıla bilməz”

Prezident: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb

Esvatininin Kralı Əlahəzrət III Msvatiyə

Tarixi-mədəni və təbii irsi qorumaq hər birimizin məsuliyyətidir ŞƏRH

Heykəltaraş: Daşın yaddaşına toxunmaq olmaz

Əlverişsiz hava yollarda vəziyyəti çətinləşdirə bilər - BDYPİ-dən xəbərdarlıq

QHT sədri: Tarixi-mədəni irsə qarşı hörmətsizlik qəbuledilməzdir

Vətən müharibəsi iştirakçısı: Qarabağın tarixi irsinə hörmətlə yanaşmaq hər birimizin borcudur

Şuşanın daş yaddaşına toxunmayaq

Cəsarət Hüseynzadə: Şuşanın divarlarına öz adımızı yazmağa deyil, onun adına layiq davranmağa borcluyuq

Ağdam rayonunda mina partlayışı baş verib

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Qazi: Şuşanın hər daşı, hər qayası xalqımızın keçdiyi ağır və şərəfli yolun canlı şahididir

Şəhid adı daşa yazılmır: Xatirəni əbədiləşdirmək, yoxsa milli irsimizə iz salmaq?

Turizm eksperti: Şuşaya gələn hər kəs bu şəhərin tarixi və mənəvi əhəmiyyətini dərk etməlidir

Balakən ziyalısı: Şəhidlərə olan sevgimizi qayalara deyil, qəlblərə həkk etməliyik

Solomon adalarında 5,8 bal gücündə zəlzələ olub

Qubada Beynəlxalq Şahmat Festivalı start götürüb

Dünyaşöhrətli alim Lütfi Zadənin vəfatından doqquz il ötür

İsrail Livanın cənubunu yenidən bombalayıb

Media: İran Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz aparatı vurub

Çində torpaq sürüşməsi baş verib: ölənlər var VİDEO

Çində torpaq sürüşməsi baş verib: ölənlər var VİDEO

Ukrayna ilə bağlı danışıqlara dair növbəti addımlar yaxın həftələrdə açıqlanacaq

ABŞ hərbçiləri Sakit Okeanda narkokartelə xidmət edən gəmiləri batırıb

V Haraldın dəfn mərasimində Britaniya Kralını şahzadə Uilyam təmsil edəcək

Almaniya Kansleri Fridrix Merts bəzi etiraflar edib

Pentaqon rəhbəri İranı hədələyib

“Phantom" tipli qırıcı təyyarə aviaşouda qəzaya uğrayıb

Müharibə əlili Tariyel Didarov: Tarixdə iz qoymaq istəyiriksə, ilk növbədə tariximizi qorumalıyıq

Peru hökuməti beş həbsxanada fövqəladə vəziyyət elan edib

Uşakov: Amerikalılarla danışıqlar konstruktiv keçib

İsrail ordusu Suriyanın bir sıra ərazilərini atəşə tutub

İran ordusu ABŞ-yə məxsus gəmilərə zərbələr endirib

Kreml görüşü 3 saatdan çox çəkib YENİLƏNİB

Yazıçı-publisist: Hər birimiz ölkəmizin tarixi-mədəni irsinə və milli yaddaşına hörmət etməliyik

Bundesliqa: “Bavariya” səfərdə xal itirib

Rəssam: Təbii mənzərəyə yad müdaxilə yolverilməzdir

Rusiya Prezidenti: Əmrimlə Kiyevə zərbələr dayandırılıb

İstanbul derbisi: "Fənərbağça" öz meydanında "Beşiktaş"a uduzub

Siyasi şərhçi: Mədəni irsin qorunması üçün ictimai məsuliyyət vacibdir

"Neftçi" öz meydanında "Şəfa"ya böyük hesabla qalib gəlib

Kinşasada toy mərasimində yanğın baş verib: 22 nəfər həlak olub