DÜNYA
ABŞ-a səfər etmək istəyən çinlilərin sayında 42 faiz azalma var
Pekin, 1 oktyabr, AZƏRTAC
ABŞ-a səfər etmək istəyən çinli turistlərin sayında ciddi azalma var.
AZƏRTAC “Chinadaily.com.cn” nəşrinə istinadla xəbər verir ki, Çin Xalq Respublikasının yaranma günü (1 oktyabr) münasibəti ilə 7 günlük bayram tətili müddətində Çindən Birləşmiş Ştatlara səyahət üçün təyyarə bileti satışı ötən ilin eyni günləri ilə müqayisədə 42 faiz azalıb.
Çinlilərin “Qızıl həftə” adlandırılan bayram tətilində xaricə səfər etməsi son illər populyarlıq qazanıb. Çinli turistlərin əsas maraq göstərdiyi ölkələr siyahısında ABŞ ilk sıralarda olub. Lakin mütəxəssislər hesab edir ki, ABŞ-ın Çin məhsullarına əlavə tariflər tətbiq etməsi ilə yaranmış ticarət müharibəsi Birləşmiş Ştatların turizm sənayesinə mənfi təsirini göstərməyə başlayıb. Cari ilin ötən dövründə Çindən ABŞ-a təyyarə biletlərinin alışında 16,7 faiz azalma müşahidə olunub.
ABŞ tərəfinin rəsmi statistikasına əsasən, 2016-cı ildə Çin vətəndaşları ABŞ-da şoppinq, gecələmə, səyahət və digər sahələrə ümumilikdə 34 milyard ABŞ dolları xərcləyiblər.
Qeyd edək ki, Dünya Turizm Təşkilatının məlumatına əsasən, son 6 ildə xarici ölkələrə turist kimi ən çox səfər edənlərin sayına görə çinlilər birinci yerdədir. Ötən il 130 milyona yaxın çinli xaricə turist kimi səfər edib. Qlobal turizm gəlirinin 15 faizə yaxını çinli turistlər tərəfindən təmin edilir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin